orxan_248876.jpg

Bir müddət fəhləlik eləmişəm. Daş qaldırmışam. Necə deyərlər, daşdan pul qazanmışam. Yüzlərlə ağır mərmər piltəyə alnımın təri hopub. Mənimlə birlikdə daş qaldıranların, mərmər boşaldanların gərgin iş rejimini, necə yorulmalarını, təngənəfəs olub ah çəkmələrini, bezib əllərinin dalı ilə etiraz etmələrini, yumşalıb işə qayıtmalarını görmüşəm. Fəhləliyin yeganə məcburi fəaliyyət olduğunu anlamışam.

Pul qazanmaq üçün görülən işlərin ağırlığını müqayisə etmək də olduqca qeyri-dəqiqiliyə gətirib çıxarır. Necə deyərlər, haqqını almaq üçün ya belin ağrımalıdır, ya da başın. Ümumiyyətlə, dolanmağın, yaxşı dolanmağın nisbəti müəyyən qədər ağrılarının böyüklüyündən, kiçikliyindən, xarakterindən asılıdır.

Fəhləlik doğuluşdan hər kişiyə peşkəş edilmiş fəaliyyət növüdür. Burada tələb olunan istedad bilavasitə fiziki gücün, dözümlülüyün dərəcəsiylə bağlıdır. Qollarını dirsəyəcən çırmalayırsan və iş başlayır.

Əslində, fəhlələrin gördüyü işin müqabilində aldıqları əl muzdunun olduqca aşağı, zorla qarındoyduran olduğuna toxunmaq istəmişəm. Günü 10 manata hər ağırlığın öhdəsindən gələn bu insanların dəyəri niyə bu qədər ucuzdur? Sıyrılmış qollar, qabarlı əllər, tər basmış alın, yaralı dabanlar axı daha artığına layiqdirlər. Axı nimdaş kitelinin döş cibinə bir neçə əzik manatlığı dürtən fəhlə ailəsinin yanında gözükölgəli olmamalıdır. Cibindəki manatların sayı ailə üzvlərinin sayından az olan fəhlənin əməyinə hörmət edilməsindən necə ağız dolusu danışmaq olar?

Keçmiş fəhlə yoldaşım ilk dəfə işlədiyimiz sexə gələndə günü 10-15 manata istənilən ağırlığın öhdəsindən gələ biləcəyini söyləmişdi. Bu əminliyə görə işə götürmüşdülər onu. Əvvəl-əvvəl ağır daşlarla öz balası kimi davranırdı. Ehtiyatla, təmkinlə yerbəyer edirdi. Sonra başa düşdüm ki, bu, gözə girmək üçün idbar bir üsuldur. O, 10 manat qarşılığında belini əyən daşları yox, iki körpə oğlunu sevirmiş. Onlara görə özünü bu işdən həzz alırmış kimi aparırmış. Ailəsini dolandırmağa başqa iş tapmadığı üçün özünü daşların altına veribmiş.

Üstəlik, kirayədə qala-qala başını fəhləliklə girələyirsənsə, vəziyyətin lap arzuolunmazdır. İndi gəl hər gün qazandığın 10 manatı ev yiyəsi və ailə üzvlərin arasında elə bölüşdür ki, hamısı razı qalsın. Belinin ağrısı, dizlərindəki aşırı taqətsizlik eyninə də deyil. Vəziyyətdən çıxmalısan. Məmləkətdə fəhləlik də məhz vəziyyətdən çıxmaq, çıxa biləcəyinə ümid etmək yolunda baş vurulmuş fəaliyyətdir. Burada könüllü fəhlələr çox azdır. Demək olar ki, yoxdur. Çünki məsələ birbaşa olaraq haqq, ödəniş azlığıyla bağlıdır. Fəhləliyin də, fəhlənin də qiyməti ucuzlaşdırılıb. Onlar da müti taleyi ilə barışmaq məcburiyyətindədirlər.

Əlbəttə, bu iş həmişə olacaq. Dünya nə qədər inkişaf etsə də, fəhləlik peşəsi mövcudluğunu qoruyacaq. Amma 10 manata sağlamlığını könüllü olaraq təslim etmiş bu insanlara qoyulan hörmət, yəni verilən əmək haqqı mütləq artmalıdır. İşsizlərin cəmləşdiyi yerlərdə “10 manata hər iş görürəm” deyə car çəkən dözümlü insanın çətinliyin hansı səviyyəsində olduğu anlaşılmalıdır. Onun bu işə işsizlikdən yeganə qurtuluş, balalarının acından ölməməsi üçün xilas yolu kimi baxdığı dərk olunmalıdır. 10 manatla sındırılmamalıdır. Daha çox əziyyət haqqı ilə ümidləndirilməlidir. Fəhlələrin əmək haqları artmalıdır!

Orxan İsmayıl
Milli.Az

 

araz.az xəbər portalı.