O, iki yaşlı uşaq ikən meşə sakininə çevrilib və ömrünün 40 ilini orada keçirib. Sivilizasiyadan uzaq, başqa insanları tanımayan, sadə söz ehtiyatına malik olan vyetnamlı Ho Van Lang dünyanın nə qədər geniş və rəngarəng olmasından bixəbər yaşayıb. Vəhşi təbiət qoynunda 40 il sağlam yaşayan Lanq insanların arasına gəldikdən sonra cəmi 8 il yaşaya bildi. Dəhşətli xəstəlik nəticəsində öldü. 

araz.az Lent.az-a istinadən müasir Tarzanın maraqlı ömrü haqqında məlumat verir.

Müharibə dəhşətlərindən qaçış

Hər şey Vyetnam müharibəsinin qızğın vaxtında başladı. 1972-ci ildə cəngəlliyin mərkəzindəki Tra Bong kəndinə Amerika təyyarələrindən bomba düşdü. Kəndli Ho Van həyat yoldaşını və üç uşağını itirdi. Yalnız bir balası sağ qalmışdı, qucağındakı  2 yaşlı oğlu  Ho Van Lanq. Ata oğlunu da götürüb dağlardakı meşələrə, cəngəlliklərə qaçdı, müharibə bitənə qədər burda yaşamağa qərar verdi.

Beləliklə, 1972-ci ilin yayında ata və oğul üçün yeni həyat başladı. Ata dağın ətəyində özünə koma qurdu, mərmi və mina parçalarından alətlər düzəltdi, oğluna ov eləməyi öyrətdi, yeməli bitkiləri və meyvələri tanıtdı. Bununla da balaca Lanqın həyat dərsi başa çatdı. Atası ona sivil dünya barədə heç nə danışmır, söz düşəndə orda yalnız dəhşətlərin olduğunu deyirdi. Onlar yarıçılpaq gəzir, lianalardan özlərinə paltar hörüb geyinirdilər. Lanq bütün vəhşi heyvanları yalın əllə ovlaya, ağacdan ağaca meymunlardan daha sürətlə tullana bilirdi, at kimi sürətli qaçırdı.
Lanq hətta bu dünyada əks cinsin nümayəndələrinin – qadınların olmasından da bixəbər idi və ilk dəfə qadın görəndə heyrətlənmişdi. Hərçənd qadınla kişi arasındakı fiziki fərqləri ömrünün sonuna qədər anlamamışdı.

Ata və oğul müharibənin çoxdan bitdiyini bilmədən 40 il meşədə yaşadı. Onların tapılması meşəyə gəlib-gedən ovçuların orada iki vəhşi insanın yaşaması barədə  danışdıqları əhvəlatdan sonra mümkün oldu. Heç demə kənd bombalanarkən Ho Vanın oğlanlarından biri ölməyib sağ qalıbmış. O meşədəki insanların atası və qardaşı olduğunu düşünərək axtarışa başlayır və nəhayət onları tapır. Atasını kəndə qayıtmaq üçün 2 il dilə tutmalı olur.

 

Kəndə qayıdan  meşə sakinləri insanlara alışa bilmirdilər. Xüsusən 42 yaşlı Lanq. Axı o 2 yaşından sonra atasından başqa adam görməmişdi.

Zaman içində o elektrik, avtomobil, saat, radio kimi müasir texnikalara alışdı, hətta motosiklet də sürməyə başladı. Amma söz ehtiyatı və zəkası artmadı. Sanki 5 yaşındakı uşaq kimi idi.

Təsadüfən Vyetnama səyahət etmiş ispan səyyah Alvaro Soresonun məqaləsindən sonra müasir Tarzandan bütün dünya xəbər tutdu.

Lanq qardaşının evində yaşayırdı və bütün vaxtını ona ev işlərində kömək etməyə sərf edirdi. Qoca ata 82 yaşında  öldü. Yeri gəlmişkən, o, heç vaxt müharibənin bitdiyinə inanmadı.

Lanqa gəlincə…

Ətraf mühit onu məhv etdi. Daha doğrusu fast food və spirt vyetnamlı Tarzanının  axırına çıxdı.
Onun orqanizmi spirtə və ” fast food” yeməklərinə alışmadığı üçün zəhərləndi və o qaraciyər xərçənginə tutuldu. Həkimlər onda xəstəliyin yaranmasını belə izah edirdilər.

2021-ci ildə Ho Van Lang 51 yaşında öldü.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.