2DC95D0C 32CF 401F 8014 7C668A0D6DA0

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası ilk medalını təmin edib.

Həmin medalı cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində finala yüksəlməklə əldə edib.

On beş yaşlı idmançı ilk görüşündə yəmənli Əhəd əl-Sağırı, 1/4 finalda tacikistanlı Camşed Süleymonini, yarımfinalda isə dominikanlı Antonio Tornalı üstələyib. Finalda onun rəqibi rusiyalı Abrek Naquçev olacaq. Bu görüşün nəticəsindən asılı olmayaraq, Talıbov ən azı gümüş medalı özünə təmin edib.

Azərbaycanın qadın cüdoçusu Vüsalə Kərimova isə 7-ci yeri tutub. 44 kq çəkidə yer alan Kərimova ilk görüşündə bolqarıstanlı Aleksa Georgiyevaya 22 saniyəyə ipponla qalib gəlsə də, 1/4 finalda xorvatiyalı Viktoriya Pulyiçə uduzub. O, bürünc medal uğrunda ilk təsəlliverici görüşdə butanlı Yanqçen Vanqmonu 28 saniyəyə ipponla üstələyib. Lakin növbəti qarşılaşmada yeniyetmə cüdoçunun qarşısını kosovolu Erza Muminoviç kəsib.

Qeyd edək ki, olimpiadada Azərbaycanı ümumilikdə 17 idmançı təmsil edir.

***

Azərbaycan cüdoçusu Vüqar Talıbov Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olub.

Məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən 15 yaşlı idmançı finalda rusiyalı Abrek Naquçevi 2 dəqiqə 3 saniyəyə ipponla məğlub edib. Bununla da Talıbov Buenos-Ayres olimpiadasında ilk qızıl medalın sahibi olub. O həm də yeniyetmələr arasında olimpiya çempionu olan ilk cüdoçu kimi tarixə düşüb. Daha əvvəl 2014-cü il Nankin olimpiadasında Leyla Əliyeva (44 kq) və Natiq Qurbanlı (55 kq) gümüş medal əldə etmişdilər. (axar)

araz.az xəbər portalı.