Müsahibimiz 80-ci illər hadisələrinin öndərlərindən və Xalq Hərəkatında xüsusi rolu olan Nəsir Ağayevdir. Bu məmləkətin Azadlığı üçün çarpışmış, gecəsini gündüzlərə qataraq meydanlarda, qaynar nöqtələrdə, qızğın disskusiyalarda keçirmiş Nəsir bəyin bu günki baxımsızlığı, deyərdim ki, unudulması qəlbimizi ağrıtdı. Həyatını çarpışmalarda keçirən Nəsir bəy bu gün xəstəliklərlə çarpışır. Zamanında bütün liderlərin görüşməyə can atdığı bu insan unudulmamalıdır. Hətta böyük siyasətçi Heydər Əliyev də hakimiyyətə gəldiyi zaman onunla görüşüb…
Vətənimizin keşməkeşli bir dövrünün canlı səlnaməsiylə sizləri baş-başa buraxırıq…
– Tarixə ekskursu Qorbaçovun “Yenidənqurma” adlanan məlum 1985-1988 – ci illərdən başlayaq. Düşmənin xəyanətlərindən diksinmiş xalqımızın böyük əksəriyyəti pambığını yığır, kommunist olmaq üçün “rüşvət” verir, pul qazanmağa çalışırdılar. Yoxsa bu fonun arxasında görünməyən dissident meylləri vardı?
N. A. – Mən bu tarixi, hələ 3 il də önə çəkərdim. Evin bünövrəsi nə qədər möhkəm olsa ev bir o qədər möhkəm olar. 1982-ci ildə məni Əzizbəyov rayon DTK-sına çağırdılar. İşi Mahmud Məmmədquliyev aparırdı. Dindirmədə Əzizbəyov rayon DTK- nın sədri Fərəc Babayev və Maştağadan olan Ağabala Manafov da iştirak etdilər. Bunlar məni 4 il idi dindirirdilər. M. Məmmədquliyev gələndə bu artıq 5-ci dindirmə idi və iş bununla yekunlaşdı.
Mənə dedilər ki, özünün də dövlət hüququndan xəbərin var. Ədliyyədə kurs bitirmisən. Özün də dövləti cinayətlə məşğul olursunuz? Mən bildirdim ki, biz ədalət axtarmışıq. Amma ədalət axtaranların səsi başqa yerlərdən gəlir. O dövrdə Mərkəzi Komitədə klanların hakimiyyət uğrunda mübarizəsi gizli yolla da olsa gedirdi. Azərbaycanda əsas problem milli dilə ögey münasibət, Azərbaycanın cənublu, şimallı olması, Azərbaycan türklərinin öz ölkəsində hüquqsuzluğu, milli bayramları səssiz-sədasız keçirilməsi idi. Bunlar bizə təsir edirdi. Ona görə də Novruz bayramını dəbdəbəli keçirmək, Şıxəli Qurbanovun məzarını ziyarət edib şam yandırmaq, səmənilər qoymaqla elə düşünürdük ki, biz qəhrəmanlıq etmişik. Çünki bundan artığını biz düşünə bilmirdik. Hətta Təbrizin,Cənubi Azərbaycanın adını çəkmək və Bakıda İskra küçəsində yerləşən Demokrat partiyasının üzvləri ilə görüşmək təhlükəli idi. Yəni bu onu göstərir ki, Azərbaycanın siyasi ariyentasiyasını SSRİ və Kommunist partiyası müəyyən edirdi. Onlar milli nə varsa onun əleyhinə idilər. Onlar bizə də Sovet xalqı kimi baxırdılar və milli ideologiyanın, milli düşüncənin əleyhinə idilər.
– Bakı və Kəndlər Birliyi hansı zərurətdən yarandı? O Milli Hərəkata qoşulmaq üçünmü yaradıldı, yoxsa Bakı kəndlərini birləşdirmək üçünmü?
