Bibiheybət ərazisindəki, üzü dənizə baxan panoraması gözəl özgə torpaqları yerləşən ərazinin sahibi olmasıyla bağlı çoxdankı istəyinə çatmaq üçün, şirkət rəhbəri əvvəlcədən düşündüyü qanunsuz zəbt etmə planını işə salmaqdan belə çəkinmədi
Bu günlərdə, torpaq sahibləri bir də ayılıb gördülər ki, Salyan şossesi, 32 ünvanında onların halal torpaqları yerləşən bu gözəgəlimli ərazi başqası tərəfindən dəmir dirəklərlə hasara alınır
Vətəndaşlar daha çox rayon bələdiyyəsinin sədrindən şikayətçidirlər. Deyirlər ki, gəlib, heç olmasa, bir bu biabırçı özbaşınalığa baxmır da!..
Təəssüflər ki, Azərbaycan öz müstəqilliyinə qovuşandan ən böyük və çözülməz problemi, torpaqlarının mənfur düşmən tərəfindən işğalıyla, bir də, vətəndaşlara aid icarə və pay torpaqlarının əllərdən alınaraq, qanunsuz zəbt edilməsiylə bağlı olur həmişə. Konkret desək, camaatın torpağı mənfur düşmən tərəfindən Qarabağda, ayrı-ayrı vətəndaşlarınkı özümüzünkülər tərəfindən göz qabağında işğala məruz qalır. Dövlət adından, mövcud qanunlar çərçivəsində verilən rəsmi sənədləri ola-ola, çoxlarının min cür əziyyətlə aldıqları torpaqlar, heç nəyə baxılmadan, əllərindən alınır. Sanki ölkədə Azərbaycanın qanunları yox, pulları olanların maraqları işləyir. Təbii ki, bu ağrılı məsələni araşdırmaq istəyənin də, çox keçmədən, bunu sübutu etmək üçün, əlində kifayət qədər fakt və dəlilləri olur. Baxın, adıyla qəbul olunan qanunlarını yıxıb sürüyənlər, dövləti saya salmadıqlarını, beləcə, ortaya qoymaqdan çəkinmirlər. Dəhşət ondadır ki, əlaqədar dövlət qurumları belə işləri ədalətli araşdırmadıqları və bu işlərdə daha çox saxta sənədlər baş rolda olduğu üçün, dövlətin məhkəmə-hüquq sistemi də, bu ciddi məsələ ilə bağlı olan saysız-hesabsız cinayət və mülki xarakterli işlərlə dopdoludur.
Belə bir səs-küylü xoşagəlməz özbaşınalıq, bu günlərdə, Salyan istiqamətli yolun kənarında, Bibiheybətdəki Salyan şossesi, 32 ünvanında yerləşən ərazidə də baş verdi. “Paşa Holdinq” adından sui-istifadə edən “Moduleks” adlı özəl qurum nümayəndələri, 10 nəfərə yaxın vətəndaşın halal torpaq sahəsi yerləşən bu ərazini qanunsuz çəpərə alaraq, öz bildiklərini etmək istədilər. Daha dəqiq desək, öz adlarına rəsmiləşdirilən sənədlərlə bir-neçə vətəndaşa verilmiş torpaq sahəsini zəbt etmək xəyalına düşərək, rəsmən onlara verilən torpaq sahələrini saxta yolla ələ keçirmək istədilər. Bu yerdə, mövcud qanunlarımızın tələblərinə məhəl qoymayanlar, sanki onu da bilmirdilər ki, “PAŞA Holding”in fəaliyyətində əsas istiqamətlərindən biri Sosial Məsuliyyətdir. Buna əsasən, Holdinqin özü və törəmə şirkətləri tərəfindən, mütəmadi olaraq, korporativ sosial məsuliyyət layihələri həyata keçirilir. Belə xoşagəlməz işlərlə məşğul olmağa, kiminsə torpağını əlindən alma qalmaqalına qoşulmağa isə, belə bir nüfuzlu qurumun vaxt tapması da, ağlabatan deyil. Elə, bu torpaq qalmaqalı zamanı, “Moduleks”in nümayəndələrinin əllərini ağızlarına tutaraq, yalandan: «Amanın günüdür, susun, torpaqları götürən elə adamlardır ki, cınqırınızı çıxarsanız, həm özünüzün, həm də bizim başımız ağrıyar!» — deməklə, qorxu hissi yaratmaları da, açıq-aşkar süni təsir bağışlayırdı.
