Naxçıvan bu gün Qarabağdan sonra ölkənin ən çox müzakirə olunan bölgəsidir. Muxtar respublikada aparılan “yeniləşmə”dən razı olanlar da var, narazı olanlar da. Bu bir həqiqətdir ki, Naxçıvan əhalisinin gözləntiləri özünü doğrultmayıb, bölgənin problemləri həll edilməyib.
araz.az azinforum.az-a istinadən xəbər verir ki, TNS-in redaksiyasına hər gün onlarla şikayət məktubu daxil olur. Biz həmin şikayətləri araşdıraraq ictimailəşdiririk. Amma bəzən Naxçıvanla bağlı elə iddialar səsləndirilir ki, adamın inanmağı gəlmir.
Naxçıvanda gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan “layihələrdən” biri də “Təbriz” mehmanxanasının sökülməsidir. Bilirik ki, Naxçıvandan olan oxucularımız bu məlumata xeyli təəccübləniblər. Naxçıvanlılar haqlı olaraq düşünürlər ki, şəhərin mərkəzindəki 13 mərtəbəli sağlam bir binanın sökülməsinə nə gərək var? Muxtar respublikanın bütün problemləri həll olundu, bir qaldı “Təbriz”in sökülüb yerində yeni bina tikilməsi? Etibarlı mənbənin məlumatına görə, bu, Naxçıvanın yüksək vəzifəli bir şəxsinin “ideyasıdır” və binanın söküləcəyi fikri bir neçə dəfə sələndirilib.
Bu “ideyanın müəllifinə” və onu həyata keçirmək fikrinə düşən şəxslərə bir neçə xatırlatma etmək istəyirik.
Əvvəla “Təbriz” oteli bir sahibkarındır və məlumatlara görə, 7 milyon manata satışa çıxarılıb. Bu binanın sökülməsinə də bir neçə milyon manat vəsait lazımdır. Deməli, təkcə “Təbriz”in sökülməsi üçün kimsə 10 milyon manatını küçəyə atmalıdır.
Tutaq ki, pulundan bezmiş birini tapdılar, o da 10 milyon manatından keçib “Təbriz”i sökmək qərarına gəldi. Binanın yerində gələcəkdə nə olacaq, o da hələ bəlli deyil. Naxçıvanda hələ ki, tikmək haqqında deyil, sökmək barədə düşünürlər.
Bu işin maddi tərəfini qoyaq bir kənara. Keçək mənəvi tərəfinə.
“Təbriz” mehmanxanası ulu öndər Heydər Əliyevin quruculuq yadigarlarından biridir. Bu mehmanxana ümummili liderimizin Azərbaycana birinci rəhbərliyi dövründə Naxçıvanda inşa edilmiş ən möhtəşəm binadır. “Təbriz” 1984-cü ildə ulu öndərimizin iştirakı ilə istifadəyə verilib. Həmin dövrdə bu mehmanxanaya “Təbriz” adının verilməsi böyük cəsarət tələb edirdi ki, bunu da ancaq ümummilli liderimiz edə bilərdi. Ulu öndərimizin tapşırığı ilə bu bina üzü Cənubi Azərbaycana – Təbriz şəhərinə tərəf tikilib.
“Təbriz” mehmanxanasının binası “Möminə xatın” türbəsi kimi artıq Naxçıvanın simvoluna çevrilib. “Təbriz” hələ sovet dövründə Azərbaycançılıq və müstəqillik ideyalarını təbliğ edən, bütöv Azərbaycanın simvolu olan adı daşıyırdı. Onu dəyərli edən əhəmiyyətli faktor isə ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə tikilməsi, açılışında ümummilli liderimizin şəxsən iştirakı və dərin məzmunlu çıxış etməsidir.
İndi Naxçıvanın və bütöv Azərbaycanın simvolunu sökmək istəyirlər. Bu gün ulu öndərimizin quruculuq yadigarlarından biri olan “Təbriz” mehmanxanasını sökmək fikrinə düşənləri görkəmli dövlət xadimi Heydər Əliyevin milli ideologiya konsepsiyasını, Azərbaycanın və Naxçıvanın tarixini öyrənməyə dəvət edirik.
“Təbriz” mehmanxanası Nərimanovun heykəli deyil ki, söküb sonra yerinə qaytarasınız.
araz.az xəbər portalı.