N. A. – Məqsədimiz Milli Azadlıq hərəkatına dəstək vermək idi. Nizamnaməmizdə yazılıb ki, bizim təmsilçimiz AXC-nin Ali Məclisində təmsil olunuruq. Çünki milli dövlətin qurulması üçün hər kəsin səfərbər edilməsi vacib idi. Ona görə də bu fikrə düşdük. Məqsədimiz bütün Azərbaycan kəndlərini Bakı ətrafında birləşdirmək idi. Birlik bir neçə mərhələdən keçdi. Öncə Bakı kəndlərində “Aydınlıq” yarandı və ziyalıları ətrafa yığdıq. Gördüm ki, siyasi təşkilatla mümkün deyil. Sonra Şəhriyar poeziya günləri təşkil etdik. Balaş Azəroğlu, Sabir Rüstəmxanlı, Səməd Behrəngi, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Novruz Gəncəli və başqa yazarların haqqında Buzovnada tədbirlər keçirməyə başladıq. Şəhriyar poeziya günləri bütün Azərbaycana səs salmışdı. Orta məktəblərdən də buraya dəvət edirdik. Niyazi Nəcəfova Allah rəhmət eləsin, o kişiyə çox əziyyət vermişəm. Bu günlərin keçirilməsində məqsəd milli mədəniyyətin təbliğiylə milli ruhun oyanışı ilə bağlı idi. Birinci tədbirə Xəlil Rzanı, Söhrab Tahiri, Qulam Təbrizlini, Alı Mustafayevi, Abşeron şairlərindən Hacı Maili, Maştağadan Təyyarı, geoloq olan qəzəlxan vardı onu çağırmışdıq.
Bilirsiniz, siyasətdə xalq parçalanır, amma mədəniyyət xalqı birləşdirir. Alim Qasımov bir Çahargah oxusa, 50 siyasi partiyadan olan şəxslərdən kimsə müxalif olmadan dinləyib feyziyab olarlar. Amma bir siyasi mənsubiyyəti olan adamı ora çıxar gör nə qədər müxtəlif fikirlər səsləndiriləcək. Bütövləşməyi, birləşməyi kimsədən deyil, öz mədəniyyətimizdən öyrənməliyik.
– Yəni gələcək hərəkat üçün zəmin vardı. O dövrün siyasi və milli arenasında daha çox Oqtay Eldəgəzin, Xudu Məmmədovun, Bəxtiyar Vahabzadə və başqalarının adı çəkilirdi. Amma hərəkat zamanı bu nəhənglər arxa plana çəkildi və kimsənin tanımadığı, hətta kommunist prinsiplərinə də uymadıqları halda deputat seçilən adamlar ortaya çıxdı. O vaxtlar çoxları bu “liderləri” torba ilə sallanmış liderlər adlandırırdılar. Sizcə bu təsadüfənmi belə oldu?
N. A. – Əsas Əmircan (Xilə) kəndindən olan Oqtay Eldəgəz, Xudu Məmmədovla, Bəxtiyar Vahabzadə ilə dost idilər və bu yolun öndərləri idilər. O vaxtlar Xəlil Rza ilə kim görüşürdüsə tutub sorğuya çəkirdilər. Onun getdiyi yerlərdə təhlükəsizlik tədbirləri və gəlişinin qarşısını almaq üçün müqavimət, maneçilik nəzərə çarpmadan həyata keçirilirdi. Bəxtiyar Vahabzadənin qələmə aldığı “Gülüstan” poeması milli oyanışa güclü bir təkan verdi. O əsəri o dövr üçün milli oyanışın manivellası saymaq olardı. Bu gün nə deyilməsindən asılı olmayaraq o əsərin yazılması və yayılması bir qəhrəmanlıq idi.
