araz.az ayna.az-a istinadən xəbər verir ki, bu gün, 18 oktyabr 2023-cü il tarixində dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas müraciətin mətnini AYNA-ya da göndərib. Müraciətdə deyilir:
“Hörmətli Fərhad müəllim!
Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının konstitusion hüquqlarını pozduğunu hesab etdiyimiz bəzi normativ hüquqi aktların Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması üçün 22 may 2023-cü il tarixdə Sizə ünvanladığımız konstitusiya şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün, bu vətəndaşların vəkili olaraq 13 iyul 2023-cü il tarixində Sizə yazdığımız 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdıq.
13 sentyabr tarixində Konstitusiya Məhkəməsinin qəbul şöbəsinin şifahi olaraq verdiyi məlumatları hüquqlarını müdafiə etdiyim veteranlara çatdırdım və çox məmnun oldular. Həmin məlumatda işin Konstitusiya Məhkəməsində beş hakim tərəfindən ayrı-ayrılıqda araşdırıldığını və işin daha dərin öyrənilməsi üçün Konstitusiya Məhkəməsinin müxtəlif dövlət qurumuna, o cümlədən Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Ali Məhkəməyə və İqtisadiyyat Nazirliyinə müraciətlər edib.
Cənab Sədr!
Nəzərinizə çatdırmaq istəyirəm ki, vətəndaşlar özləri də ayrı-ayrılıqda Prezident Administrasiyasından və Konstitusiya Məhkəməsinin qəbul şöbəsindən məlumatlar öyrənməyə çalışırlar və bu məlumatları “Fasebook” sosial şəbəkəsində 39 min ailəni birləşdirən “Özəlləşdirmə Çekləri Qrupun”da paylaşırlar.
Hörmətli Fərhad müəllim!
Bildiyiniz kimi Azərbaycan Konstitusiya Məhkəməsi tarixində ilk dəfədir ki, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi üçün vətəndaşların müraciətindən əlavə olaraq bir çox dövlət qurumları, o cümlədən Baş nazirin təklifi ilə Ədliyyə Nazirliyi tərəfindən, Milli Məclisin çoxsaylı deputatları (Zahid Oruc, Asif Mollazadə, Razi Nurullayev və s.) tərəfinədn də müraciətlər olunub. Bundan başqa, sosial media və “Youtube” kanallarında da bu mövzu ilə bağlı müxtəlif müzakirələr və müraciətlər olub.
Ən əsası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün 11.09.2023-cü il tarixinddə Prezident Administrasiyasının Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 saylı məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 nömrə ilə qeydiyyata alınıb.
Eyni zamanda, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdir müavini Gülnar Rəsulova tərəfindən eyni məzmunlu 2-ci 1-1-10/2-KOL-1362/3-019/3/2023 saylı məktub da Konstitusiya Məhkəməsinə göndərilib və Konstitusiya Məhkəməsində 1518 nömrə ilə qeydiyyata alınıb.
Hörmətli Fərhad müəllim!
Məlumat üçün qeyd edim ki, vətəndaşların Cənab Prezidentə ünvanladığı məktubun surətini məktuba əlavə edirəm. Məktubdan da göründüyü kimi, vətəndaşlar 100 faiz əmindirlər ki, əgər Cənab Prezidentin tapşırığı ilə bu işin araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət daxil olubsa, bu, artıq işin tez bir zamanda tam araşdırılmasının aparılması deməkdir.
Bu səbəbdən, məndən işin detalları barədə onları məlumatlandırmağımı və Konstitusiya Məhkəməsindən bu günə qədər görülmüş işlər barədə yazılı məlumat verilməsini tələb edirlər. Həmin mətbuatdan və sosial mediadan belə aydın olur ki, bu işin araşdırılmasının ləngiməsinin səbəbinin Cənab Prezidenti sevməyən, məsələni siyasiləşdirmək istəyən qüvvələrin işi olduğunu da hesab edirlər.
Hesab edin ki, Cənab Prezidentin xaricdə çıxışları zamanı hansısa qərəzli jurnalist belə bir sual verir: “Cənab Prezident sizin ölkənizdə demokratiya var və hər şey yaxşıdır deyərək bizi investisiya qoymağa çağırırsınız. Lakin dövlət özəlləşdirmə payıları (çekləri) ilə bağlı qəbul etdiyiniz fərmanlar ilə 13 ildir ki, Konstitusiya və qanunları, hətta insan hüquqlarına dair beynəlxalq müqavilələri, vətəndaşlarınızın mülkiyyət və bərabərlik hüquqlarını pozursunuz. Bunu necə başa düşmək olar?”
