Oktyabrın 24-də İstanbulda “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib.
araz.az xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Altınbaş Universitetinin birgə təşkilatçılığı, Qərbi Azərbaycan İcmasının dəstəyi ilə baş tutub.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin Dövlət himnləri səsləndirilib.
Konfransın açılış mərasimində Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov çıxış ediblər. Natiqlər Azərbaycanın və Türkiyənin Ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ölkələrimiz arasındakı əsrlərə dayanan münasibətlərin inkişafına əvəzsiz töhfələri, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi, bu ilin sentyabrında 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımızın tamamilə azad edilməsi, dövlətimizin başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltmasının tarixi əhəmiyyəti barədə danışıblar. Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlığının bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra daha da yüksələrək uğurla davam edəcəyi vurğulanıb.
Sonra Azərbaycan Televiziyasının hazırladığı “Qərbi Azərbaycan həqiqətləri” filmi nümayiş olunub.
Konfrans panel iclasla davam edib.
Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun üzvü, professor Vəfa Qurbanın moderatorluğu ilə keçən iclasda Milli Məclisin deputatı Hikmət Babaoğlu, İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru professor Raqıp Kutay Karaca və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, Türk-İslam Araşdırmaları Mərkəzinin direktoru, dosent Telman Nüsrətoğlu mövzu ətrafında çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, indiki Ermənistan Respublikasının ərazisi olan Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə burada yüz minlərlə Azərbaycan türkü yaşayıb. XIX əsrin əvvəllərində Çar Rusiyasının İrəvan xanlığını işğal etməsindən sonra bölgədə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsinə başlanıb. Çar Rusiyasının həyata keçirdiyi demoqrafik siyasət nəticəsində İrəvan xanlığının ərazisinə və Qarabağa müxtəlif coğrafiyalardan ermənilər kütləvi şəkildə məskunlaşdırıldı. Çətin müharibə nəticəsində İrəvan qalasını işğal etməyi bacaran və buna görə də İrəvanski soyadını götürən rus işğal ordusunun komandanı general Paskeviç başda olmaqla müxtəlif rus komandirləri və səlahiyyətli zabitlərinin mərkəzə göndərdiyi raportlarda, Rusiya arxivlərində saxlanılan minlərlə statistik məlumatı əks etdirən rəsmi arxiv sənədlərində İrəvan xanlığının ərazisinin türk-müsəlman yurdu olduğu qeyd olunub. Hətta İrəvanın işğalından sonra Paskeviçin adına hazırlanan sikkələrin üzərində şəhərin rəmzi olaraq məscid və minarə təsvirləri də həkk edilib.
Qeyd edilib ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra çar rejimi ermənilərin Cənubi Qafqaza köçünü təşkil etmək üçün komissiya yaratmış, Aleksandr Qriboyedov və milliyyətcə erməni olan polkovnik Lazarev həmin komissiyada xüsusilə fəal olublar.
Bildirilib ki, XIX əsrdə 12 məscidin olduğu İrəvanda bu günümüzə qədər bir məscid gəlib çatıb. Ermənilər İrəvandakı yeganə məscid olan Göy məscidin iranlılara məxsus olduğunu iddia edirlər. Lakin Göy məscidin XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirildiyi məlumdur.
Natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinə də toxunublar. Qeyd olunub ki, Sovet İttifaqı dövründə Ermənistanda azərbaycanlıların mədəni izlərinin məhv edilməsi ilə kifayətlənilmədi, yüz minlərlə azərbaycanlı bu torpaqlardan deportasiya olundu. 1948-1953-cü illərdə Ermənistandan 144 min 600, 1988-1991-ci illərdə isə 300 minə yaxın azərbaycanlı deportasiya edilib. Beləliklə, Azərbaycan türklərinin son qrupları Qərbi Azərbaycan torpaqlarından köç etmək məcburiyyətində qaldı və Ermənistan tamamilə monoetnik dövlətə çevrildi.
Tədbir çərçivəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə, soyqırımı və vandalizm aktlarını əks etdirən fotolardan ibarət sərgi açılıb.
araz.az xəbər portalı.