Bir faktı xatırladım. 1970-ci ildə Nəriman Nərimanovun 100 illiyini keçirmək qərarına gəldik. Razılıq alsaq da tədbirə satqın Şaumyanın oğlu marksizm-Leninizm inistitunun rəhbəri Levon Şaumyan böyük maneçilik törətmək istədi. Bu gün də Nərimanovu 1923-cü ildə Zəngəzuru, Göyçəni verməkdə günahlandırırlar. Amma o vaxtlar Azərbaycanın KP MK-nın I katibi S. M. Kirov (24.07.1921-20.01.1926) olub. Yəni Nərimanov öz günahını anlayaraq ziyalıları qorumağa çalışması fakt idi. O, şəhərdəki evini qoyub Mərdakana köçmüşdü və o, bilirdi ki, Bakı əsarətdə olan paytaxtımızdır. Anladı ki, Bakı idarə edənlər üçündür, çünki onu bu siyasi xəttdən kənarda saxlamağa çalışırdılar. Bu gün onu hədəfə alanlar tarixi reallıqları nəzərə alsalar və özlərini Nərimanovun yerinə qoysalar, nə edəcəklərini düşünsünlər.
1984-cü ildə ilk dəfə olaraq Mərdəkanda Muğam gündüzləri keçirmək qərara alındı. Yəni yarış, gənclərin yarışı (İndiki Muğam müsabiqəsinə uyğun-Fedai.az). Müsabiqəyə baş məsləhətçi kimi, muğam bilicisi Nəriman Əliyev, bəstəkar Ağabala Əliyev və bu qəbildən oan musiqiçilər cəlb edilmişdilər. Müsabiqənin senarisini isə mən yazmışdım (zarafatla özünə “bəndeyi həqir” deyə isnad verir-red.).
Bu tədbirə məsul şəxs kimi Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi Məzahir Əhmədov idi. Ukraynada təhsil almışdı. Onun vətənpərvərliyi və təşklatçılıq qabiliyyəti vardı. Raykom deyir ki, gətir görüm bu tədbirin iştirakçıları kimlərdir? Açıb siyahını adları oxuyanda deyir: “Ağayev Nəsir”…
Raykom deyir: “A kişi, 20 gündür təyin olunmusan, onu tanıyırsan, heç bilirsən, bu adam, kimdir? O təhlükəli adamdır. Bizi qoymayacaqsan işləyək?”
– Bəy, bu proseslərdə özünü “xalqın lideri” elan edənlərlə rastlaşdınızmı?
N. A. – Xeyr, heç biri ilə rastlaşmadım. Mən olanı deyirəm. Yalnız N. Nərimanovun 70 illiyinə mənim təklifimlə Əbülfəz Əliyevi (Elçibəy) dəvət etmişik.
Bir fakt deyim ki, Buzovnada ilk mitinq olan Aşağı məscidin qabağında olub. Məscid söküldü, yenidən tikildi. Oxuduğum məktəb yerlə yeksan eildi. Dərs dediyim məktəb söküldü və yerində yeni gimnaziya tikildi. Sonrakı mitinqlər keçirilən Malikin klubu deyilən klub yerlə yeksan edildi. Yəni oxuduğum məktəb, dərs dediyim məktəb, tədbir keçirdiyim məkanlar, mitinq keçirdiyim yerlər hamısı sökülüb. Çox maraqlıdır.
***
– Nəsir bəy 80-ci ilərin sonunda müəmmalı bir məqmı var. Bu gün də çoxları bu sualın cavabını tapa bilmirlər. Öncəki Azərbaycan SSR Ali Sovetinin deputatları, tam siyahı üzrə sağıcılar, pambıqçılar, fəhlələr, partnomenklatura, akademiklər, xalq yazıçıları və kommunizmin diğər kölələrindən təşkil edilən Ali Sovetin XII çağırış deputatları sırasına 1990-cı ildə qəflətən cəmiyyətdə Azadlıq-Lenin meydanından başqa bir nailiyyətləri olmayan, o vaxtın deyimi ilə desək meydana da “torbayla endirilən” şəxslər deputat seçildilər. Yəni mübarizə apardıqları kommunist rejimin mahiyyətini dəyişmədən onun bir qolu olan qondarma parlamentin üzvləri seçildilər. Yəni, AKP-280, AXC-45, bitərəf-15, vakant yerlər-20 nəfər olan bir parlamentin 360 nəfərlik çoxluğunun içinə bu sayla düşmək sizcə nə deməkdir? Sualımız bir qədər uzun çıxdı, amma bu siyahıya Lefertova “istirahətindən” dönən Etibar Məmmədov və Rəhim Qazıyevin yeri belə “bron” edilmişdi. Sizcə bu təsadüf idimi? Yoxsa bir DTK sifarişi idimi?
