Bu gündən Rusiyada qüvvəyə minən “RF vətəndaşlığı haqqında” əsas qanunla əcnəbilərin ölkə vətəndaşlığını almasında dəyişikliklər olub.
araz.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin saytında bildirilib.
Belə ki, sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq hüququ olan şəxslərin siyahısında dəyişiklik edilib. Buraya Rusiya universitetlərini əla qiymətlərlə bitirənlər, həmçinin Rusiyanın dövlət sərhədi daxilində, keçmiş Rusiya imperiyasına və ya SSRİ-yə məxsus ərazidə daimi yaşayan yaxın qohumları olanlar daxil edilib.
Ancaq miqrantlar üçün qanun sərtləşdirilib, onlar üçün məcburi tələblər irəli sürülüb. Belə ki, miqrant Rusiyada yaşamalı və 5 il müddətinə yaşayış icazəsi olmalıdır, rus dilini, Rusiya tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir.
Əvvəllər Rusiya vətəndaşı ilə azı üç il evli olduqda sadələşdirilmiş qaydada pasport almaq mümkün idi. Yeni qaydalarda nikahın müddəti meyarı götürülüb, ancaq ümumi uşağın olması ilə bağlı məcburi şərt yaranıb. Bu tədbir saxta nikahların bağlanması praktikasını aradan qaldırmaq üçün atılıb.
Qeyd olunub ki, pasport almış əcnəbi Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlar yaydığına, ordunu nüfuzdan saldığına, habelə fərariliyə görə vətəndaşlığını itirə bilər.
araz.az xəbər portalı.