Səbail ərazisində yaşamasa da, Hacı Əliyevin bu Rayon Bələdiyyəsinin sədri seçilməsi mümkünlüyünün səbəbləri, günü bu günədək, çoxları üçün, düşündürücü və qaranlıq olaraq qalır 

Yerli əhalinin tanımadığı belə birisinin yenicə yaranıb, formalaşan yerli özünüidarəetmə orqanının rəhbəri vəzifəsinə gətirilməsi, doğrudan da, şübhə dolu qaranlıq çox məqamlardan xəbər verir

“Araz” Media Qrupundakı araz.az xəbər portalının bu yaxınlarda verdiyi iki yazısı, Səbail Bələdiyyəsində başlayan özbaşınalıqlarla bağlı idi. Həmin yazılarda xüsusi olaraq vurğulanırdı ki, belə özbaşınalıqlar dalğası ölkənin bu bələdiyyə strukturunda gündən günə şiddətlənir. Məhz bu səbəbdən ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi yaxınları və tanışları, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Elə, buna görə də, narazı camaat arasında durmadan artan haqlı şikayətlər və giley-güzarlar səngimək bilmir. Belə gedişlə, heç, şəngiyənə də oxşamır. Səbəbi də, hamıya gün kimi aydındır — yarandığı gündən Səbail Bələdiyyəsinin rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir!

Doğrudan da, bu — belədir! Bunun inkarolunmaz daha bir sübutu isə, göz qabağında, “kor-kor, gör-gör”dür. Daha dəqiq desək, indi də, ölkənin bu yerli özünüidarəetmə orqanı, necə deyərlər, öz rəhbəri “əlində əsir-yesirə çevrilib”. Şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Elə, bu səbəbdəndir ki, ölkənin media vasitələrindəki kimi, araz.az-da da, deyilənlər barədə yazılanların sayı, əhali giley-güzarı, haqlı şikayət və iradlar getdikcə daha da çoxalır. Dəhşət ondadır ki, bu bələdiyyədəki vəzifə sahibləri arasında, bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin tövsiyyələrinə, onun layiqli varisi, ölkə başçısı İlham Əliyev cənablarının ciddi göstərişlərinə belə əhəmiyyət verib, diqqət ayıran yoxdur. Halbuki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində atılan addımlar dövlətimizin başçısı İlham Əliyevin demokratik təsisatların genişləndirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi, özünü göstərir həmişə. Çox təəssüf ki, bu da, onları narahat etmir, necə deyərlər, “dünya heç veclərinə belə deyil!”.

Elə, araz.az-ın bu yazısı da, deyilənlər barəsindədir və öncə, xüsusi olaraq onu qeyd etmək istəyirik ki, bu media vasitəsinin əməkdaşları olaraq, yazının əsas mövzusunu təşkil edən bu ciddi məsələni daim diqqətdə saxlamağa qərar vermişik. Ümumiyyətlə, bu barədə olacaq yazılarımızı vaxtaşırı dəyərli oxucularımızın diqqətinə çatdırmağı planlaşdırmışıq. Bu yazımızda isə, “rəngarəngliyi baxımından” daha təsirli çoxsaylı vətəndaş şikayətlərinin, etiraz və iradların əksi olan təəssüf və məyusedici hisslər dolu narahatedici epizodları dəyərli oxucularımızın diqqətinə çatdırmağı vacib bildik.

Məyusluq və təəssüf doğuran həmin narahatedici epizodlar aşağıdakılardır:

— Ölkə mətbuatında, eləcə də, araz.az xəbər portalında bu ciddi məsələ ilə bağlı dərc olunan çoxsaylı yazılarda xüsusi olaraq vurğulananlar ona bir işarədir ki, Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən, qarşıdakı dekabr ayında fəaliyyət dövrlərinin 25-ci ilinə qədəm qoyacaq bələdiyyələrin əksəriyyəti ilk fəaliyyətlərinə zibil pulu yığmaqla başladılar. Elə, zibil təmizləməklə də, qısa müddətdə, özləri zibilə düşdülər. Yəni, bəziləri hakimiyyətlə, bəziləri yerli sakinlərlə üz-üzə qaldı. Ölkə üzrə onlarla bələdiyyə sədri və ya üzvü həbs edildi, bəziləri isə, el-oba içərisində olan-qalan hörmətini belə itirdi. Məhz bu səbəbdən ki, yenicə yaranıb formalaşan bu yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin əksəriyyəti öz fəaliyyətlərini camaatın xeyrinə qurmaq, onlara verilən bu istiqamətli işlərdə məqsəd və məram tələblərinə əməl etmək istəmədilər; Elə, Səbail Bələdiyyəsindəki kimi!
Rəhbəri sarıdan bəxti heç vaxt gətirməyən bu bələdiyyə strukturu, onların özlərinə xas iş metod və prinsipləri ucbatından, həmişə, rəsmən qəbul edilən məram və məqsədlərinin əksinə köklənmiş xoşagəlməzliklərlə üz-üzə qaldı. Rəhbər şəxslər nə oyunlardan çıxmadılar?! Konkret desək, onlar tərəfindən şəxsi mənafe naminə çalışmaq hər şeyi, rəhbər sarıdan yaxşı qəbul edilən bütün kriteriyaları üstələdi. Bu, elə, indiki sədr Hacı Əliyevin iş metod və prinsiplərində də, lap öndə olan əsas amil kimi göz qabağındadır — danılması belə mümkünsüzdür;