N. A. – Ola bilər. Bu adamlar isə bir-birinə bağlı adamlar idilər. Millətin bütövlüyünü istəmirdilər. Didişməyə və parçalanmağa meyilli idilər. O vaxtlar Nemət Pənahova bir inam oldu və bu cəmi 20 gün çəkdi. Ola bilsin ki, razılaşma olub. Yəqin ki, razılaşıblar. O vaxtlar mən də fərdi qaydada öz namizədliyimi vermişdim. Bu yolda xeyli mübarizə apardım. Amma Niyazi Nəcəfov öz əsabələrini çağırıb demişdi ki, əgər Nəsir Ağayev deputat seçilsə, mən ərizəmi yazıb çıxıb gedəcəm. Keçsə, vay sizin halınıza! Ona görə də ona imkan verməyin. Çünki mənim xarakterimi bilirdilər…
– Bəy, bir az da dəqiqləşdirək. Söhbətin əvvəlində adi mədəni-kütləvi tədbirlərin üstündə sizi neçə illər incidiblər. Bu adamlar isə heç kimdən incik deyildilər və bir gün meydana çıxırlar. Primitiv bir DTK oyununu xatırladan bir mənzərədir. Bu gün də bunun üzərinə gedilmir. yasaq bir mövzu olduğu üçün o günlərin canlı şahidi və mübariz insanı kimi bu məsələyə aydınlıq gətirmənizi istəyirik…
N. A.- Bilirsiniz, o vaxtlar DTK-nın bunları müdafiə etməsi ilə bağlı belə bircə faktla rastlaşdım. Adını da çəkə bilərəm. O zaman Pirallahıda işləyən Çingiz Fərəcov vardı. O, bizə dedi ki, bəzi hərəkat üzvlərinə kömək etməliyik. Bu işin vacib olduğunu və onlara kömək etməyimizi xahiş etdi. Mən etiraz elədim. Amma gördüm k, bu adamlar işləyirlər, hər yerlə əlaqələri var.
Amma mən AXC Ali Məclisin və Rəyasət Heyətinin üzvü idim. İnancımız Vətənin azadlığa qovuşması və milli dövlətimizin qurulması oduğuna görə belə nacinsliklər, şəxsən mənim ağlıma gəlmirdi. Biz hər şeyə təmiz baxırdıq. Hər kəsi də öz qəlbimizlə ölçürdük. Belə adamlar var idi, amma onlardan şübhələnmək üçün gərək güclü ətrafın olaydı. O saat güclü müqavimətlə, kompramantlarla üzləşirdin. Məsələn, mən bunu Canbaxış Umudovun timsalında izah edim. Əslən Bakının Pirşağı qəsəbəsindən idi. Ona qarşı Nemət Pənahovun etdiklərini xatırlayın. Milli Hərəkatın yaranışında iştirak etmiş bir alim idi. Ukraynada işlədiyi zaman ukraynalı ilə evlənmişdi və hər şeyə təmiz baxan birisiydi. Ona qarşı az qala Ali irqçi , Ari nəzəriyyəsinə uyğun səs-küy qaldırdılar. Guya hər kəsin əcdadlarını axtarırdılar, amma hər kəsin əcdadları bu gün ortadadır. Bu yolla sən demə xalqı çaşdırmağa çalışırmışlar. Bu adamları da hər kəs yaxşı tanıyırdı.
– AXC hakimiyyətinin 1 illik dövrünün sonuna doğru Siz də bu hakimiyyətə müxalif oldunuz. Niyə onlar cəmi 1 il hakimiyyətdə qala bildilər?
