Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırmalar aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” seriyasından növbəti yazısını təqdim edir.
araz.az xəbər verir ki, Aşağı Necili kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən iki kilometr qərbdə, Uluxanlı dəmiryol stansiyasının yaxınlığında, Zəngi çayının sol sahilində yerləşir. Kənddə 1950-ci ilə qədər (1828-ci ildən sonrakı qısa bir müddət istisna olmaqla) ancaq azərbaycanlılar, 1950-1988-ci illərdə azərbaycanlılarla yanaşı ermənilər yaşayıb, 1988-ci ildə kənd bütünlüklə erməniləşdirilib.
“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) kəndin adı Qırxbulaq nahiyəsinin Balaşlı Nəcli, İvan Şopendə (1832) və sonrakı bütün mənbələrdə Aşağı Necili şəklində qeydə alınıb.
Rəvayətə görə, Necili (Yuxarı Necili) kəndində bir-birindən inciyənlər gedib aşağıda məskən salarmışlar və Aşağı Necili kəndi beləcə yaranmışdır.
Elmi ədəbiyyatda, kəndin adının Necili tayfasının adından yaranması fikri (B.Budaqov, Q.Qeybullayev) mövcuddur. Lakin biz bu fikirlə kifayətlənməyərək toponimin, hətta onun mənbəyi olan eyniadlı etnonimin tarixi köklərinə enmək istərdik.
Öncə xatırladaq ki, Necili adı İ.Şopenin də diqqətini çəkib. O, “İstoriçeskiy pamyatnik“ əsərində belə fərziyə irəli sürüb ki, Stepan Orbelianın Nedis adı ilə xatırlatdığı, XII əsrdə gürcü çarı Dimitri Davidoviçin vaxtında xalqın Hrasdan (Zəngi) çayı üstündə Ərmən atabəyi Dərsəicanın şərəfinə xaç ucaltdığı kənd elə Necili kəndidir.
Lakin nədənsə belə bir fakt hamının diqqətindən yayınıb ki, Ərmən tarixçisi Moisey Xorenli Ərməniyənin (Arman ölkəsinin) 15 əyaləti sırasında yeddinci olan Ararat əyalətinin 19 dairəsindən (mahalından) on beşincini Nig adı ilə qeydə alıb və onun Qırxbulaq-Zəngibasar mahalları ərazisini əhatə etdiyini göstərib. Belə olan surətdə Necili (Nig-eli//Nic-eli//Necili) toponiminin bu qədim mahalın adını daşıdığı və azı iki min ilə yaxın yaşa malik olduğu fikri ortaya çıxır. Nig//Nuh paralelini nəzərə aldıqda isə Nuh eli mənasında bu toponimin tarixi daha qədimlərə gedir. Toponimin el//il komponenti onu yaradanların etnik mənsubiyyətini (türklüyünü) tam aşkarlayır.
Digər tərəfdən, M.Xorenli Ararat əyalətinin Kotayk dairəsində Ncin adlı yaşayış məntəqəsi də qeydə alıb ki, İ.Şopen bu kəndin də Necili kəndi olduğunu ehtimal edir. Bəzi tədqiqatçıların Necili toponimini “cilsiz yer” kimi mənalandırmasını tamamilə səhv hesab edirik.
Kəndin adının Zəngibasar mahalı ərazisində məskunlaşan üç qardaşdan (Ulu xan, Ağa xan və Nici xan) birinin – Nici xanın adından yaranması fikri isə xalq etimologiyasından başqa bir şey deyil və heç bir elmi əsası yoxdur.
Professor S.Şükürovun “Necili əslində Keçilidir, qədim türk tayfalarından birinin adını yaşadır. Çox güman ki, dilə yatımlı olsun deyə xalq onu bu şəkildə işlətmiş və elə bu formada da müasir dövrə gəlib çıxmışdır” – fikri ilə də qətiyyən razılaşmaq mümkün deyil.
Aşağı Necili kəndində 1831-ci ildə 45 təsərrüfatda 411 nəfər (203 kişi, 208 qadın) yerli müsəlman, 24 təsərrüfatda 114 nəfər (68 kişi, 46 qadın) İrandan köçürülüb gətirilmiş erməni siyahıya alınıb. 1873-cü ilin statistik məlumatlarında kənddə ancaq azərbaycanlı əhali qeydə alınıb: 125 təsərrüfatda 1183 nəfər (613 kişi, 570 qadın) olub. Sonrakı illərdə kənd daha sürətlə böyüyüb və 1886-cı ildə İrəvan qəzasının Hacı Eylas nahiyəsinin bu kəndində 168 təsərrüfatda 1147 nəfər (649 kişi, 498 qadın) azərbaycanlı qeydə alınıb. Kənddə 1897-ci ildə 1178 nəfər, 1905-ci ildə 1430 nəfər, 1914-cü ildə 1573 nəfər azərbaycanlı yaşayırdı.