Yeri gəlmişkən, onu da xüsusi olaraq qeyd etmək istəyirik ki, bu torpaq qalmaqalına görə, vətəndaşlar təkcə adıçəkilən şirkətin harın rəhbər şəxslərindən deyil, rayon bələdiyyəsinin rəhbərliyindən də, hədsiz narazı olduqlarını xüsusi vurğulayırlar: “Görünür, Səbail Bələdiyyəsindəki çoxdan başlayan özbaşınalıq dalğası səngimək bilmir. Yoxsa, sədr Hacı Əliyevin özü, özü ilə bərabər, ətrafına yığaraq, məsul işlərlə təmin etdiyi yaxın və tanışları, bu torpaq qalmaqalı ilə maraqlanar, heç olmasa, bura baş çəkərdilər. Dəhşət ondadır ki, gəlib, heç olmasa, bir bu biabırçılığa baxmırlar da!”.
araz.az xəbər portalının əməkdaşları olaraq, biz də, bu ciddi məsələyə aydınlıq gətirmək üçün, hələlik, rayon bələdiyyəsinin rəhbəri və məsul şəxsləri ilə əlaqə yarada bilmədik. Amma surətlərini bu yazımızda da verdiyimiz əlimizdəki möhürlü və ştamplı çoxsaylı sənədlərdən açıq-aydın gördük ki, doğrudan da, bu torpaq sahələri bu vətəndaşlarındır və bunun təsdiqi olaraq, əlavə sübuta heç bir ehtiyac yoxdur. Çünki Səbail Rayon Bələdiyyəsinin 2004-cü ildə olan 098 saylı, 27 dekabr, 2006-cı il tarixli, 161 saylı, 29 dekabr, 2006-cı il tarixli, 421 saylı, hətta Səbail Rayon İcra Hakimiyyəti adından verilmiş 01.02.1999 tarixli, 099 saylı sərəncam və qərarlarla, bu torpaq sahələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və digər qanunların tələbləri çərçivəsində Esmira Abdullayeva, Asif Həsənov, Osman Tanrıverdiyev, Rövşən Feyziyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva… ad və soyadlı vətəndaşlara verilib. Onlar, hətta bu torpaq sahələrinin bələdiyyənin
alqı-satqı aktlarında olan rüsum vəsaitlərini də, o vaxtlar, bələdiyyə hesabına ödəyiblər. Konkret desək, bələdiyyə hesabına rüsum pulları — 6 sot torpaq üçün 1000, 12 sot üçünsə, 1950 manat ödənilməklə, torpaq sahələri onların adlarına rəsmiləşdirilib. Bütün bunlara baxmayaraq, həm də, elə, rayon bələdiyyəsinin rəhbər şəxslərinin məsuliyyətsizlikləri ucbatındandır ki, bu torpaq qalmaqalını törətməkdə günahkar olanlar, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər.
Məhz belə ciddi səbəblərə görədir ki, bu torpaq sahibləri də, bələdiyyə sədri Hacı Əliyevin yarıtmaz işindən daha çox şikayətçidirlər. Hətta onlar, onların halal torpaqlarının rayon bələdiyyəsinin hazırkı rəhbər şəxsləri tərəfindən, saxta yolla bu qalmaqalı yaradanlara satıldığını da iddia edirlər: “Əsas səbəblərdən biri də hamıya məlumdur — açıq-aydın görünür ki, bu işdə onların da maraqları var. Yoxsa, torpağımızı mənimsəmək istəyənlər, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərini nəzərə alaraq, bu qalmaqalı yarada bilməzdilər. Guya, onlar bilmirlər ki, çıxarışı və digər sənədləri olan halal vətəndaş torpaqları başqalarına verilə və satıla bilməz?!.”.
