Dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olan “Master-Ofis” MMC Bakı Şəhər Heyvanat Parkına (“Zoopark”) qarşı məhkəmə iddiası qaldırıb.
araz.az Yeniavaz.com-a istinadən xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.
Qeyd edilir ki, məhkəmə iddiası maddi ziyanın ödənilməsi səbəbdən qaldırılıb.
Məlumat üçün bildirək ki, iddia qaldıran şirkətin – “Master-Ofis” MMC-nin adı daha əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin məhkəmə prosesində keçib.
2015-ci ilin fevral ayında təsis olunan şirkətin hüquqi ünvanı da Neftçala şəhərində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur.
Bu şirkət daha əvvəl Samur-Yalama Milli Parkında daşına bilən evlərin tikilməsi və quraşdırılması işlərini həyata keçirib.
Şirkətin Heyvanat Parkında hansı işləri gördüyü və hansı səbəbdən ziyana düşməsiylə bağlı məlumat verilməyib.
araz.az xəbər portalı.