1918-1919-cu illərdə kəndin əhalisi iki dəfə qaçqın düşüb. Sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin bir qismi qayıdıb. 1922-ci ildə kənddə 555, 1926-cı ildə 726 nəfər, 1931-ci ildə 627 azərbaycanlı qeydə alınıb. Lakin bütün sahələrdə azərbaycanlıların diskriminasiyası öz işini görürdü. 1978-ci il yanvarın 25-də kəndin Aşağı Necili adı dəyişdirilərək Sayat Nova qoyulub.
Aşağı Necili kəndi strateji cəhətdən çox uğurlu coğrafi mövqedə yerləşirdi. Kəndin bir tərəfindən Zəngi çayı axır, digər tərəfindən İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti, üçüncü tərəfdən İrəvan-Üçkilsə avtomobil yolu keçirdi.
Kəndin kənarından Dəyirman çayı axırdı. Çay kəndin dəyirmanını işlətdiyi üçün bu adı almışdı. Haramı çayı Dəyirman çayından ayrılır, Zimird novla gəlib Zəngi çayına tökülürdü. Zəngi çayının suyu sarımtıl olduğu üçün camaat onu Sarısu da adlandırırdı.
Kəndin iki məscidi olub. Onlardan biri kəndin cənub hissəsində, digəri Zəngi çayına yaxın yerdə idi. Köhnə məscidin xarabalıqları dururdu və onun nə vaxtdan tikildiyi məlum deyildi. Təzə məscid XX əsrin əvvəllərində tikilmişdi. Aşağı Necili camaatı dini adət, mərasim və ayinləri həmişə ciddi şəkildə gözləyər və bunlara əməl edərdi. Kəndin tarixində Molla Zeynalabdin, Hacı Molla Əsəd, Molla Nəcəf, Hacı Molla Əli, Molla Məmmədhüseyn, Molla Bayraməli, Molla Abbas, Axund Əli, Molla Bağır kimi nüfuzlu din xadimləri olublar.
Kərbəlayı Yusif Axund Əli oğlu Axundov İraqın Nəcəf şəhərində dini təhsil almışdı. 1921-ci ildən İrəvandakı məşhur Göy məsciddə təhsilini davam etdirmişdi. 1948-ci il deportasiyasına qədər kolxozda müxtəlif vəzifələrdə çalışırdı.
Kəndin iki müsəlman qəbiristanlığı vardı. Köhnə qəbiristanlıq Zəngi çayının o tayında yerləşirdi. Təzə qəbiristanlıq kəndin içində, məscid binasının arxa tərəfində, Zəngiyə doğru idi. 1950-ci ildən etibarən kənddə məskunlaşmağa başlayan gəlmə ermənilər isə özlərinə yeni erməni qəbiristanlığı salmışdılar.
Təzə müsəlman qəbiristanlığında Mir Abbas ağanın qəbri yerləşirdi ki, bu qəbir ocağa çevrilmişdi. Hacı Mir Cəlil ağanın ocağı da adamların iman yeri idi. Adamlar bu ocağa ceyran gəldiyindən danışırdılar.
Kəndin tarixində onun şəxsiyyətlərinin xüsusi yeri var. Keçmişdə Vəli kəndə uzun müddət qlavalıq etmiş, Sovet hakimiyyəti qurulanda Türkiyəyə köçmüşdü.
Aşağı Necili rayon mərkəzinə ən yaxın kənd olduğu üçün erməni daşnaklarının hücum və təhdidlərinə digər kəndlərə nisbətən daha çox məruz qalırdı. 1918-ci ildə də belə olmuşdu. Lakin Aşağı Necilinin Məşədi Abbas, Məşədi Ələsgər, Musa Molla Məmmədhüseyn oğlu kimi qeyrətli oğulları bölgədə erməni quldurlarının qarşısını almaq üçün imkanlı adamlardan pul toplayaraq Zəngibasara iki vaqon silah alınıb gətirilməsinə nail olmuşdular. Hətta erməni daşnaklarının duyuq düşməsi nəticəsində bu silahı vaqonlardan boşaldarkən Uluxanlı stansiyasında atışma düşmüş, bu atışmada xeyli erməni ilə yanaşı, Aşağı Necilidən iki qardaş da həlak olmuşdu.
