ILham Ismayil
İrəvanda rəsmən elan etdilər ki, Qarabağdan köç edən ermənilərin artıq 3000 nəfəri Ermənistanı tərk edib. “Miatsum”- qışqırıb hay salanlar, “ana Ermənistanla” birlikdə olmaq üçün qan tökənlər, nədən Ermənistana çatan kimi xaricə üz tutdular? Təəccüblü heç nə yoxdu, ermənilər Ermənistanı çöldən sevməyə üstünlük veriblər, elə buna görə də, Ermənistandan kənarda yaşamaq yüz illərdir ki, bu millətin həyat tərzidir. Ümumiyyətlə, bu proses məntiqi nəticəyə gətirib çıxaracaq-Ermənistan sürətlə boşalacaq… 
Bəs, ermənilər bundan sonra Azərbaycanla, Türkiyə ilə düşmənçiliyə son verəcəkmi?.. 
“Dənizdən dənizə”, hansısa Tiqranın dinozavrlar yer üzündə cövlan edəndə dövlət qurması əfsanələrini ermənilər əvvəlki tək beyinlərə yeridə bilməsə də, bu yalanlardan əl çəkəsi də deyillər. Hədəfdə yenə Azərbaycan, yenə Türkiyə olacaq və hər zaman olduğu kimi, istədiklərini başqalarının – növbəti himayədarların əli ilə görməyə çalışacaqlar. Bu qənaətə gəlməyimizin keçmiş və bu günkü səbəbləri var. Təzə bir nümunəni xatırlatmaq yerinə düşər. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin sağlamlığı ilə bağlı xəbərlər yayıldı ki, guya prezident otağında yıxılıb və həkimlərin müdaxiləsindən sonra səhhəti normallaşıb. Bu xəbəri ermənilər fürsət kimi dəyərləndirib gələcəyin xəyallarını qurmağa başlayıblar. “Armenian report”un  müəllifi yazır: “ Putinin ölümü böyük perspektivlər açır. Demokratiya və liberal dəyərlərə yönəlmiş yeni Rusiya dövlətimizlə çiyin-çiyinə dayanacaq. Sonra Bakı və Ankara üçün çox çətin dövrlər başlayacaq. Birdən məlum olacaq ki, onlar görünmək istədikləri qədər güclü deyillər. Biz isə Azərbaycanda və Türkiyədə onların xəyal etdiyi qədər zəif deyilik. Belə ki, gələcəyə nikbinliklə baxmalıyıq. Ermənistan işğal olunmuş öz ərazilərini, öz artsaxını qaytarmaq şansından istifadə etməlidir”.
Ermənilər Azərbaycanın Qarabağ qələbəsini Putinlə bağlamaqla özlərinə təskinlik verirlər ki, Putin olmayandan sonra Rusiya Qarabağı sinidə ermənilərə hədiyyə edəcək. Doğrudur ki, çar Rusiyası erməniləri İrandan və Türkiyədən Qarabağa, Gəncəbasara köçürməklə Azərbaycanda 200 il gərginlik, müharibə ocağı yaradıb. Keçən əsrin 90-cı illərində məhz Rusiyanın hərtərəfli yardımı və dəstəyilə Azərbaycanın 20 faiz torpaqlarını işğal edib özlərini qalib sayırdılar. Amma istədiklərinə sonadək nail ola bilmədilər və hələ də anlamaq istəmirlər ki, Azərbaycan Ordusu işğalçıları son nəfərinədək Azərbaycan Respublikasının torpaqlarından birdəfəlik qovub ərazi bütövlüyünü, suverenliyini əbədi olaraq bərpa edib. Bundan sonra Rusiyada, Fransada kimin hakimiyyətə gəlməsinin Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan, Türkiyə, türk dövlətləri isə daha da güclənəcək…
Amma qonşularımızın kimlər olduğunu, bizə münasibətlərində səmimi olmadıqlarını bilirik və alət olmağa adət etmiş ermənlərdən bizə təzyiq vasitəsi kimi istifadə edəcəklərini unutmamalıyıq. Dünya nizamı pozulub və yeni dünya düzəni, hələ ki, formalaşmayıb. Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə dünya düzəninə kifayət dərəcədə təsir edib. Ukrayna, Yaxın Şərq müharibələri davam etdiyi bir vaxtda Azərbaycanın tarixi qələbəsi dünyanın gərginlik ocaqlarından biri hesab edilən Cənubi Qafqazda bütün dəngələri dəyişdi və dünənədək bizə yan baxan yaxın və uzaq qlobal güclər də yanaşma prinsiplərinə əsaslı redaktələr etməyə məcbur oldular.
Lakin indi o mərhələdir ki, Avropa Parlamenti, Avropa Şurası, ayrıca Fransa, hətta ABŞ-nin ayrı ayrı-konqresmenləri də ermənilər qarşısında son kozlarını oynayırlar və real nəticə əldə etməyəcəklərini də yaxşı bilirlər. Fransanın göndərəcəyi və aylar sonra İrəvana çatacaq silahlar da Azərbaycan üçün təhlükə deyil, amma nəzərə almalıyıq…
Ümumiyyətlə, Ermənistanda hələ uzun müddət revanşist əhval-ruhiyyə qalacaq, zaman-zaman da hakimiyyət uğrunda mübarizə aparan qüvvələr “artsaxa qayıdacağıq” şüarları ilə siyasət quracaqlar, təzyiq vasitəsi kimi terror törədəcəklər. Bilirik və hazırıq.
Sülh müqaviləsi necə, imzalanmaq ehtimalı nə dərəcədə mümkündür? Əgər ayın sonunda Brüssel görüşü baş tutarsa, sülh müqaviləsinin imzalanması tezliklə reallaşa bilərmi? Lavrovun Tehrandakı açıqlamalarından bu nəticəyə gəlmək olar ki, Rusiya delimitasiya xəritəsinə əsaslanaraq sülhdən əvvəl sərhəd məsələlərini, anklav kəndlərin problemini həll edilməsini və davamı olaraq öz vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasına çalışacaq. Bu proses Paşinyanın ürəyincə olmasa da, ölkə daxilindəki gərginliyi azaltmaq məqsədilə zamanı bir qədər də uzatmağa cəhd edəcək. Qeyd edək ki, Tehrandakı görüşdən sonra, bu, heç də asan başa gəlməyəcək. Azərbaycan isə.., həmişəki kimi nəyi, nə vaxt edəcəyini yaxşı bilir…
İlham İSMAYIL.

araz.az xəbər portalı.