Qərbi Azərbaycan qədim türk-oğuz məskənidir. Tarixi faktlar hələ eramızdan əvvəl VIII əsrdə türk etnosların Qərbi Azərbaycan ərazisində yaşadıqlarını təsdiq edir.
araz.az xəbər verir ki, bu sözləri oktyabrın 31-də parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev deyib.
İcma nümayəndəsi oktyabrın 23-dən 27-dək Strasburqda keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində erməni təxribatına qarşı layiqli cavab verildiyini bildirib. “Biz öz mövqeyimizi ermənilərə bildirdik və onlara istədiklərinə nail olmağa imkan vermədik. Mən özüm Qərbi Azərbaycanın Hamamlı rayonundanam. İnsan öz kökündən, torpağından ayrı yaşaya bilməz. Qərbi azərbaycanlılar öz haqlarını tələb edirlər. Biz tarixi torpaqlarımıza mütləq qayıdacağıq”, – deyə Təmraz Tagıyev vurğulayıb.
İcma nümayəndəsi diqqətə çatdırıb ki, Azərbaycanın humanist ölkə olaraq ermənilərin Qarabağdan dinc şəkildə getməsini təmin etdiyini bütün dünya gördü. Halbuki azərbaycanlılar Ermənistandan, Qərbi Azərbaycandan min bir zülmlə və zorla çıxarılmışdılar.
araz.az xəbər portalı.