nato66.jpg

Ramil Məmmədli: “Kreml KTMT üzvi olan Qazaxıstanın NATO ilə bu yöndə əməkdaşlığından narahatdır”

Qazaxıstan hərbçiləri NATO standartlarına uyğun olaraq sülhməramlı əməliyyatlarda iştirak edəcəklər. Bu barədə respublikanın müdafiə idarəsi bildirib. Kreml ABŞ-ın dəstəyi ilə Qazaxıstan Müdafiə Nazirliyinin sülhməramlı əməliyyatlar mərkəzinin yeni konfrans zalının açılışı barədə məlumatlara təmkinlə reaksiya verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı qeyd edib ki, sülhməramlı missiyaların özünəməxsus xüsusiyyətləri var: “Sülhməramlı missiyanın özünəməxsus xüsusiyyətləri var. Qazaxıstan ordusu dünyanın müxtəlif yerlərində iştirak edir. Bütün bu proses amerikalılar tərəfindən sülhməramlıların hazırlanmasıdır. Ümid edirik ki, dostlarımızdan əlavə məlumat alacağıq”. Eyni zamanda Peskov qeyd edib ki, sülhməramlı missiyaların öz xüsusiyyətləri var, Qazaxıstan ordusu dünyanın müxtəlif yerlərində iştirak edir.

Qeyd edək ki, ABŞ səfirliyi Birləşmiş Ştatların dəstəyi ilə Qazaxıstanın beynəlxalq sülhməramlıların hazırlanması üçün imkanlarını genişləndirmək məqsədi daşıyan layihə ilə bağlı açıqlama yayıb: “Birləşmiş Ştatlar təhlükəsizliyin, firavanlığın və sülhün qorunması maraqları naminə Qazaxıstanla əməkdaşlıq etməkdən qürur duyur”.

Göründüyü kimi, Rusiya bunu narahatlıqla qarşılasa da, Qazaxıstan rəsmiləri susqunluqla izləyir.

  • “Qazaxıstan rəsmiləri ona görə prosesləri sakit izləyirlər ki, Moskvanın bu ölkəyə təsirinin azalmasında maraqlıdılar”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Kreml KTMT üzvi olan Qazaxıstanın NATO ilə bu yöndə əməkdaşlığından narahatdır: “Narahat olmalarının nəticəsidir ki, Kreml belə reaksiya verir. Əslində Qazaxıstanla NATO arasında əməkdaşlıq yeni deyil. Qazaxıstan müstəqillik əldə edəndən bəri tərəflər arasında əlaqələr var. Məsələ ondadır ki, Qazaxıstan hakimiyyəti NATO ilə 1992-ci ildən başlayaraq əməkdaşlıq edir. Bu alyansla münasibətlər 1994-cü ildə imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədinə əsaslanır. O vaxtdan bir sıra MDB ölkələri kimi, Qazaxıstan da müntəzəm olaraq birgə hərbi təlimlərdə iştirak edir. Qazaxıstanlı hərbçilər 2014 və 2015-ci illərdə NATO egidası altında Qərbi Sahara və İraqda sülhməramlı missiyalarda iştirak ediblər. Qazaxıstan rəsmiləri ona görə prosesləri sakit izləyirlər ki, onlar Moskvanın bu ölkəyə təsirinin azalmasında maraqlıdılar. Son illər Qazaxıstan bəzi məsələlərdə Rusiyadan məsafə saxlayır. Məsələn, Donetsk, Luqans və Krım məsələsində Qazaxıstan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Əvvəl Qazaxıstan nefti Novorossiysk limanı ilə daşınırdısa, artıq Astana öz neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşıyır. Ara-sıra Rusiyada bəzi siyasi dairələr Qazaxıstanın şimalına ərazi iddiası irəli sürür. Ruslar Qazaxıstanda ikinci ən böyük milli qrupdur. Onlar əsasən ölkənin şimalında, Qaraqanda vilayətində və Şərqi Qazaxıstanda, Rusiya ilə həmsərhəd vilayətlərdə kompakt yaşayırlar. Bütün hallarda Kreml nəzərə almalıdır ki, Qazaxıstan KTMT üzvi olsa da müstəqil dövlətdir”.

Vidadi ORDAHALLI.

araz.az xəbər portalı.