N. A. – Bizi hakimiyyətə gətirən xalq istədiyini tez almağa çalışdı. Səbrsizlik elədilər. Bir ağac əkib 20 il onun məhsul verəcəyi günü gözləyirik. Amma xalq 20 ildə gözlədiyini 1 ildə əldə edə bilməyincə narazılıq yarandı. Çünki vədlər də düz verilməmişdi. Neft kontraktının vaxtında bağlanmaması, Azərbaycanın iqtisadi əlaqələrinin qurulmaması, iqtisadi dövrüyyənin beynəlxalq çıxışının olmaması, yəni qapalı olması çöküşün başlıca səbəblərdən idi. Yaranmış qıtlığa xalq dözmədi. Etirazlar söyüşlə başladı. Bu narazılıqdan da Azərbaycan xalqının düşmənləri məharətlə istifadə elədilər. Milli dövlətin qurulması tarixən ağrılı keçən bir tarixi prosesdir. Milli dövlət tarixin yetirməsidir. O, hər zaman yetişə bilməz, mövcud ola bilməz. Onu qorumaq lazımdır. Kimi həyatını verməklə, kimi ömrünü verməklə, kimi də öz mübarizəsini bu yola həsr etməklə onu qorumalıdır. Biz niyə, bu günədək səbr edirik? Çünki artıq xalq, milli dövlətin varlığını anlamaqdadır. Nə qədər neqativ hallar olsa da, monopolist adamlar olsa da, xalq bu dövlətin bir gün daha yaxşı olacağına ümid edir. Milli dövləti qorumaq hər bir vətəndaşın ümdə vəzifəsi olmasını aşılamaq lazımdır.
– Dövlətə qarşı qiyam Qarabağa sırınan və peyda olması bu gün də müəmmalı olan qondarma “qəhrəman” Surət Hüseynovun adıyla bağlıdır. Qarabağda hansı xəyanətin altını qazsan oradan Surətin əlcəyini taparsan. Bizdə olan məlumata görə Siz də S. Hüseynova dəstək olmusunuz? Deyilənlərə görə onun adamları ilə də Bakıda görüşmüsünüz?
N. A. – Surətin adamları mənim yanıma gələndə mən Temir Quliyevin bağında müalicə alırdım. Mənim yanıma gəldilər. Onlardan biri Surətin kəşfiyyat hissəsinin bölmə komandiri Babayev Namus Zəhmət oğlu idi. Mən onu keyfiyyətcə adının tərs mənasında tanıyırdım. Onu yaxşı tanıyırdım və əxlaqi keyfiyyəti aşağı birisiydi. Yanında da Lotu aləmində fərqlənən buzovnalı birisini götürüb gəlmişdi. Uşaqlar onları tərk-silah elədilər. Sonra mənim yanıma gətirdilər. Mənə dedilər ki, Surət deyir ki, mən Bakıya hücum edəndə onlara qarşı çıxmayaq, müqavimət göstərməyək. Onlara dedim ki, siz nə danışırsınız? Məhəllə davası gedir? Dünya tarixindən xəbərsizsiniz? Dövlətə qarşı silah qaldırmaq nə deməkdir?
