Eldar-MAhmudov10052018-01.jpg

Sabiq nazirə tam şəkildə sərbəst hərəkət izni verilməsinin ardınca onun çevrəsindəki general haqda da ilginc xəbər yayılıb; qudası həbsdə olan Vidadi Məmmədov Elmlər Akademiyasına necə gedib çıxıb?

10 gün sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasının və məlum MTN çetesinin ifşasının başlamasının 3 ili tamam olur. 2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı ilə işdən çıxarılan E.Mahmudovun və dəstəsinin MTN-də hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi.

O zaman diqqətlərə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov adlı bir general ismi də gəldi. V. Məmmədovla Eldar Mahmudovun “işgüzar” əlaqələri sabiq nazir “OBXSS”də işlədiyi dövrə təsadüf edirdi. Belə ki, onlar bu qurumda birgə işləmişdilər.

Ä°lgili resim

Eldar Mahmudov nazir olandan sonra isə kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlamışdı. 2007-ci ildə Vidadi Məmmədov da Vergilər Nazirliyinə gəldi və 5 il sonra, yəni 2012-ci ildə Eldar Mahmudovun dəstəyi ilə o, artıq vergi generalı oldu. Vidadi Məmmədovun Vergilər Nazirliyində uzun illər MTN şefinin adamı kimi fəaliyyət göstərməsi heç kimə sirr deyildi. Amma onun MTN-də daha bir güclü arxası da vardı: general Sübahir Qurbanov.

MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla Vidadi Məmmədovu birləşdirən təkcə 2011-ci ildə rəsmiləşən qohumluq telləri deyildi. Tezliklə məlum oldu ki, MTN çetesi və Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə əlbir işləyirmiş, “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edir, sonra isə küllimiqdarda pul alaraq azadlığa buraxırmışlar. Bildirilirdi ki, Vidadi Məmmədov iş adamlarının dosyesını general qudasına verirdi ki, həmin iş adamlarının yalnız bir qismi məhkəmədə bunu etiraf etməli oldular. Bir çoxu isə külli miqdarda pulunu itirsə də, məhkəməyə üz tutmadı.

Vidadi Məmmədov ile ilgili görsel sonucu

Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, həbsdən qurtula bildi. V.Məmədov həbsdən qurtula bilsə də, Sübahir Qurbanov məsuliyyətdən yayına bilmədi. Bu ilin aprelində Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edildi. V.Məmmədov da qudasının məhkəməsində konkret iş üzrə ifadə verdi.

Bir müddət əvvəl musavat.com Eldar Mahmudovla bağlı da maraqlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. “Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var”, deyə xəbərdə bildirilirdi. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Bu günlərdə isə V.Məmmədov haqda ilginc xəbər yayılıb.

Xalqaxeber.az saytının məlumatına görə, sabiq vergi generalı hazırda Milli Elmlər Akademiyasında ümumi işlər üzrə direktor müavinidir. AMEA Memarlıq və İncəsənət İnstitutunun fəlsəfə doktorları arasında onun da var. Üstəlik, V.Məmmədov “Korrupsiyaya qarşı mübarizənin problem məsələləri” mövzusu üzrə dissertasiya müdafiə edib. Qeyd edək ki, Vidadi Məmmədov əslən Göyçə mahalındandır.

Eldar Mahmudovun və ona yaxın kadrların yenidən üzə çıxmaları maraq doğurur. Yada salaq ki, sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev, digəri isə Ayaz Elxan oğlu Kərimovdur. Hər 2 şəxs 3 ildir ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılsa da, hələ də həbs olunmayıblar. E.Mahmudovun həbsi ediləcəyi haqda xəbərlərə daha inanan qalmayıb, indi isə həm özünün, həm də bir vaxtlar yaxın olduğu çevrəsinin “ortaya çıxması” iddiaları yayılır.

ORXAN,
“Yeni Müsavat”

araz.az xəbər portalı.