Deyilənlərdən hər şey aydındır, amma, nə olsun?! Axı, qanunsuzluğa qol qoyulan yerdə, qanuni sənədlərə fikir verən kimdir?! Belə olmasaydı və məsələ bundadır ki, bu torpaq sahibləri, bir də ayılıb görməzdilər ki, onların halal torpaqları, başqaları tərəfindən hasara alınıb. Elə, araz.az-ın əməkdaşları olaraq, biz bu qalmaqallı ərazidə olanda, onların nə vəziyyətdə olduqlarının da şahidi olduq. Onlar hədsiz əsəb gərginliyi içində idilər, elə, əsəbdən də, ərazinin qanunsuz hasarlanması üçün, qarşı tərəfin nümayəndələrinin yerə basdırtdıqları dəmir dirəkləri doğrayırdılar. Jurnalist olaraq, bizdən kömək umur, belə deyir və iddia edirdilər ki, özlərini «Paşa Holdinq»in yaxınları kimi tanıdan bir qrup şəxs, vaxtilə özlərinə aldıqları 6, 10, 12 sot torpaqları yerləşən bu ərazini ələ keçirmək üçün, hər oyundan çıxırlar. Onlarsa deyirlər ki, burada ev tikib, yaşamağı düşünürlər, ancaq pulları olmadığı üçün, ev tikmək arzuları hələlik yarımçıq qalıb: “Bizə xəbər çatdı və gəlib gördük ki, şəxsi torpaqlarımız olan bu ərazini “Paşa Holding”in” adıyla, “Moduleks”in” rəhbəri olan Xəlil adlı bir biznes sahibinin göstərişiylə, onun şirkətinin adamları zəbt edib. Artıq, ərazinin içində texnika və maşınları da işə cəlb olunmuşdu. Özünüz gördüyünüz kimi, hasara alınması üçün, ətrafına olduqca qiymətli dəmir dirəklər də basdırılıb.
Məcburiyyətdən, aləmə səs salmaq qərarına gəldik. Axı, necə sakit ola bilərdik ki, ümumilikdə, bu torpaq sahələri, öz zəlil əlimizlə işləyib, topladığımız halal pullarımız hesabına aldıqlarımızdır. Əlimizdə, keçirdiyimiz pulların təsdiqi olan çeklər və torpaq sahələrinin bizim olduğunu rəsmən təsdiqləyən ştamp və möhürlü rəsmi bələdiyyə və digər sənədlərimiz də var.
Özünüz belə görürsünüz ki, doğrudan da, bu torpaq sahələrinin bizə məxsus olması ilə bağlı, bütün lazımi sənədlər əlimizdədir. Hətta, torpağı alan zaman, öncə, sadəcə, ortada əsas hesab edilən hər birimizə məxsus alqı-satqı Müqaviləsi də, əlimizdədir. Sonradan müraciət edərək, aidiyyatı bütün dövlət qurumlarından, torpaq sahələrinin bizə məxsusluğunu inkarolunmaz sübutlarla ortaya qoyan digər sənəd və çıxarışlarımızı da almışıq. Bunun üçün də, xeyli pullarımızı xərcləmişik. Nə olsun, başımıza belə oyunlar gətirənlər də, ortada çoxdur.
Məcburiyyətdən, qanuni torpaq sahibləri olaraq, rastlaşdığımız bu problemlə bağlı bir çox dövlət qurumlarına müraciət etməyə qərar vermiş, şikayət xarakterli məktublar yazıb, hazırlamışıq. Mülkiyyət hüquqlarımızın pozulmasıyla bağlı, tezliklə, ölkə başçısına və Birinci Vitse-Prezidentə Müraciət ünvanlamağı da planlaşdırmışıq. Ümidvarıq ki, mülkiyyət hüquqlarımızın tanınması üçün, Prezident və Birinci Vitse-Prezident tərəfindən, bu ciddi məsələyə aidiyyatı qurumlarda ciddi baxılması ilə bağlı, ciddi tapşırıqlar veriləcək.
Axı, bizim hər birimizin bircə torpağımız var bu yer üzündə, onu da əlimizdən almaq istəyirlər. Ancaq, haqq səsimizi dinləyən olmadı hələ. Görünür, rahat vəzifə kreslosunda oturan harın məmurlar, əziyyətlə çörək yeməyin nə demək olduğunu bilmirlər, ona görə də, bizi anlamırlar.
Belə düşünürük ki, bu tamahkarlar, yerli icra hakimiyyəti orqanlarının səlahiyyət sahibləri ilə, belə qanunsuz işlərdə əlbirdirlər. Onlara yaxındırlar deyə,
belə qanunsuz əməlləri törətmədən öncə, elə, onlarla anlaşırlar da!..”.
