qacqinlar.jpg

Azərbaycan Qaçqınlar Cəmiyyəti Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, ictimai təşkilatların rəhbərlərinə, millət vəkillərinə, mediya nümayəndələrinə, sosial şəbəkə təmsilçilərinə, qrup adminlərinə, ziyalılara və bütün Azərbaycan xalqına M Ü R A C İ Ə T edib.

İnform.az-ın xəbərinə görə, həmin müraciəti Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyəti adından Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli imzalayıb.

Müraciəti təqdim edirik:

Əziz soydaşlar!

1988-ci il tariximizə təkcə Qarabağ münaqişəsinin başlanması – Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və torpaq iddiası ilə düşmədi, həmin il biz, bir millət olaraq, həm də tarixi torpaqlarımızın böyük bir parçasını – Qərbi Azərbaycan adlandırdığımız, zaman-zaman itirə-itirə gəldiyimiz 29,8 min kv. km-lik bir Ərazini, Vətəni, Yurdu itirdik…

Hələ 20 Yanvar, Xocalı faciələri baş verməmişdi. Hələ Azərbaycanımızın ürəyi olan Qarabağımızın dağlıq və aran hissələri Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmamışdı. Hələ bir milyon nəfərə yaxın qaçqınımız, məcburi köçkünümüz yox idi. Hələ torpaqlarımızın iyirmi faizi işğal altında deyildi. Amma Qərbi Azərbaycanda – Ermənistan Respublikası ərazisində, öz tarixi dədə-baba torpaqlarında azərbaycanlıların soyqırımı start götürmüş¬dü. Hər gün əlbəyaxa toqquşmalar, lokal münaqişələr, həbslər, təzyiqlər bir-birini əvəz edir, baş alıb gedirdi.

Biz o vaxt bu faciənin mahiyyətini və miqyasını nəinki dünyaya, heç Azərbaycanın o vaxtkı rəhbərlərinə, məmurlarına, dövlət və partiya işçilə¬rinə, hətta bəzi sıravi adamlarına da başa sala bilmirdik.

Ermənilər Azərbaycandan Qarabağı tələb edirdi. Qərbi azərbaycan¬lılar isə Ermənistanda ermənilərə qarşı Qarabağ uğranda mübarizəyə qalxmışdılar. Vedibasarda, Göyçədə, Ağbabada, Zəngəzurda əhali mitinqlər keçirir, etiraz əlaməti olaraq SSRİ-Türkiyə sərhədinə toplaşırdı.

Lakin o çətin vaxtlarda qərbi azərbaycanlılara nə Moskva¬dan, nə də Bakıdan heç kəs kömək etmədi, daha doğrusu, yuxarılar kömək etmək istəmədi, aşağılar isə kömək edə bilmədi. Cəzasızlıqdan ürəklənən, əl-qol açan, sürətlə silahlanan ermənilər artıq açıq-aşkar meydan sulayır, özlərinin bütün milli yaramazlıqlarını ortaya qoyurdular.

Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu soyqırımının mərhələləri və xarakteri bütün Ermənistan ərazisində eyni idi. Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir və onların çıxıb getməsini tələb edirdilər.

Artıq azərbaycanlı işçilər iş yerlərinə, uşaqlar isə məktəblərə buraxılmır, dü¬kan-bazarda azərbaycanlılara ərzaq, və s. gündəlik tələbat malları satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi.

Bu, əsl mənəvi, psixoloji terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəl-əvvəl cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev sahibini döyür, şərləyib həbs edir, hücum edib ev-eşiyini dağıdır, od-vurub yandırırdılar. Artıq başqa yol görünmürdü. Beləcə, rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşalır, erməniləşirdi.

Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə “silahlanıb” tonqal yandırıb küçələrdə keşik çəkirdilər.

Noyabrın sonlarında isə ermənilər bütün Ermənistan üzrə azərbaycan¬lı kəndləri üzərinə qəti hücuma keçdilər. On günün içində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər vəhşicəsinə qətlə yetirildilər.

Azərbaycanlılar ayaqyalın, başaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bəzi kəndlərin əhalisi vertolyotlarla, tanklar, BTR-lərlə erməni mühasirəsindən çıxarılıb Azərbaycanın sərhəd rayonlarına, Naxçıvana daşındı. Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi.