Silahlı erməni dəstələrinin hücumlarına davam gətirə bilməyən Aşağı Necili camaatı 1918-ci ildə Arazı keçərək Türkiyəyə sığınmağa məcbur olmuşlar. Lakin bir qədər sonra onlara xəbər göndərilir ki, daşnaklar çəkilib gedib və kənddə bir nəfər də erməni yoxdur, geri qayıdın. Ermənilərin bu hiyləsinə aldanan camaat geri dönür. Bir müddət sonra – 1919-cu ilin payızında, çəltik biçini qabağı daşnaklar qəfil hücum edir, kəndin bütün sərvətini ələ keçirirlər. Camaat təzədən Arazın o tayına sığınmağa məcbur olur. İki ilə yaxın Türkiyə, İran ərazisində mühacirətdə qalan əhali 1921-ci ildə Culfadan keçərək Naxçıvana gəlir, bir neçə ay burada daldalanıb, Zəngibasar mahalı erməni daşnaklarından təmizləndikdən sonra doğma yurda qayıdırlar. Bu vaxt artıq kənd tamam məhv edilmişdi. Əhali təzədən özünə ev-eşik düzəltməyə başlayır. 1930-cu ildə kənd camaatının bir hissəsini Azərbaycana köçürürlər. Lakin adamlar iqlim şəraitinə dözməyib, geri dönürlər.
Aşağı Necili kəndi növbəti deportasiyaya 1950-ci ildə məruz qalıb. Kənddəki 240 ailədən 200-ü Uluxanlı dəmiryol stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya olunub. Köçürülənlər Beyləqan və Ucar rayonlarına paylaşdırılıblar. Zəngibasar kimi bol sulu rayondan gətirilib, bu susuz çöllərə tökülən camaat az vaxtda xeyli itki verib. Təkcə Beyləqan rayonunda Aşağı Necili kəndindən 30-a qədər ailə tələf olub.
Bir müddət sonra sağ qalan əhalinin əksəriyyəti geri – Aşağı Neciliyə qayıdıb. Bu vaxt artıq kənddə həm də ermənilər məskunlaşdırılmışdı.
Sovet hakimiyyətinin ilk illərində Aşağı Necili kəndində Həbib kişinin evində birsinifli yeni tipli məktəb açılıb, sonralar həmin məktəb ibtidai məktəbə çevrilib. 1933-cü ildə kənddə birmərtəbəli yeni məktəb binası tikilib və təhsil yeddiilliyə çevrilib. 1958/1959-cu tədris ilində kənd məktəbinin ilk səkkizillik buraxılışı olmuşdur.
1970-ci illərdə kənddə yeni tipli məktəb binası tikilir və məktəb tam orta məktəbə çevrilir. Artıq 1988-ci ildə Aşağı Necili məktəbində 690 şagird oxuyurdu.1988-ci ildə kənddə 490 təsərrüfat vardı. Onun 390-ı azərbaycanlılar idi.
1988-ci ilin məlum hadisələri kənd camaatını öz yer-yurdundan didərgin saldı. Ermənilərin Aşağı Necili kəndinə ən dağıdıcı hücumu 1988-ci il iyunun 18-də oldu. Həmin gün ermənilər Aşağı Necili kəndinə bir neçə istiqamətdən hücuma keçdilər. Evlər dağıdıldı, yandırıldı. Bu vəhşi aksiyaya rayonun erməni rəhbərləri özləri başçılıq edirdilər.
Qədim Zəngibasar mahalının digər kəndləri kimi, Aşağı Necili kəndi də həmin il erməni vəhşiliyinin qurbanı oldu, camaat dədə-baba yurdundan qovulub çıxarıldı. Bu gün Aşağı Necili camaatı əsasən Bakı şəhərində məskunlaşsalar da, Azərbaycanın, demək olar ki, bütün rayonlarına səpələniblər. 1920-1930-cu illərdə Türkiyəyə sığınan aşağı necililərin nəvə-nəticələri bu gün qardaş ölkədə də yaşayırlar.
Aşağı Necili kəndində əsas üç tayfa olub: Xəlifəli, Göyçəbəyli, Şamqulu.
Kəndin toponimləri
Çay və bulaq adları: Zəngi (Sarısu) çayı, Dəyirman çayı, Haramı çayı, Mollarza bulağı, Mərzənin ləki, Vəli qlavanın bulağı, Kəlba Usubun bulağı, Məşədi Səttar bulağı, Ələkbərin bulağı, Zimird nov.
Yer adları: 30 sentner, Eşşəkquduran, Qaratəpə, Ponqara, Yeddilər, Əhmədağa bağı, Məşədi Abbas bağı, Məşədi Ələsgərin bağı, Təhman, Tutmalıq, Əriklik, Dolu, Güzdək, Qobular, Münəvvərin qobusu.
Məhəllə və körpülər: Qədeşlər məhəlləsi, Molla Məmmədhüseyn uşağının məhəlləsi, Kəlba Əkbərin körpüsü, Dəmir körpü, Taxta körpü, Daş körpü.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.