Naxçıvanın bir, Qazaxın yeddi kəndi aydın məsələdir ki, Azərbaycanın legitim torpaqlarıdır. Azərbaycan odusu necə antiterror tədbirləri keçirərək Qarabağda suverenliyimizi təmin etdisə, eyni qətiyyətlə həmin kəndlərlə bağlı da tədbirlər görülə bilər və görülməlidir.
araz.az xəbər verir ki, bunu Teleqraf.com-a Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Onun fikrincə, Azərbaycan dünyanın qərəzli mövqeyinə görə aranın sakitləşməsini gözləyir:
“Haqlı olaraq öz ərazilərimizdə antiterror tədbirləri keçirdik. Minlərlə silahlı quldur dəstəsini ərazimizdən qovduq. Texnikalar, silahlar, partlayıcı maddələri ələ keçirib dünyaya nümayiş etdirdik. Dünya tərəfindən tanınan legitim dövlətin idarəçiliyini həmin ərazilərə geri qaytardıq. Biz bunu bir mülki şəxsin burnu qanamadan həyata keçirdik. Dünyanın reaksiyasına baxaq, Paşinyan Avropa Parlamentində ayaq üstə alqışlanır. Azərbaycana qarşı bütün aparıcı dünya ölkələri qərəzli bəyanatlar verir, sanksiyalarla təhdid edirlər. Azərbaycanı haqlı durumda ikən, haqsız vəziyyətə salmağa çalışırlar.
Qənaətimə görə, mümkündür ki, Azərbaycan bir müddət bu məsələni danışıqlar yolu ilə həll etməyə cəhd etsin. Amma məsələ danışıqlarla həll olmasa, onda Azərbaycan istənilən addımı atmaq hüququna malikdir. Zamanı gələndə oranı da antiterror tədbiri ilə təmizləyə bilərik”.
Tural Abbaslı bildirib ki, Azərbaycana hazırda 15 dövləti zor gücünə 70 ildən artıq əsarətdə saxlamış bir imperiyanın (SSRİ) xəritələri ilə sərhədlərin müəyyən olunması təklif olunur:
“Sovet ittifaqı Azərbaycanı işğal edəndə ərazisinin sahəsi bəlli idi. Eləcə də Ermənistanın. 1991-ci ildə Azərbaycan və Ermənistan müstəqilliyini elan etməmişdən qabaq Ermənistanın Azərbaycana təcavüzü vardı. İki ölkə bu məsələni heç vaxt aydınlaşdırmayıb. Hər hansı bir xəritə üzərində yekun nəticə olmayıb. Ona görə, 100 il əvvəl bizim olan torpaqları tələb etməliyik.
Ata-baba yurdumuzu qəbiristanlıqları, kəndləri, el-obamazı tələb edə bilərik. Nərimanov kimi xainlərin hesabına bizdən zorla alınan torpaqları geri tələb edəndə bu, dünyada “aqressiya” sayılır. Amma Azərbaycan geri durmamalı, həmin ərazilərə iddiasını qoymalıdır. Bu haqlı tələbdir, hüquqi əsaslarımız da var.
Müttəfiqlərimizin sayını artırmalı, ordumuzu gücləndirməli, əhalimizin vəziyyətini yaxşılaşdırmalıyıq ki, tarixə ədaləti bərpa edə bilək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.