metbuat shurasi logo main 011020

“Müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat
Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və Şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd
fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla
əlaqədar bildiririk ki, Mətbuat Şurası həmin gödəkçələrin verilməsini
dayandırıb!” — ciddi xəbərdarlıq təsiri bağışlayan bu fikirlər, mətbuat qurumundan araz.az-a da daxil olan məlumatda əksini tapıb. Sonra isə, Mətbuat Şurasının həmin məlumatında xüsusi olaraq belə vurğulanıb:
“Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət
əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media
fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə
edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə, gödəkçələrin
verilməsi dayandırıldı.

press
Mətbuat Şurası həmçinin “PRESS” gödəkçələrin bənzərlərinin ayrı-ayrı
şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib.
Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki,
gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda
peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz.
Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz
hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla
yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə
almağa çağırır”.

Məlumatın sonunda isə bildirilir ki,
“PRESS” gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları
hazırlanır. Yaxın vaxtlarda, bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır.

araz.az xəbər portalı.