— Bir ara, ölkə mətbuatının, eləcə də araz.az-ın vaxtaşırı “bəzəyinə çevrilən” foto-video sübutlarla zəngin “YAP-çı bələdiyyə sədrinin müxalifətçi nəvəsi radikalların təbliğatçısı rolunda” mövzulu yazılarda xüsusi olaraq vurğulananlar, Hacı Əliyevin “qoltuğuna qarpız verirdi”.
Barəsində danışdığımız və bu ciddi məsələ ilə bağlı olan həmin yazılarda xüsusi olaraq qeyd olunurdu ki, Azərbaycanda hazırki iqtidarın hesabına böyük vəzifələr tutan və elə, buna görə də, görmədikləri maddi nemətlər əldə edən bəzi şəxslərin və onların yaxın qohumlarının sonradan hakimiyyətə qarşı müxalif mövqedən çıxış etmələri, hətta ölkəmizə düşmən mövqedə dayanan xarici dairələrin əlində alətə çevrilən xaricdəki “söyüş müxalifəti”nə müəyyən kompramatlar sızdırması ilə bağlı bu tip xəbərlər, onda, yenilik deyildi. Bununla bağlı ortaya çıxan bir çox faktlar və iddialar da mövcud idi — elə, bunun kimi!
Bəli, onda bu xüsusda ölkənin mətbuat vasitələrinin, eləcə də, araz.az-ın redaksiyalarına olduqca ilginc məlumatlar daxil olurdu. Həmin məlumatların birində isə, Səbail Bələdiyyəsinin Yeni Azərbaycan Partiyasını təmsil edən sədri Hacı Əliyevin, özünü “ictimai fəal” kimi göstərən nəvəsi Nurel Rövşən oğlu Kərimin dövlətçilik əleyhinə real və virtual fəaliyyətindən bəhs olunurdu. Nurel Kərimin sosial şəbəkələrdəki hesablarının müşahidəsi də açıq-aydın göstərirdi ki, bu gənc adam radikal müxalifətin mövcud iqtidar əleyhinə köklənən təbliğatının əsası hesab edilən ruporlarından birinə çevrilib.
Məsələn, onda, Nurel Kərim öz Facebook hesabında, mütəmadi olaraq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönəlik razılaşdırılmamış aksiyalara çağırış edir, özü böyük şövqlə bu aksiyalarda fəal iştirakçı olurdu. Üstəlik, öz qanuni vəzifəsini yerinə yetirən Azərbaycan Polisinin belə fəaliyyətini gözdən salmaq, guya, ölkəmizdə sərbəst toplaşmaq azadlığının pozulması görüntüsünü yaratmaq üçün, durmadan, bütün sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edirdi.
Bəli, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin bu “ictimai fəal” nəvəsi və adıçəkilən bələdiyyənin işçisi Nurel Kərim Azərbaycan iqtidarını ən sərt formada tənqid edən, dövlətimizdən ayrı-ayrı beynəlxalq təşkilatlara durmadan şikayətlər ünvanlayan sevdiyi radikal müxalifətçilərlə tez-tez bir araya gəlir, onların istək və arzuları naminə milli dövlətçilik əleyhinə trolluq edirdi. Ölkəmizdə, guya, bütün yöndən olan insan azadlıqlarının tam olaraq boğulduğunu qəti şəkildə iddia etməyə cəhdlər göstərirdi.
Etdikləri hesabına, “göynən getdiyini” düşünən bu “gənc fəal”, həmçinin, Azərbaycanda demokratik ab-havada baş tutduğu bütün yerli və beynəlxalq təşkilatlar tərəfindən bəyan edilən son parlament seçkilərinin belə, saxta keçirildiyini və onu tanımaqdan imtina etdiyini də yazırdı. Maraqlıdır, görəsən, Nurel Kərim ölkənin ən yaşlı bələdiyyə sədrlərindən olan babası Hacı Əliyevin də, onda qatıldığı bələdiyyə seçkiləri haqqında belə düşünürdümü?!.
Yuxarıda deyilənlər azmış kimi, Nurel Kərim özünün sosial şəbəkələrdəki digər çoxsaylı paylaşımlarında, Azərbaycanda həyata keçirilən dərin genişmiqyaslı islahatlar siyasətini gözdən salmağa, bu siyasətin, guya, reallığı əks etdirmədiyini iddia etməyə də çalışırdı. Ümumiyyətlə, bu “gənc fəalın”, qəti şəkildə demək olar ki, bütün fəaliyyəti sosial şəbəkələrdə, reallıqda götürüldükdə, birbaşa, radikal müxalifətin ideologiya və tesizlərini təbliğ etməyə yönəlmişdi.
Redaksiyamıza vaxtaşırı daxil olan etibarlı mənbələrimizin digər çoxsaylı məlumatlarına görə, onda, Nurel Kərim Bakı Dövlət Universitetində təhsil alırdı. Və 20-yə qədər fəndən kəsiri vardı. Di gəl ki, buna görə, bu ali təhsil ocağında heç kəs onun xətrinə dəymirdi. Ona görə ki, onu da, babasını, ona yad bir bələdiyyənin sədri postuna gətirən hansısa nüfuzlu gözəgörünməz qüvvə qoruyub həmişə. Onun özü isə, siyasi yöndən şirin vədləri sayəsində, Bakı Dövlət Universitetində təhsil alan daha çox gəncin radikal qrupların siyasi təsir gücü altına düşmələri naminə yorulmadan çalışıb. Dəhşət ondadır ki, onda, onun bu etdikləri, daha çox isə, ölkədəki mövcud hakimiyyətə qarşı tutduğu kəskin siyasi mövqe, onunla fəxr edən babası Hacı Əliyevə də, sevincdən “uçmağa qol-qanad verirdi”;

