BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını Ermənistandan tələb edib. 

araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Açıqlamada, həmçinin qeyd olunub: “Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim etmişdir. Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak etmişdir.

İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat vermiş və Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırmışdı.

Bu günlərdə Komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc etmişdir. İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapmışdır.

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırmışdır.

Komitə həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirmiş və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb etmişdir.

Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.