qaz-boru.jpg

“Təcavüzkar Ermənistana dəstək verilməsi bölgədə təhlükəsizliyi təhdid edir” – Nazir Əhmədli
İrəvanda İran-Ermənistan qaz kəmərinin çəkilişinin ikinci mərhələsi yekunlaşıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb.

Kanal xatırladıb ki, bu işdə Ermənistana Rusiya yaxından dəstək verib.

Rusiyanın məşhur “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller isə məsələyə belə münasibət bildirib: “Bu, şübhəsiz ki, Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm hadisədir. Ermənistan Respublikasında istehlakçıların daha etibarlı və sabit şəkildə enerji tədarük etməsi üçün çox vacib bir layihədir “.

Məlum olduğu kimi, Ermənistanın öz qazı yoxdur. Hazırda Ermənistan daha çox Gürcüstan ərazisindən keçməklə Rusiyadan qaz alır. Bu kəmərin çəkilişindən sonra isə Ermənistan İrandan da xeyli qaz alacaq. 2019-cu ilədək qaz kəmərinin tutumu 2 milyard 300 milyon kubmetrədək artırılacaq.

Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli əməkdaşımıza bildirib ki, İran gah açıq, gah da gizli şəkildə Ermənistana dəstək verir və bu dəstək onun bir dövlət olaraq rəsmi ideologiyaya çevirdiyi dini doktrina ilə ziddiyyət təşkil edir:

“İran İslam Respublikasının müsəlmanların qanını tökən, torpaqlarını işğal edən, Vətənlərindən didərgin salan, deportasiya edən təcavüzkar bir dövlətə bu cür yardım etməsi, əlbəttə, təəssüf doğurur. Halbuki, İranın özü də Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb və qınayıb. Bu necə Ermənistanı təcavüzkar kimi tanımaq və qınamaqdır ki, onun iqtisadiyyatına, sosial infrostrukturuna Tehran dəstək verir? Belə çıxır ki, İran istəyir ki, Ermənistan öz təcavüzkar siyasətini davam etdirsin, milyonlarla müsəlman qaçqın, köçkün vəziyyətində qalsın.

nazir-ehmedli.jpgDigər tərəfdən, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, embarqolar onu çıxılmaz vəziyyətə saldığına görə hər bir imkandan yararlanmaq istəyir. Qəribə odur ki, bu günlərdə “Lukoil” rəsmi şəkildə İrandan çəkildiyini bəyan etdi. Rusiya şirkətləri bir tərəfdən ABŞ-ın sanksiyalarına riayət etdiyini sərgiləyir, digər tərəfdən də gəlib Ermənistanda İrandan çəkiləcək xəttə sərmayə qoyur, dəstək verir. Bu cür ikili yanaşma uzun müddət davam edə bilməz, təbii. Ermənistan başa düşməlidir ki, onun Azərbaycan qarşısında təcavüzkar dövlət kimi dayanması mümkünsüzdür. Gec-tez öz məkrindən əl götürməyə məhkumdur. Hazırda vurnuxur, ora-bura əl atır, ancaq bu, suda boğulanın saman çöpündən yapışması təsirini bağışlayır. Bütün hallarda təcavüzkar bir dövlətə dəstək verilməsi dünyanın və o cümlədən Qafqaz regionunun təhlükəsizliyi üçün təhdiddir,qınanmalıdır”.

Elmir Ramizoğlu/AzNews.az

araz.az xəbər portalı.