Milli Məclisi yığıb bir səlahiyyətli adamla danışdım. Dedi ki, sən həmin adamların adını ver Gözəl Dəmirova (Türkiyədə E. İsmayılovu qətlə yetirən polis məmuru-red.). Adamları göndərdim ki, gedib Surətin adamlarını tərksilah etsinlər. Amma heç bir hərəkət etmədilər. Bizim uşaqlar-Mehmangil, onların hərəkətsizliyini görüb geri qayıtmışdılar. Bizi aldatdılar. Sonra Gəncəyə getməyə qərar verdim. Artıq iyunun 17-də yola çıxdıq…
Şıxovda Surətçilərin postunda sürücüm Vaqiflə məni saxladılar. Dinozavra oxşar birisi yaxınlaşıb maşının baqajını açdırıb yoxladı. Məni tanımadığına sevindim. Bir az gedəndən sonra böyük postda saxlatdılar. Hələ bizi tanımadan qışqırırdı ki, görün biz bəylərin başına nə oyun açacağıq, nə divan tutacağıq, falan, filan. Bizi yoxlayıb buraxdılar. Amma yol boyu üzü Bakıya istiqamətlənən Qradlar, toplar və digər texnikalara baxanda ürəyim ağrıdı. Belə çıxırdı ki, Azərbaycanın min bir əziyyətlə qurduğu “milli ordusu”, düşmənə deyil, ölkənin paytaxtına hücum edib. Bu faciə idi, hələ də bu xəyanətin miqyasını dərk etməyən qanı pozuqlar var. Onlar bu işə böyük pulların hesabına qol qoymuşdular və bu gün bu xəyanətkarlar bizlərdən yaxşı yaşamaqdadırlar.
Ürəyim ağrıya-ağrıya Gəncəyə çatdıq…
***
– Bəy, bu adamların bu hərəkəti təkcə Vətənə xəyanət deyil, bizə görə tam erməni-rus koalisiyasına köpəklik etmək kimi xarakterizə edilməlidir. Çünki Vətən uğrunda savaşan əsgər Vətəninə güllə ata bilməz. Canından keçər, amma dövlətinə qarşı gəlməz. Siz necə xarakterizə edərdiniz?
N. A. – Tamamilə razıyam. Dedim axı, bunlar bu işə görə külli miqdarda pul almışdılar və bu gün də o pulun hesabına yaxşı yaşasyırlar. Onların başı nə bəlalar da çəksələr də bu gün bizlərdən yaxşı yaşayırlar.
Gəncəyə çatan kimi uşaq xəstəxanasının baş həkimi vardı Çingiz bəyin evində getdim. Ona dedim ki, sən əlaqə yarat Hacı Vaqiflə onunla görüşüm. Hacı Vaqiflə Bakıda görüşüm olmuşdu. Azərbaycançılığa görə görüşmüşdük. Bizim buna görə münasibətlərimizdə bir istilik vardı…
– Gəncə – Bakı dostluğu adıyla görüşlərinizin olması da deyilıir…
N. A. – Bəli, bizim Gəncədə yaranmış “Elsevərlər” adlı təşkilatla əlaqələrimiz olub. Aramızda müqavilələr vardı. Bu cür işləri bütün Azərbaycanda aparmaq fikrindəydik. Hətta ölkəmizdə yaşayan etnik qruplarla da eyni tipli müqavilələr bağlamağı planlaşdırırdıq. Çünki yeni yaranmış bir dövlətdə bu cür ideoloji iş aparmaq vacib idi.
Mən Gəncədə Hacı Vaqiflə görüşdüm. Söhbətləşdik. Sonra Vaqif dedi ki, istəyirsən səni Surətlə görüşdürüm. Soruşdum ki, onun yanında kimlər var? Dedi ki, Nemət Pənahlı, Şadman Hüseyn və Aypara Əliyev onun yanındadırlar. Dedim ki, mən onunla görüşə bilmərəm. Sonra selektorla zəng etdi ki, bəs Nəsir bəy də buradadı. Bizi də mitinqə çağırdılar. Mən təcili Bakıya qayıtmalı olduğumu deyib mədəni surətdə görüşdən imtina etdim. Mən burada vaxt itirməyə heç bir lüzum görmürəm. Anladım ki, məqsədi müəyyənləşməyən bir mitinqdə müəyyən rol oynamaq qeyri-mümkündü. İmtina edib üz tutdum Bakıya.
– Bakı və Kəndlər Birliyinin də o vaxtlar Surətin qiyamçı dəstələrini tərk-silah etmək üçün hərbi dəstələr yaratması barədə danışırdılar. Bəs niyə heç bir hərəkət etmədiniz, hətta sizin buna qarşı çıxdığınız deyilir?
