eziz4 1

Ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətlər törədiblər. Bu cinayətlər 200 il əvvəl başlayıb. Lakin, son yüz il ərzində törədilən cinayətlər bütün hüdudları aşıb və bununla bağlı saysız faktlar, sənədlər, sübutlar var. Xüsusilə, 1918-1919-cu illərdə ölkəmizdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət istintaq materiallarını buna misal gətirmək olar. 1948-1953-cü illər deportasiyasına isə beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməyib. Bu deportasiyaya ilk tarixi qiymət Ulu Öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə verilib və hüquqi-siyasi qiymət verilməsi zəruri hesab edilib.

Bu fikirləri araz.az-a açıqlamasında Türkiyədə səfərdə olan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov söyləyib.

Qərbi Azərbaycan İcmasının Azərbaycanın ictimai-siyasi həyatında üzərinə tarixi bir missiya götürdüyünü deyən deputat bildirib ki, qurum yarandığı gündən indiyədək tarixi Azərbaycan ərazisi olan, indiki Ermənistan adlanan dövlətdən qovulan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olub və onların geriyə qayıtmasına dair əzəli hüquqlarını müntəzəm olaraq gündəmdə saxlayıb.

“Təəssüf ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan hər kəs və bütün xalqlar Stalinin ölümündən sonra məhkəmə qərarları ilə bəraət alsalar da, 1948-1953-cü illər deportasiyasından zərər çəkənlərə hələ də hüquqi müstəvidə bəraət verilməyib. Deportasiya olunanlar və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmayıb. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən fərqlənməyib” – deyə icma sədri bildirib.

Qeyd edilib ki, o vaxt indiki Ermənistan adlanan ərazidə, yəni, Qərbi Azərbaycanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıb və 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib: “Bütövlükdə götürsək, 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlılar yaşayıblar. Bu soydaşlarımızın hamısı ermənilərə xas üsul və yollarla son nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Deportasiya prosesində soydaşlarımızdan 200 nəfərdən çoxu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən çoxu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycanlılar 300-ə yaxın yaşayış məntəqəsindən qovulublar və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5, ictimai təsərrüfatlar üzrə isə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard dollar həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu məbləğ bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil”.

Rəhbərlik etdiyi qurum tərəfindən qısa müddətdə Qərbi Azərbaycandan qovulan əhalinin adlı siyahısının tərtib edildiyini və elektron daşıyıcılara köçürüldüyünü xatırladan Əziz Ələkbərov bildirib ki, Azərbaycan Baş Prokurorluğunda Ermənistandan qovularkən ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə istintaq işi açılıb. Deputat deyib: “Bu həqiqətlərin tanıdılması və gündəmə gətirilməsi, Qərbi Azərbaycandan deportasiyaya məruz qalan əhalinin hüquqlarının, mədəni irsinin qorunması, onların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüquqlarının bərpa olunması istiqamətində icmanın gördüyü işlər əsasən iki xətt üzrə aparılır. Bunlardan biri ölkə daxilində Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, xalqımızın öz doğma torpaqlarında yaratdığı, bu gün də yaşatdığı zəngin irsin öyrənilməsi və təbliğindən ibarətdir. Digər və ən önəmli istiqamət isə ölkəmizin hüdudlarından kənarda, eləcə də beynəlxalq təşkilatlarla görülən işlərdir. Artıq hər iki istiqamət üzrə xeyli iş görülüb və uğurla görülməyə davam edir”.

araz.az xəbər portalı.