Qasım Hacıyev: “Papanın narahat olmağının heç bir əsası yoxdur”
30 il erməni dəyirmanına su tökməklə məşğul olanlar bu yanlış addımlarını yenə də davam etdirirlər. Elə populyar fiqurlar erməni yalanını müdafiə edirlər ki, bu onların nə statusuna, nə də şəxsiyyətinə yaraşır. Götürək elə, sülhü təşviq etməli olan Roma Papasını. O heç bir vaxt ermənilərin yalançı mövqeyini dəstəkləməkdən yorulmayıb.
Azərbaycanın haqq səsinə sükutla yanaşan Papa, heç bir əsas olmadığı halda, Qarabağdakı monastırların dərdini çəkir. Belə ki, Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü xütbəsini bitirdikdən sonrakı çıxışında Roma Papası Fransisk Qarabağda monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırıb. Papa deyib ki, Qarabağdakı “böhranla” bağlı narahatlığı səngiməyib. Azərbaycanın 1 milyondan artıq məcburi köçkününü “görməyən” Papa qondarma “qaçqınlar” şousuna qoşulub. “Azərbaycana mən bu regionda monastır və ibadət yerlərinin qorunması üçün xüsusi müraciət etmək istərdim.
Ümid edirəm ki, onlar yerli mədəniyyətin bir hissəsi, imanın ifadəsi və fikir ayrılıqlarına baxmayaraq, birlikdə yaşamağı mümkün edən qardaşlığın əlaməti kimi hörmət və qorunacaqlar”-deyib.
Ermənipərəst Papa Azərbaycan əraziləri işğalda olduğu dövrlərdə ermənilərin Azərbaycan məscidlərinin dağıtdığını, onları təhqir etdiyini, donuz damına çevirdiyini niyə görmürdü? İşğal dövründə 67 məscidə qarşı ermənilər tərəfindən vandalizm aktı törədilib, onlar mundarlanıb, təhqir edilib. İslam abidələrinə dünyada analoqu olmayan təhqiramiz davranışlar sərgilənib, bunları erməni vandalları edib, amma Roma kilsəsi buna reaksiya verməyib. Amma indi Vatikanda oturub Azərbaycana çağırış edir ki, monastırları qoruyun.
Papanın narahatlığına heç bir əsas yoxdur. Biz öz torpaqlarımızdakı abidələri onlara dini mənsubiyyət fərqi qoymadan qoruyuruq. Digər tərəfdən də, bizim ərazidə erməni dini abidəsi yoxdur.
Onu da bildirək ki, oktyabrın 5-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirilmişdi ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.
Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 kafedral və 1 kilsə qorunur.
Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır. Bunu da ona görə xatırlatdıq ki, ermənipərəstlər əndişələrinin yersiz olduğunu görsünlər.
- “Müsəlman məscidlərinə qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını görə bilməyən Papa necə olur ki, hansısa uydurma təhlükədən danışır, monastırların “vəziyyətindən” əsassız narahatlıq ifadə edir?”
AMEA-nın Qafqazşünslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Roma Papasının “monastır narahatlığı” yersizdir və o, dini lider kimi başqa yolu tutmalı idi. “Hələ 44 günlük Vətən müharibəsi dövründə xaricdəkilər hay-küy salırdılar ki, Qarabağda xristian abidələrinə qarşı guya hansısa vandalizm var, onlar dağıdılır və sair. Bilirsiz ki, bunlar hamısı yalandan başqa bir şey deyil. Qarabağda Azərbaycan tərəfindən heç bir xristian abidəsinə toxunulmayıb. Bilirsiz ki, bütün abidələr kimi onlara da qayğı yüksək səviyyədədir. Qarabağdakı xristian abidələrin, kilsələrin, monastırların heç birinin ermənilərlə bağlılığı yoxdur, onlar qədim alban irsinə aiddir. İşğal dövründə ermənilər müsəlman irsi ilə yanaşı alban xristian irsinə də divan tutub. Bunu siz çox yaxşı bilirsiniz. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə, Qarabağdan ermənilərin könüllü köçü ermənipərəst qüvvələrin çirkin niyyətlərinə zərbə vurub. Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri onları ciddi narahat edir. Xristian dünyasını narahat edən nə xristian abidəsidir, nə də ermənilərin köçü, onların narahatlığına Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etməsi səbəb olub. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə dalğalanır, erməni yanlıları da əndişəyə salan bu oldu, çünki bütün planları alt-üst oldu”.