N. A. – Azərbaycanda böyük oyunlar gedirdi. Ona görə mən buna imkan verə bilməzdim. Çünki ölkə daxilindəki təxribatçı qruplar belə bir məqam gözləyirdilər ki, bunu vətəndaş müharibəsi, yaxud da Bakı-Gəncə “müharibəsi” dövrəyə buraxılacaqdı. Çünki bu cür mürəkkəb situasiyada silahlı qarşıdurmaya getmək olmazdı. Bakı kəndlərindən yığılmış o vətənpərvər insanları qırğına verə bilməzdim. Lakin bu oyunlara getmək dövlətimizi təhlükəyə atmaq idi.
Bakı kəndlərini bu prosesdən kənarda saxlamağa nail olduq.
– Bəs Hacı Vaqifi Gəncəyə kim İH Başçısı təyin etmişdi?
N. A. – Surət qoymuşdu. Amma Elçibəy onu tanıyırdı, ona görə də təsdiq eləmişdi. Bu təyinatla Gəncə hadisələrinə xitam verilməliydi. Lakin Moskva və onun əlaltıları barışığa imkan vermədilər. Hadisələri və qrşıdurmanı qızışdırdılar.
Zobikin əliylə Hacı Vaqifi öldürdülər. Yetərincə kriminal ünsürlər Gəncəyə yığışmışdı…
– Nəsir bəy, bir sual yaranır. Əlimizdə faktlar var ki, 90-cı ilərin əvvəllərində bizim Rusiyadakı kriminal adamlara Ded Xasanla konfliktdə olan Rudik Bakinski adlı erməni başçılıq edib. Başqa bir erməni avtoritet Rafael Bağdasaryanın (“Svo Raf”) sağ əli Fikrət Məhərrəmovun adı isə ermənilərə silah daşıyan biri kimi iyrənc bir cinayətdə hallanıb. Hətta Tulsk silah zavodundan silah çıxarılır və gecə azərbaycanlıların maşınlarına yüklənir, ertəsi gün Azərbaycana yola salınır. Soqomonyan “Svo Raf”ın və dostlarının köməyi ilə həmin silahı ələ keçirib Ermənistana göndərməyə nail olur. Bütün öz əlaqələrini və resurslarını işə salıb Ermənistana kömək edən erməni avtoritetin bu işdə əlaltıları azərbaycanlı avtoritetlər olub.
Levon Soqomonyan deyir ki, bu cür “delikat” əməliyyatlar çox olub. Öz nüfuzundan istifadə edən “Svo Raf” Ermənistana qoyulan blokadanı yararaq ora ərzaq və geyim göndərib. Maraqlıdır ki, “Svo Raf”ın “sağ əli” azərbaycanlı Fikrət Məhərrəmov idi. Deyilənlərə görə “Svo Raf” onun köməyi ilə Ermənistandan olan yaraqlılar üçün 14 milyon rubl da keçirə bilib. Svo Raf”la vida mərasimi 3 gün-1993-cü ildə iyunun 25-dən 27-nədək bütün Ermənistanın işöqları Bakılı oğruların Razdan İES-ə verdiyi mazut hesabına 1 dəqiqə də sönməyib. Belə geniş məlumat verməkdə məqsədimiz, adətən belə adamlara Bakı kəndlərində meyxanalar qoşulduğuna görədir. Bu xəyanətlərdən məlumatınız olubmu?
N. A. – Doğrusu birinci dəfədir eşidirəm. Bu xəbərlər mənim üçün yenidir. Yəqin ki, bundan xəbərdar olanlar var. Amma çox ayıb, utanc verici bir faktdır. Erməni avtoritetləri Vətən hissi ilə bizimkiləri tutuşdurmaq xəcalətvericiymiş ki…
– Bəy, bildiyimizə görə Siz ikinci separatçı və qiyamçı Əlikram Hümbətovla da görüşmüsünüz. O, nə istəyirdi?
