Xahiş edirəm, başlığa görə məni bağışlayın. Əsəbiniz soyumadısa, bir daha üzr istəyirəm. Bu başlığı seçməklə diqqətinizi mühüm mövzuya çəkmək istəyirəm. Ölkəmizdə ən çox qınanan sahənin insanları bizik – məhz belə xəbər başlıqlarına və oxşar mövzulara görə… Amma siz də artıq bu xəbərə daxil olmusunuz. Fərqimiz ondadır ki, birimiz təqdim edirik, digərimiz onu rahatlıqla qəbul edib incələyirik. İndi sual olunur: günah kimdədir? Bir-birimizi tamamlayırıq. Siz yazını oxuduqca, qıcıqlanırsınızsa, mən də yazarkən sizin əhavali-ruhiyyənizdəyəm. Vəziyyəti izah etmək üçün fikrinizi, diqqətinizi, yalnız bu yolla çəkə bilərdim, çünki başlığa mövcud problemi qeyd etsəydim, inanmıram ki, çoxlarınızın saqqızını oğurlaya bilim.

Bir daha üzr istəyərək mövzuya keçim – insanların bu vəzifədən digərinə keçidinə və ya yüksəlməsinə, enməsinə o qədər diqqət yetirilir ki, belə maraq insanı heyrətə gətirir. Məsələn, Azərbaycanda vəzifə yüksək məqam və qüdrət kimi anlaşılır. Amma vəzifə olduqca məsuliyyət tələb edən məqamdır. Mövzu “qaqan vəzifəyə gəlsin, gör nağarajax” olmamalıdır, buna “görəsən, təklif olunan vəzifənin öhdəsindən gələ biləcəmmi?” kimi yanaşılmalıdır. Kimsə vəzifə tutduqda imtiyaz və yeni imkanlar haqda düşünməli deyil, əksinə, məsuliyyət və diqqət əvvəlkindən də çox olmalıdır. Çünki vəzifə həm də kimlərinsə müqəddəratında taleyüklü rol almağın deməkdir.

Ümumiyyətlə, xəbərlərin mətni vəzifəli şəxsə, iş adamına aiddirsə, bu mövzu necə deyərlər, “partlayacaq”. Xəbər axtarışına çıxan jurnalist də “partlatmaq” üçün sözügedən sahəyə köklənir. Kökləndirən də elə oxucular olur. Oxucularla hesablaşmamaq isə mümkün deyil. Təsəvvür edin, jurnalist araşdırma edir, ortaya maarifləndirici məqalə qoyur, oxunma sayı onu həvəsdən salır. Axı “Şəmsinin naskisi” ilə maraqlanan insanlara nə təqdim etsin? Sosial şəbəkəni açır və görür ki, corab və ayaq paylaşılır, hay-həşir düşüb ki, “ay qardaş, ay bacı, nə baş verib?” Avropa ölkəsinə köçən azərbaycanlı belə, Şəmsi hadisəsi ilə maraqlanır.

Bloger “Niko” qəzaya düşən ərəfədə də onunla bağlı bütün məqalələr diqqət mərkəzində idi. Maraqlıdır ki, oxuyanın da “bəsdirin, bezdirdiniz bizi” sədası da eyni yerdən gəlirdi. Zatən, “Niko”nun izləyicisi o qədər çoxdur ki, bəlkə də bəzi saytların gündəlik izləyici o qədər deyil. Bir daha soruşuram günah kimdədir?

Verilişlərin birində qonaq olarkən hamının tanıdığı məşhur yazıçı “mən də +18 başlıqlı xəbərlərə daxil oluram, diqqətimi çəkir” dedi. Həmin adam “öhö, öhö, öhö” yazanda statusuna 5 min layk gələn şəxsdir. Çox üzr istəyirəm, amma yenə soruşacağam: kimdir günahkar?

Axı cəmiyyətimizin fenomenal şəxsləri bunlardır: “Tosu Zəngilanlı”, “Baboş”, Nail Kəmərlinin “Hikmət Sovetski”si, AUE və s. və i.

Rəhmətlik “Tosu” öləndə xəbər saytları məcbur olmuşdu ki, onun haqda nə tapdılar, təqdim etsinlər. Həqiqətən həmin gün oxucuya başqa mövzu sunmaq, ağılsızlıq sayıla bilərdi.

Sıralamaya baxın: əqli və qismən fiziki məhdudiyyətli olan, homoseksual davranış və danışıq tərzi ilə məşhurlaşan, narkoman və lotu manerası ilə gündəmdə qalan.

Gəlin bir az özümüzü qınayaq, qınayaq ki, nəticə çıxaraq, nəticə çıxaraq ki, nəyisə dəyişək. Keçmişdəkilərə gerizəkalı kimi baxan bir çox insanlarımız var, onların bizə qoyduğu mədəniyyətlə yeni nəslin ortaya çıxardığı “art”ı müqayisə edin. Tənəzzülə, yoxsa yüksəlişə aparan yeni tələblər?

Maraqlarımızın kimliyimizi ortaya qoyduğundan xəbəriniz varmı? Yoxdursa, sizə pis xəbərim var, bu, həqiqətən belədir. Nəyə meyilliyiksə, elə oradan ciddi fərqimiz yoxdur.

Yeri gəlmişkən, bu gün “Komedixana”nı qınayanlar bəlkə özünü qınayır xəbəri yoxdur?! Bəlkə gülənlər özünə gülür, bəlkə də görmək istəmir ki, özünü görür? Bəlkə, bəlkə, bəlkə…

Samir MİRZƏ MİRİ.

araz.az xəbər portalı.