Məhərrəm Zülfüqarlı: “İndiyə qədər Fələstin dövlətinin yaradılmasına imkan verilməyib”

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İsrail və Qəzzada vəziyyətlə bağlı qətnaməsinə veto qoyub. Sənədin lehinə 10 ölkə, əleyhinə isə Rusiya Federasiyası, Çin və Birləşmiş Ərəb Əmirlikləri səs verib. İki dövlət bitərəf qalıb.

Sənəddə Fələstinin HƏMAS hərəkatının İsrailə hücumu pislənilir. Qətnamə atəşkəsə çağırmır, lakin ölkələrin özünümüdafiə hüququnu tanıyır. Bundan başqa, sənəddə girovların dərhal azad edilməsinin zəruriliyindən danışılır. Qətnamə, həmçinin, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, sənəddə münaqişə zonasında dərhal atəşkəs tələb olunmadığından, ölkəsi qətnaməni məqbul saymır. O qeyd edib ki, Rusiya İsrail və Qəzza ilə bağlı alternativ sənəd layihəsi hazırlayıb.

Maraqlıdır, BMT Təhlükəsizlik Şurasının İsrail-HƏMAS müharibəsi ilə bağlı toplantısının çağrılmasına, bununla bağlı qətnamənin qəbul olunmasına niyə imkan verilmir? Neçə dəfə Rusiya, Braziliyanın təşəbbüsü ilə qətnamənin qəbul olunması təklifi verildi. Birləşmiş Ştatlar buna veto qoydu. İndi də Rusiya və Çin ABŞ qətnaməsinə veto qoyur. Bu nə vaxta qədər belə uzanacaq? BMT Təhlükəsizlik Şurasının belə dişsiz və təsirsiz quruma çevrilməsinin səbəbləri nədən ibarətdir?

  • “Yaxın Şərqdə böyük dövlətlərin mənafeyi toqquşduğu üçün  BMT-nin Qəzza ilə bağlı qətnaməsi dalana dirənib”

Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Hazırkı İsrail-HƏMAS qarşıdurmasının aradan qaldırılmasına böyük dövlətlərin imkan verməməsinin əsas səbəbi bu cür münaqişələrdən öz məqsədləri üçün istifadə etməsi ilə bağlıdır. İsrail dövlətinin yaradılması ilə bağlı qərar BMT Təhlükəsizlik Şurası tərəfindən 1947-ci ilin noyabrında qəbul olundu. Nəticədə 1948-ci ilin mayında İsrail dövləti yarandı. Bu dövlətin yaranmasında ən çox kömək edən, canfəşanlıq edən SSRİ və ABŞ idi. Məqsəd bundan öz mənafeləri üçün istifadə etmək idi. Lakin o zaman SSRİ-də Stalin rejimi buna nail ola bilmədikdən sonra böyük bir represiya əməliyyatı keçirdi. O zaman buna “Həkimlər işi” deyirdilər. Yəni Stalin rejimi kütləvi həbslərə gedərək acığını yəhudi həkimlərdən çıxdı. ABŞ və İngiltərə isə İsraildən öz məqsədləri üçün zaman-zaman istifadə ediblər. Tək Yaxın Şərqdə olan İsrail-Fələstin münaqişəsi deyil, Qarabağ və digər münaqişələrdən böyük dövlətlər öz mənafeləri üçün istifadə ediblər. Yəni belə münaqişələr böyük dövlətlərin xeyrinədir. Çünki hər birində silah istehsal edən böyük şirkətlər var. Bu münaqişələr olmasa silahları kim alacaq? Bax məsələ bundadır. Yəni münaqişə olmasa belə, böyük dövlətlər onu yaradırlar ki, hər iki tərəfə silah satsınlar. Yaxın Şərqdə İsrail dövləti ilə yanaşı, Fələstin dövlətinin də yaradılması nəzərdə tutulub. Bu o zaman BMT-nin qərarında öz əksini tapıb. Ancaq indiyə qədər Fələstin dövlətinin yaradılmasına imkan verilməyib. Bunun bir səbəbi İsrail dövlətinin yaradılmasıdırsa, ikinci səbəbi ərəb ölkələrinin ilk dövrdən İsrailə qatı düşmən mövqeyindən yanaşması ilə bağlı idi. O vaxt onlar deyirdilər ki, biz yəhudiləri dənizə tökərik. İndi isə İran və Suriya oxşar mövqedən çıxış edir. Bundan başqa, keçmiş SSRİ Fələstin Azadlıq Təşkilatının yaradılmasına yardım edib, onları silahla təmin edib. İndi həmin siyasəti SSRİ-nin varisi Rusiya davam etdirir. Bir sözlə, Yaxın Şərqdə böyük dövlətlərin mənafeyi toqquşduğu üçün  BMT-nin Qəzza ilə bağlı qətnaməsi dalana dirənib. Baş verənlərin kökündə bu dayanır. Ona görə də BMT-də islahatlar aparılmalıdır”.

Vidadi ORDAHALLI.

araz.az xəbər portalı.