Hikmət SABİROĞLU.
Hər yandan çağırış gəlir: Azərbaycan dövləti Qarabağda qalan ermənilərə sığal çəkməli, gedənləri qaytarmalı, hamıya amnistiya verməlidir. Roberti-Serji bağrına basmışdı dünya, indi də Araiki məsum bilir. İşğalçıya qahmar çıxmışdı, azərbaycanlının öz yurduna ayaq basmasına dözmür.
Azərbaycan torpağı tutulub dibdən qaşına bilər, bu, işğal yox, “azadlıq mübarizəsidir”, azərbaycanlı yaralı yurduna bayraq sanca bilməz amma, bu, ədalət yox, “etnik təmizləmədir”.
Ukraynaya əl qoyulması təcavüzdür, erməni Şuşada yallı gedə bilər amma.
Gürcüstanın ərazi bütövlüyü müqəddəsidir, Azərbaycan Xankəndiyə sarı baxmasın amma, “Stepanakertdir”.
Moldovana güllə atmaq cinayətdir, azərbaycanlının başını kəsmək “bağışlanası xəta”.
Ermənistan mediası bir qarabağlı da tapıb danışdıra bilmir ki, əzizimi öldürdülər, ya evimi yandırdılar. Yoxdur belə fakt! Boşalmış yurd yerlərində bir çöpə əl uzatmır azərbaycanlı. Amma dünya “zorakı köçürmə” deyib durub.
Silahsız erməni olmayıb Dağ Qarabağda. Azərbaycan dövləti onların hər birini Laçın postundan sorğu-sualsız buraxıb. Qaniçən ordusundan cəmi doqquz nəfər tutulub, amma dünya amnistiyadan danışır. Araikin dünyası.
…Erməni yaxşı bilir niyə getdiyini. Yerə sığmayıb göyə meydan oxumuşdu, Allahı yaddan çıxarmışdı. Qalsa, Xocalının yanından ötməli olardı, üz qoymayıb buna, iç-içə yaşamağa, birgəliyə haqqını itirib gedib…
Bir ovucu Qafqaz Albaniyası əhlindən dönən, əksəri rusların qıraqdan gətirib pərçim elədiyi Qarabağ ermənisi Azərbaycan torpağında çox qana bais olub. 18-ci əsrdə Qarabağ xanlığının əl-ayağına dolaşıb, 19-cu əsrin rus işğalı ilə qol-qanad atıb, 20-ci əsrdə Azərbaycan Xalq Cümhuriyyətinə silah çevirib, ardınca sovetlərdən muxtariyyət ənamı alıb hədəqədən çıxıb.
Bilənlər bilir: Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət yox, ayrıca respublika kimi olub, yalnız Şuşada Azərbaycan hökumətinin varlığı duyulub, Stepanakertdə və ətrafında Azərbaycan bayrağı demirik, azərbaycanca bir lövhə də asılmayıb. 1988-ci ildə cin şüşədən çıxana qədər də işğal vardı, axır 35 ildə isə yanmayan körpü qalmadı.
Oturduğu budağı özü kəsib erməni. Gedib! Üç əsri qarsan, milyonların taleyini külə döndərmiş Qarabağ alovu belə sönür…
araz.az xəbər portalı.