cahangir_zamire-azeuro-1.jpg

Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.

O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirlir.

İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Modern.az saytı BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında – Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.

Ali Məhkəmə ona sərvətinin mənbəyini izah etməyi əmr edib – əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıblar.

“İzahedilməmiş Sərvət Sərəncamı” (UWO) nədir?

 

Bu sərəncam (UWO) Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür.

Yeni “İzahedilməz Sərvət Sərəncamı” onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir.

Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

İlk işin hədəfi olan cütlük kimdir?

 

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.

O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.

Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

 

Cütlüyün Harrods yaxınlığında bahalı evi var

Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq izni verib.

Cütlük Britaniyaya nə qədər pul gətirib?

 

İyul ayında Ali Məhkəmənin iclası zamanı cütlük “cənab və xanım A” kimi tanınırdı. Sonradan Zamirə Hacıyeva olduğu aşkarlanmış xanım A-nın böyük miqdarda birdəfəlik gəlirlərinin olduğu bəlli oldu.

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir.

Məhkəmədə aydın olub ki, o, böyük ödənişləri, məsələn, bir gündə lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197290.50 dollar) xərcləyib.

“Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib”, deyə məhkəmədə bildirilib.

 

Zamirə Hacıyeva son 10 il ərzində dəbdəbli Harrods alış-veriş mərkəzində 16 milyon funt (21.04 milyon dollar) xərcləyib

Başqa bir gün o, Cartier zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.

Xanım Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Zamirə Hacıyeva yanlış bir şey etdiyini qəbul edibmi?

 

Xeyr, o deyir ki, günahsızdır və fevral ayında ilk dəfə “İzahedilməyən Sərvət Sərəncamı” tətbiq ediləndə ona qarşı çıxmağa cəhd edib.

Zamirə Hacıyevanın vəkilləri Ali Məhkəməyə deyiblər ki, o və əri kütləvi ədalətsizlikdən əziyyət çəkiblər.

Cahangir Hacıyev bankında dələduzluq etdiyini qəbul etmir – hərçənd ki, haqqında çıxan qərardan verdiyi apellyasiyanın qərarı onun xeyrinə olmayıb.

O, Avropa İnsan Haqları Məhkəməsində işinə baxılması üçün vəsatət qaldırılmasına çalışır.

Zamirə Hacıyeva “İzahedilməyən Sərvət Sərəncamı”nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Lakin Milli Cinayət Agentliyi məhkəməyə deyib ki, cənab Hacıyev 1993-2015-ci illər ərzində dövlət rəsmisi olub və buna görə də sərvət təhqiqatçılarının ortaya çıxardığı var-dövlətə sahib olmaq üçün imkanı olmamalı idi.

 

araz.az xəbər portalı.