— Yeri gəlmişkən, qeyd edilməsini vacib bildiyimiz daha bir etibarlı mənbə məlumatında, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin, bələdiyyə seçkilərinə bir-neçə ay qalana qədər, paytaxt Bakının Nizami rayonundakı “Razin” deyilən qəsəbədə yaşadığı, rəsmi olaraq, orada qeydiyyatda olduğu xüsusi olaraq vurğulanır. Ölkə üçün xüsusi bir önəm daşıyan həmin vaxtda, yenə, hansısa gözəgörünməz bir qüvvənin, onu seçkilərə bir-neçə ay qalmış “Səbail sakini” edə bilməsi və elə, bu rayondan seçkilərə qatılmasına münbit şərait yaratması da, xüsusi olaraq qeyd olunur.
Yeri gəldi deyə, onu qeyd etmək istəyirik ki, Hacı Əliyev bələdiyyə sədri olandan, necə deyərlər, bir “ailə ansamblını” ətrafına toplayaraq, əvvəldən burada işləyən təcrübəli çoxlarını işsiz qoyub. Əvvəlcədən də qeyd etdiyimiz kimi, onun, barəsində yuxarıda danışdığımız radikal müxalifət mövqeli nəvəsi də, guya, Səbail Bələdiyyəsində iş başındadır. Əslində isə, Hacı Əliyev bələdiyyə sədri vəzifəsinə gətiriləndən, doğma-yaxınlarını burada işlə təmin etməsində başqa məqsədləri olub. Ən əsası odur ki, onların adıyla, “rəsmi qaydada olaraq”, indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib. O pulları ki, bələdiyyə adıyla, Səbail rayonu ərazisində yerləşən, fəaliyyətləri rəngarəng çoxsaylı müəssisələrdən və digər pul qazanan obyektlərdən toplatdırıb. Adi bir misal: Etibarlı mənbəmizin verdiyi bir məlumatda bildirilir ki, elə, onun bələdiyyə adına buradakı hotellərdən, mehmanxana və digər pullu obyektlərdən toplatdırdığı yüz minlərlə pul, bələdiyyənin hesabına yox, Hacı Əliyevin cibinə yığılıb.
İndi isə, rayonun nüfuz təəssübünü çəkən, edilən belə qanunsuz və haqsız hərəkətlərə görə, hədsiz təəssüf hissi keçirən səbailli tanınmışlar, necə deyərlər, “ayaq üstə qalxıb”, belə dəhşət dolu qanunsuzluqlar törədənlərin “paylarını vermək” istəyirlər. İstəyirlər ki, öz rayonlarında haqq-ədalət öz yerini tapsın. Dövlət səviyyəsində yoxlama təşkil edilsin, işə götürülənlərin hamısının bütün işləri araşdırılsın. Və Hacı Əliyevin özünün, bu rayonda yaşamasa da, bələdiyyə sədri seçilməsinin necə mümkün olmasına diqqət ayrılsın.  
Bu yerdə, həmin tanınmışların, xüsusi narahatlıq doğuran bu suallarını da, araz.az xəbər portalının vasitəsi ilə, ölkənin əlaqədar dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırır və onların bu suala cavablarını, həmin tanınmışlar kimi, biz də, jurnalist olaraq, xüsusi bir səbirsizliklə gözləyirik: “Maraqlıdır, görəsən, öz doğma nəvəsini dövlətçilik ruhunda tərbiyə edə bilməyən Hacı Əliyev, özünün bələdiyyə rəhbəri fəaliyyətini hansı meyarlar əsasında qura bilir?!”…

(DAVAMI VAR)

Malik MİRZƏ,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.