Adəm Məmmədov: “Bu insanlar daha neçə il gözləməlidirlər ki, problemləri öz həllini tapsın?!”
Vaqif Hacıbəyli: “Söhbət ən ali hüquqların birindən – mülkiyyət hüququndan gedirsə, Konstitusiya Məhkəməsinin bir nömrəli vəzifəsi bu problemin həlli olmalıdır”
araz.az ayna.az-a istinadən xəbər verir ki, Oktyabrın 18-də dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranının hüquqi nümayəndəsi Mübariz Yolçiyev tərəfindən Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Adbullayevə müraciət ünvanlanıb. Hüquqşünas bildirib ki, vətəndaşlar tərəfindən KM-ə ünvanlanan daha öncəki müraciətin üstündən 6 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ cavab verilməyib və bu, pay sahiblərinin kütləvi narazılığına, etirazına səbəb olub.
“Bu gün Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər? Niyə 6 aydır iş uzanır? Niyə Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın müraciətinə cavab vermir?”, – deyə Yolçiyev KM sədrinə sual edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Prezident Adminstrasiyası tərəfindən Konstitusiyaya Məhkəməsinə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.
Onu da vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri, ölkə ziyalıları hazırda Konstitusiya Məhkəməsinin qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu bəyan edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır.
Bakı Dövlət Universitetinin (BDU) Konstitusiya hüququ kafedrasının dosenti, Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, hazırda tarixi ədaləti bərpa etmək üçün Konstitusiya Məhkəməsi qarşısında unikal fürsət yetişib: “Özəlləşdirmə çekləri vətəndaşların mülkiyyət hüququdur. Dövlət onlara bu çekləri əvəzsiz olaraq ayırıb. Qeyd edilib ki, bu vauçerlər qiymətli dövlət kağızlarıdır və heç bir halda zəman məhdudiyyəti nəzərdə tutula bilməz. Eyni zamanda, inflyasiyadan qorunmaqla özəlləşdirmə çekləri üçün konkret məbləğ nəzərdə tutulub. Lakin bu proses yarımçıq həyata keçirilib”.
“Fırıldaqçı işbazların və məmur oliqarxiyasının neqativ fəaliyyəti, əhalinin maariflənmə səviyyəsinin aşağı olması səbəbindən bəzi vətəndaşlar özəlləşdirmə paylarını “qara bazar”da satışa çıxardılar. Lakin elə vətəndaşlarımız da var ki, onlar bu günə qədər özəlləşdirmə paylarını qoruyub saxlayırlar. Lakin kimlərsə deyir ki, onların heç bir dəyəri qalmayıb. Bu, kökündən səhv və yanlış qərardır. Necə ola bilər ki, mülkiyyət hüququnun tədavül müddətinin başa çatması əsassız qərarla məhdudlaşdırılsın?! Bu qanunsuzluğu aradan qaldırmaq lazımdır”, – deyə hüquqşünas vurğulayıb.
Keçmiş deputatın Konstitusiya Məhkəməsindən ciddi gözləntiləri var: “Hesab edirəm ki, tarixi ədalət bərpa olunmalıdır. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi ədalətli qərar verəcək. Bundan sonra prosesin necə və hansı formada həyata keçiriləcəyinə aidiyyəti dövlət qurumları qərar verməlidir”.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Adəm Məmmədov da AYNA-ya şərhində söyləyib ki, Konstitusiya Məhkəməsi təcili olaraq vətəndaşların xeyrinə qərar çıxarmalıdır: “Vətəndaşların mülkiyyət hüquqları pozulub. Hansı ki, mülkiyyət hüququ bir insanın doğulandan dünyasını dəyişənə qədər, bundan sonra isə vərəsəlik yolu ilə varislərinə keçən bir hüquqdur. Bunu heç bir halda pozmaq olmaz!”.
“Amma nə etdilər? Yüzminlərlə vətəndaşın hüquqları pozuldu. Dövlətin onlara ayırdığı paylar dəyərsiz kağız parçasına çevrildi. Sovetlər dövründə əmanət banklarında vətəndaşların pulları batdı. Sonradan Azərbaycan hökuməti onu qismən kompensasiya etdi. Özəlləşdirmə çekləri ilə bağlı isə heç bir addım atılmır”, – deyə müsahibimiz diqqətə çatdırıb.
“Payı əlində qalan insanlar daha neçə il gözləməlidirlər ki, problemləri öz həllini tapsın?! Kontitusiya Məhkəməsi bu qərarı elan etməlidir. Bunun əksinə getməyə onun nə hüquqi, nə də mənəvi əsası var. Ümid edirəm ki, belə də olacaq”, – deyə Məmədov qeyd edib.
Öz növbəsində tanınmış hüquqşünas Vaqif Hacıbəyli AYNA-ya bildirib ki, özəlləşdirmə prosesi böyük qüsurlarla müşayiət olunub: “Açıq şəkildə söyləmək olar ki, proses eybəcər şəkildə həyata keçirilib. Hansı ki, bununla bağlı fərmanda və qanunvericilikdə mütərəqqi məqamlar yer alırdı. Bu müddəaların heç biri həyata keçirilmədi. Mafioz qruplar vətəndaşlara məxsus səhmləri ələ keçirdilər”.
“Bununla bağlı bir hüquqşünas olaraq mən də vaxtilə bir qrup səhmdarın hüquqlarını müdafiə etmişəm. Gördüyüm mənzərə dəhşətə gətirirdi. Təsəvvür edin ki, səhmdarlar halal pulla aldıqları müəssisələri itirdilər. Buna görə onlara heç bir kompensasiya ödənilmədi. Prosesi çox biabırçı və rüsvayçı formada təşkil etdilər”, – deyə ekspert vurğulayıb.
Hacıbəyli birmənalı şəkildə hesab edir ki, Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul etməlidir: “Çünki burada ali hüquqlardan birindən – mülkiyyət hüququndan bəhs olunur. Əslində hazırda Konstitusiya Məhkəməsinin bir nömrəli vəzifəsi də bu olmalıdır”.
QEYD
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla infilyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün ücün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
araz.az xəbər portalı.