Azərbaycanlı kəndlərinə bu sonuncu hücum 1988-ci ilin 24 noabrından 5 dekabrına qədər davam etdi. Ermənilər dekabrın 5-i gününü “Türksüz Ermənistan” elan etmişdilər və bayrama hazırlaşırdılar. Dünya susdu, amma Allah bu haqsızlığı qəbul etmədi və dekabrın 5-də məşhur “Spitak zəlzələsi” ermənilərin “bayramını” qara bayrama çevirdi. Lakin biz Qərbi Azərbaycan qaçqınları 30 ildir bu deportasiya faciəsini taleyimizdə yaşayırıq. O hadisələrin canlı şahidi olan insanlarımızın çoxu “Vətən”, “Yurd” – deyə-deyə dünyasını dəyişib, sağ qalanların ürəyi yara bağlayıb.

Əziz soydaşlar! Təxminən iki aydan sonra həmin faciəli hadisələrin 30 ili tamam olur. O faciəli tariximizin təfərrüatını hələ də nəinki dünya, heç xalqımız da lazımi səviyyədə bilmir. Bilmir ki, 1988-1991-ci illər deportasiyası zamanı Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın – o vaxtkı Ermənistan SSR ərazisinin 22 rayonunun 300-ə yaxın yaşayış məntəqəsindən 49928 ailədə 250 min nəfər azərbaycanlı doğma yurdla¬rından zorla qovulub. Qaçqınlıq zamanı soydaşlarımızın fərdi və ictimai təsərrüfatlarda yüz milyardlarla manat dəyərində əmlakı əvəzi ödənilmədən ermənilər tərəfindən mənimsənilib. Həmin hadisələr zamanı yüzlərlə soydaşımız qətlə yetirilib, şikəst edilib, insanlar psixoloji travma alıb.

Minillərin yadigarı olan tarixi abidələrimiz, məbəd, pir, ocaq, məscid və qə¬biristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb, məhv edilib, yaxud erməniləşdirilib. Bütün bunların qeydiyyata alınması, hesablanması, sənədləşdirilib ortaya qoyulması və bütün bunlara siyasi və hüquqi qiymət verilməsi son dərəcə vacib, tarixi və döv¬lət əhəmiyyətli işdir. Lakin təəssüf ki, bu günə qədər bu edilməyib. Hələ də Azərbaycanda Qərbi Azərbaycanlıların 1988-ci il faciəsinin təfərrüatı barədə heç kəsin dolğun məlumatı yoxdur. Gələcək nəsillər qarşısında bunun cavabını kim verəcək?

Əziz soydaşlar!

Sizə üz tuturuq. Qarşıdan gələn iki-üç ay ərzində bütün imkanlarınızı bu məsələnin gündəmə gətirilməsinə, təşkilatlarınızın gündəliyinə salınmasına, iş planlarına daxil edilməsinə, KİV vasitələrinin manşetinə çıxarılmasına sərf etmənizi xahiş edirik. Dünyanın kar olmuş qulaqları Azərbaycanın haqq səsini eşitməlidir. Dünya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti təkcə Azərbaycanın əzəli torpağı olan Qarabağın işğalı ilə bitmir, bundan əvvəl 250 min nəfər soydaşımız Ermənistandakı öz ata-baba yurdlarından vəhşicəsinə qovulublar.

Dünya Azərbaycandan Qarabağ erməniləri üçün yüksək status və təhlükəsizliklərinə təminat tələb edirsə, eyni tələbləri Ermənistan rəhbərliyindən də 1988-1991-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar üçün etməlidir.

Əziz soydaşlar!

Azərbaycanımızın ərazi bütövlüyü, davamlı inkişafı və təhlükəsizliyi, müstəqilliyimizin əbədiliyi naminə sizdən bu gün bu məsələni – Qərbi Azərbaycanlı soydaşlarımızın 1988-1991-ci illər deportasiyasının bütün aspektlərini, səbəb, forma və nəticələrini var gücünüzlə gündəmə gətirməyi xahiş edirik.

Bir daha ümumi taleyimizə münasibətdə birlik, həmrəylik nümayiş etdirək!

 

araz.az xəbər portalı.