Ermənistan dövlətindən tələbimiz qayıdacağımız ərazilərdə tarixi toponimlərimizin bərpa olunmasıdır.

araz.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə söyləyib.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması istiqamətində görülən işlərdən, atılan konkret addımlardan danışan Ə.Ələkbərli deyib: “Bu gün Qərbi Azərbaycanda doğulanların şəxsiyyət vəsiqələri “ASAN xidmət” xətti ilə dəyişdiriləndə doğulduqları rayonların, kəndlərin tarixi adları yazılır. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var və bunu heç kim qadağan edə bilməz”.

araz.az xəbər portalı.