“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün əməli addımlar atılsa da, qarşı tərəfin dəyişkən mövqeyi səbəbindən müqavilənin bağlanması mümkün olmur. Amma bütün çətinliklərə baxmayaraq, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər”.

araz.az bildirir ki, bunu KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib: “Çünki prinsipial məsələlərin bir çoxu razılaşdırılıb. Amma bundan sonra sülh yaratma prosesinin gündəminə süni müddəalar əlavə edilərsə, onda çətin ki, böyük sülh sazişi imzalamaq mümkün olsun.

Fransanı danışıqlar prosesinə soxuşdurublar. İndi də Fransa yoxdur, amma onun ideyaları danışıqlar prosesinin gündəliyinə daxil edilib. Sülh müqaviləsindən danışanda, üstəlik Azərbaycana öhdəlik götürməyi vadar etmək istəyirlər. Onlar çalışırlar ki, Azərbaycan ərazisindən çıxan bütün ermənilərin geri qayıtması haqqında öhdəlik götürək. Ona görə də Brüssel görüşü baş tutmadı. Yaxın vaxtlarda ola bilsin danışıqlar davam etdirilsin, amma hər halda gündəlik sırf sülh yaratma niyyəti ilə formalaşdırılmalı və Azərbaycana qarşı hiyləgər, qərəzli müddəalar qəbul etdirməyə çalışılmamalıdır”.

Daha sonra ötən həftə Paşinyanın kommunikasiya xətlərinin açılmasıyla bağlı bəyanatına toxunan Qabil Hüseynli bildirib ki, Ermənistan baş naziri bununla Zəngəzur dəhlizinə eyham vurur.

Paşinyan bunu birbaşa söyləməsə də, dolayısı ilə deyir: “Çünki İranla müəyyən anlaşma əldə edilib. Araz çayının üzərindən körpü salmaqla Naxçıvana doğru dəmir yolunun İran ərazisindən keçilməsi barədə razılaşma var. İndi bundan sonra ermənilər biri-birinin ardınca açıqlamalar verərək Zəngəzur dəmir yolunun açılmasına razı olduqlarını bildirirlər. Planda Qazax-İcevan və Gümrü-Qars dəmir yolu xətti də var. Bunların hamısı birmənalı surətdə Ermənistanın xeyrinədir. Amma başı boşlar Qərbin təzyiqlərinə məruz qalır və prosesin alınmasını əngəlləyirdilər. İndi səhvlərini başa düşməkdədirlər.

Sadəcə olaraq Rusiya və Ermənistan Zəngəzur dəhlizi ideyasını xeyli təhrif etdilər, gözdən saldılar. Məhz onun nəticəsidir ki, vəziyyət gəlib toqquşma nöqtəsinə çatıb. Bundan da yararlanan İrandır”.

araz.az xəbər portalı.