“Ümumiyyətlə provayderlər tərəfindən istehlakçılara verilən internetin qiymətini bazar müəyyənləşdirir. Ancaq Azərbaycanda internet bazarında problemlər var. Belə ki, dövlət provayderlərinin internet bazarında payı 50 faizdən çoxdur”. Bunu Sonxeber.az-a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.
Dövlət provayderləri bazarı ələ keçirib
Onun sözlərinə görə, “Aztelecom”, “Bactelecom” və “Azercell” bazardakı payın yarısından çoxuna sahibdirlər və bunlar dövlətin provayderləridirlər: “Və bazardakı qayda-qanunları da bazarın özü deyil, bazar payının yarısından çoxunu tutan dövlət provayderləri müəyyənləşdirir. Bizdə bir qədər anormal vəziyyət var”.
O. Gündüz hesab edir ki, dövlət provayderlərinin bazar payındakı çəkisi 50 faizdən çox olduğuna görə qiymətlərin tənzimlənməsinə və internetin keyfiyyətinə dövlət nəzarət etməlidir: “Əks halda internetə görə qiymətin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması mümkün deyil”.
İnternetin qiymətini endirmək mümkündür?
AİF Prezidenti internetin qiymətinin endirilməsi mümkünlüyü məsələsinə toxunaraq qeyd edib: “Azərbaycanda internet qiymətlərinin aşağı düşməsinin tarixçəsinə baxsaq görərik ki, qiyməti bazar endirmir, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edir. Həmişə belə olub. Nazirlik öz provayderlərinə tapşırıq verir, onlar qiyməti aşağı salırlar, sonra da özəl provayderlər eyni addımı atırlar”.
Provayderlər kef edirlər
Ekspertin fikrincə, hazırda Azərbaycanın internet bazarında xoşagəlməz tendensiya var: “Artıq hamı elə bil ki, mövcud nəzarətsizlik şəraitdən istifadə edərək öz işindədir. Bu sahədə ya dövlət nəzarəti yetərincə deyil, ya da ictimai nəzarət imkanları kifayət etmir. Belə olan halda provayderlər düzünü desək kef edirlər. Yəni istehlakçıların hüquqlarını pozurlar, müqavilədə göstərilən internet sürətini vermirlər, qiymətləri baha saxlayırlar və s”.
İstifadəçilər məhkəməyə müraciət etməlidirlər
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna nəhayət son qoymalıdırlar: “İnternet istifadəçiləri isə keyfiyyətli xidmətin göstərilməsi üçün son instansiya olaraq məhkəməyə müraciət etməlidirlər”.
Azərbaycan üzrə göstərici biabırçı rəqəmdir
AİF prezidenti diqqətə çatdırıb ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti digər ölkələrlə müqayisədə olduqca aşağıdır: “Azərbaycanda hətta adambaşına düşən orta internet sürəti əvvəlki illərlə müqayisədə aşağı düşüb. Əvvəllər bizdə orta sürət 3-4, 5 meqabitin ətrafında olduğu halda indi statistakaya əsasən, söhbət 2,5 və 2,8 meqabitdən gedir. Bu artıq anormal vəziyyətdir, izahı yoxdur. Dünyada orta göstərici 7-8, Avropada isə təqribən 40 meqabitdir. Belə olan halda Azərbaycan üzrə göstərici hədsiz dərəcədə biabırçı rəqəmdir. Qonşu ölkələrlə müqayisə etikdə bizdə internetin sürəti olduqca aşağı və qiymət kifayət qədər bahadır. Aidiyyəti qurumlar bunun fərqində olmalıdırlar”.
Məftun Salmanov
araz.az
BAŞ REDAKTORDAN: Mən, buna görə, artıq bir ildir ki, hər axşam Azercell və Nar-a zəng vurur, ən qatı söyüşlərimi rəhbərlərinə ünvanlayıram. Gör, nə qədər həyasız və qudurğandırlar ki, ən qatı söyüşlər də onlara kar etmir. Dünya veclərinə deyil, haram qatılmış keflərini davam etdirirlər.
araz.az xəbər portalı.