Ölkənin tanınmış ziyalıları, hüquqşünasları, iqtisadçıları və deputatları mətbuatdan müraciət edərək, Konstitusiya Məhkəməsinin Ulu Öndərin 100 illiyi münasibəti ilə bu il məsələni tam olaraq vətəndaşların maraqlarına uyğun olaraq həll etməsinə, yüzminlərlə insanın Cənab Prezidentə və dövlətçiliyimizə, Konstitusiya və qanunlara inamını daha da artırmağa çalışırlar.
Bu gün mətbuatda bunlar da soruşulur: Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər? Niyə 6 aydır iş uzanır? Niyə Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın müraciətinə cavab vermir?
Hörmətli Fərhad müəllim!
Qeyd edilənləri nəzərə alaraq xahiş edirik ki, dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının göndərdiyi konstitusiya şikayətinin Konstitusiya Məhkəməsində araşdırılma vəziyyəti (həmin işin hansı hakimlərin icraatında olması, hansı dövlət qurumlarından mülahizə və ya rəylərin alınması, xüsusilə işin araşdırılma səviyyəsi) barədə bizə yazılı məlumat verilməsi üçün müvafiq tapşırıq verəsiniz”.
ƏLAVƏ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
ƏRİZƏ/MÜRACİƏT
“Çox hörmətli Cənab Prezident! Zati Aliləri! Cənab Ali Baş Komandanımız!
Biz bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranları adından 23 may 2023-cü ildə Sizə göndərdiyimiz ərizə ilə özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək etməyinizi, bəzi normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verəməyinizi Sizdən xahiş etdik. Hesab edirik ki, həmin ərizə barədə Prezident Administrasiyasının rəsmiləri Sizə məlumat vermədən, naməlum səbəblərdən Konstitusiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndəriblər. Ali Məhkəmədən bizə cavab olaraq bu tip məsələlərin ancaq Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyi yazılıb. Biz hüquqları pozulmuş yaşlı vətəndaşlar bundan çox böyük narahatlıq keçiririk.
Cənab Prezident!
Xahiş edirik ki, kapitalizmə keçid dövründə tarixi sosial ədalət naminə dövlət siyasəti kimi atanız Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası Dövləti tərəfindən qanunlarla dövlət öhdəliyi kimi xalqa vəd edilmiş, inflyasiyadan qorunan miras əmlak paylarını satmayan bizim kimi yaşlı insanların hər gün 30 nəfərinin vəfat etdiyini və hüquqlarının bəzi fərmanlar ilə pozulmağa davam etdiyini nəzərə alaraq, bizə müvafiq köməklik göstərərsiniz.
Biz dövlətimizə və Ulu Öndərimizə, onun vədinə inanaraq öz əmlak payımız olan Dövlət Qiymətli Kağızı kimi çekləri satmadıq və qeyd edək ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin laqeydliyi və məsuliyyətsizliyi üzündən yaranmış bu hüquqi səhvlər olan həmin fərmanların heç birinin preambulasında konstitusion əsaslandırma mövcud deyil. Hesab edirik ki, bu hüquq pozuntuları mütəşəkkil korrupsiya cinayəti faktı kimi gələcəkdə Sizə və Dövlətimizə qarşı düşmənçilik edənlər tərəfindən istifadə ediləcək, həm də xarici invesrorların ölkəmizə olan etimadını qıra bilər.
Belə ki, 2022-ci ildə bütün bu hüquq pozuntuları artıq üzə çıxarıldı. Konstitusiya Məhkəməsinin ekspertləri olan hüuqşünas alimlərin apardıqları elimi-praktik araşdırmalar nəticəsində bu konstitusion hüquq pozuntuları müəyyən edildi və həmin nəticələr elmi məqalələr formasında Sizin nəzarətinizdə olan Ali Attestasiya Komisiyasında qeydiyyatda olan “Qanun” jurnalında 10-dan cox hüquqşünas alim tərəfindən rəy verilərək dərc olundu.
Möhtərəm Prezident!
Yuxarıda qeyd edilənləri, xüsusilə 2023-cü ilin xalqımızın Ümummilli Lideri “Heydər Əliyev İli” olduğunu nəzərə alaraq, bu problemin tez bir zamanda həlli üçün Sizdən xahiş edirik ki, dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək edəsiniz. 23 may 2023-cü ildə Sizə göndərdiyimiz normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi xahiş edir və səbirsizliklə Sizdən cavab gözləyirik”.
Qeyd
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Əlavə qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!
Heydər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.