N. A. – Elçibəy qaçandan sonra mən milli dövlətimiz üçün təhlükə gördüyümə görə, nigarançılığa görə Lənkərana getdim. Mehmanxanada gözlədik. Əlikram gəldi. Burada yığışanlar özlərini “Talış Muğan Respublikasının” “politbürosu”nun üzvləri kimi təqdim etdilər. Biri də məni qaralamışdı. Yanımdakılara sakit dayanmalarını deim ki. vəziyyəti gərginləşdirməyək. Əlikram dedi ki, biz Azərbaycanın federativ dövlət olmasını istəyirik. Necə olur ki, Naxçıvan Muxtar Respublika ola bilir, biz ola bilmirik? Mən dedim ki, axı sənin bu istəyin ölkənin parçalanması deməkdir. Onda Ə. Hümbətov dedi ki, sən bu işə qarışma, biz hər şeyi yoluna qoyacağıq. Etdiyim söhbətdən sonra bir daha əmin oldum ki, Azərbaycan hara gedir. Gəncədə də, Lənkəranda da bir qənaətə gəldim ki, Azərbaycan özü özünün ağası deyil. Azərbaycan idarə edilir. Xalqa elə gəlir ki, onun seçdiyi adamlar onu idarə edir. Lakin əslində xalqa öz əlləriylə seçdirilən adamlar Azərbaycanı idarə eləyir…
– Bakı kəndlərində ilk dəfə Buzovnada üç rəngli bayraq qaldırılıb. Bu doğrudurmu?
N. A. – Buzovnada 1989-cu ildə ilk dəfə milli bayrağımızı qaldıran bir toplum vardı. Bir tarixi fakt deyim. Bakı kəndlərindən danışanda gərək Maştağanın da adı çəkilsin. Bunun səbəbi var. Maştağa həmişə Bakıya iddialıdır.
Tarixə nəzər salanda haqlıdırlar. 1593-cü ildə Şah Abbas hakimiyyətə gələndə onun zəifliyini görən müəyyən qüvvələrdə mərkəzdənqaçma meylləri yaranır. Gilan hakimi Əhməd Yüzbaşı da özünü xan elan edir. Zaman keçir, Şah Abbas hakimiyyəti güclənir. Bunu görən Əhməd Yüzbaşı qohum-əqrabasını qayıqlara yığıb qaçır Bakıya. Gəlib Əhmədli yaylasına düşür. Oradan üz tutur Xilə kəndinə, sonra Ramanıya, oradan gəlir Balaxanıya, oradan bir qrupu Maştağaya, digər bir qrupu isə Mərdəkana gedir. Mərdəkanda bir köhnə qəbristanlıq var. Orada yazılıb ki, bu xan qəbristanlığıdır. Yəni Bakı xanlarının qəbristanlığıdır. Bakı xanlığının əsasını qoyan Əhməd Yüzbaşının nəvəsi, Dərgahqulu xanın oğlu Hüseynqulu xan olub. Onun qardaşı Mirzə Məhəmməd xanla birgə idarə ediblər. Mirzə Məhəmməd xan Maştağada oturub. Bakıxanovlar bu nəslin davamçılarıdır və təmiz türklərdir.
Ona görə də Maştağanın Bakı kəndləri içərisində öz yeri var…
Sağollaşıb bu “canlı tarix” səlnaməsindən ayrılırıq. Hər kəs bütün həyatını həqiqi mənada, təmənna güdmədən və məkrsiz oaraq Vətənin Azadlığı uğrunda xərcləmiş bu insanı unutmamalıdır. Biz isə unutmağa adətkarıq. Bunca təlatümlərdən adlamış Nəsir bəy indi də bu Vətən uğrunda eyni ruhla və eyni şücaətlə çarpışmağa hazır bir insandır. Təlatümdən sonrakı Xəzəri xatırladan bu adamı da unutduq. Unudulmuş unudulmaz adam, var olun!
Müsahibəni A. Hüseynli və X. Ədəboğlu hazırladılar
/Fedai.az/
araz.az xəbər portalı.