Bu yerdə, şikayətçilər xüsusi olaraq onu da vurğuladılar ki, onların torpaq sahələri yerləşən bu ərazi ətrafında görünən və bəzək-düzəkli hasarlarla dövrələnmiş gözəgəlimli imarətfason 2 – 4 mərtəbəli çoxsaylı evlər də, “Moduleks” şirkəti tərəfindən tikilib və pullu adamlara olduqca baha qiymətə satılıb: “Şirkətin rəhbər şəxsləri, rəhbərinin adı Əli olan Türkiyə şirkəti ilə birgə işləyir və belə bahalı evlər tikirlər. Lakin gözləri doymur və panoraması gözəl belə torpaq sahələrini özbaşına və qanunsuz zəbt etməkdən belə çəkinmirlər. Elə, həmin yerləri də, onlar belə səs-küylü iyrənc üsullarla zəbt ediblər. Lakin arxalarında duran hansı güc sahibidirsə, onda da, törətdikləri cinayət xarakterli belə əməllərinə görə, xətirlərinə dəyən tapılmayıb. Sonda isə, həmin torpaq sahiblərinin başlarını da, belə yalanlarla tovlayaraq, olduqca ucuz qiymətə torpaqlarını ələ keçiriblər. İndi, bizim başımıza da, bu iyrəncliklə “torba tikmək” istəyirlər.
Özlərini elə aparırlar ki, guya, bu torpaq sahələri bizim yox, onların olub. Belə də haqsızlıq olar?! Bəs, əlimizdəki bu qədər dövlət sənədləri, reyestrlərdən çıxarışlar… Onlara nə deyəsən?! Ümumiyyətlə, 2004-cü ildən aldığımız torpaqlara qanuni sənədlər düzəltməyə kifayət qədər pullarımız çıxıb. Ona görə ki, hər birimiz övladlarımıza bir gün ağlamaq istəmişik. Bütün bunlara baxmayaraq, bizi eşidən də olmayıb. Hanı bu dünyanın etibarı?!”.
“Moduleks”in sahiblərinin kimlərin olması ilə bağlı araz.az-a danışan mənbə, həm də, bu barədə maraqlı faktlar açıqladı. Bu haqda bizi bilgiləndirən həmin mənbə qeyd etdi ki, həmin şirkət vaxtilə səs-küylü biznes adamlarına məxsus imiş. Onlar da, zamanında, buradakı qalmaqallı yerləri öz adlarına özəlləşdirməklə, sənədləşdiriblər: “Elə ki, camaata qarşı xüsusi bir hücum kampaniyasına start verilir, onda, çox keçmədən, onlara məxsus torpaq sahələrini əllərindən almaq istəyi ilə, irəli atılırlar. Lakin arzuları gözlərində qalır çox vaxt. Allahımız böyükdür, müqəddəs və şərəfli adına qurban, hər şeyi görür! Yəqin ki, onlar, bu torpaq sahibləri ilə də, bacarmayacaqlar!”.
Yeri gəlmişkən, sonda, onu da qeyd etmək istəyirik ki, “Moduleks”in tamahkar rəhbər şəxsləri, bir vaxtlar, ölkədə tanınan və nüfuzlu “Arqon” şirkətinin, bu qalmaqallı ərazinin qonşuluğunda yerləşən böyük torpaq sahəsini də, tamah salaraq, qanunsuz zəbt etmək istəyiblər. Lakin bu tamahkarlar, necə deyərlər, “ağız və burunları üstündən tərs şillə və yumruq zərbələri aldıqdan sonra”, onların bu istəkləri baş tutmayıb və arzuları gözlərində qalıb. Elə, buna görədir ki, bu torpaq sahibləri də, halal torpaqları uğrunda mübarizələrini sonadək aparacaqlarını qəti şəkildə deyirlər; Olduqca gərgin keçəcək bu müddət ərzində, əsəb və stresdən əlavə xəstəliklər qazanacaqlarını söyləsələr də!..
Yazını hələlik burada tamamlayırıq. Bu ciddi məsələ isə, mətbu vasitə əməkdaşları olaraq, daim diqqətimizdədir. Məsələ ilə bağlı, araz.az-ın Araşdırma Qrupunun daha ətraflı və geniş yazısını, yaxın günlərdə, ictimaiyyətin və dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.
Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.