Q. Hacıyevin sözlərinə görə, 30 ildə ermənilər alban abidələrini erməniləşdirməyə cəhd ediblər, bununla yanaşı orada qondarma tikililər inşa ediblər, bu isə onların tarixi irsi sayıla bilməz.
Papanın bəyanatına gəlincə, Q.Hacıyev qeyd etdi ki, abidələrin birinə də zaval gəlməyib, amma xristian dünyasında bəziləri “təhlükədən” danışır, bu da əsassızdır. “Roma Papasının da əsassız narahatlığı bir daha sübut edir ki, onlar çox güclü xristian həmrəyliyi nümayiş etdirirlər. Təsəvvür edin ki, ermənilər xristian monastırlarının guya “təhlükədə olması” xəbərini birbaşa Vatikana çatdırırlar, Roma Papası da erməni yalanına uyub reallıqdan uzaq bəyanat verir, çağırış edir.
Neçə il Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldı, şəhərlərimiz, kəndlərimiz, abidələrimiz dağıdıldı, muzeylərimiz talandı, ərazilərimiz mina tarlasına çevrildi, amma biz Roma Papasının Ermənistana hər hansı bir çağırışının şahidi olmadıq. Müsəlman məscidlərinə qarşı Ermənistanın törətdiyi vandalizm aktlarını görə bilməyən Papa necə olur ki, hansısa uydurma təhlükədən danışır, monastırların “vəziyyətindən” əsassız narahatlıq ifadə edir? Bu çox təəccüblü görsənir. Maraqlıdır ki, Azərbaycanla bağlı məsələlərə göz yumanlar qondarma erməni iddialarına dəstək çıxırlar.
Bakının mərkəzində erməni kilsəsi var, onun bir çöpünə də toxunulmayıb, amma ermənilər bizim bir dənə məscidimizi də salamat qoymayıb.
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Qarabağ həmişə Azərbaycanın olub, buradakı abidələr də, digər tikililər də Azərbaycanındır. Hələ qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin vaxtında da o ərazilərdə bütün tikinti quruculuq işləri Azərbaycan Respublikasının vəsaiti hesabına aparılıb. Bundan sonra da elə olacaq. Odur ki, o ərazilər həmişə Azərbaycan dövləti tərəfindən inkişaf etdirilib. Dediyim kimi, oradakı xristian abidəsi də Azərbaycan xalqına məxsusdur. Bunun ermənilərə nə aidiyyəti var? Əgər Papa Qarabağdakı dini abidələrin dərdini, qəhrini çəkirsə, onlardan narahatdırsa, qətiyyən yersiz narahat olmasın. Biz bu abidələri öz xalqımız yaratdığı üçün tarixlər boyu qoruyub saxlamışıq, mühafizə etmişik, bir daşına, ağacına belə toxunmamışıq. Papanın az da olsa insafı, obyektivliyi varsa, özü yaşlıdır gələ bilməsə də, nümayəndəsini Qarabağa göndərsin. O vaxt dedilər UNESCO-nun nümayəndələri gələcək, gəlmədilər. Gec deyil, Papa indi də nümayəndə göndərə bilər. Onun nümayəndəsi bölgəyə gəlsin və Qərbi Azərbaycanda bizim dini abidələrə tutulan divanı görsün, Qarabağda müsəlman abidələrinə qarşı edilən vandalizmin izlərini müşahidə etsin. Qərbi Azərbaycanda məhv edilən abidələrin, məscidlərin şəkilləri var. Qarabağda qoç daşlardan nişan daşlara qədər hamısını ermənilər ya dağıtdılar, ya da Ermənistana daşıyıb apardılar. Belə şeylər var. Ona görə də, Papanın narahat olmağının heç bir əsası yoxdur, orada nə qədər xristian abidəsi varsa onlar Azərbaycan xalqına məxsusdur, ulu babalarımız yaradıb. Ona görə də biz onları qoruyacağıq, kim də istəyir, Azərbaycan dövlətinin icazəsi ilə onları ziyarət edə bilər. Elə Papanın özü də gəlib onları ziyarət edə bilər, təbii, əgər istəyərsə”-deyə Q. Hacıyev əlavə etdi. /baki-xeber.com/
araz.az xəbər portalı.
araz.az xəbər portalı.