“Ölkədə rəqəmsallaşma səviyyəsi ən aşağı olan sahə, ən bərbad rəqəmsal sektor səhiyyə sistemidir. Ən elementar tibb xidmətlərini, ən elementar tibb proseslərini indiyədək rəqəmsallaşdıra bilməyiblər”.
araz.az olke.az-a istinadən xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O deyib ki, hələ indi ən adi bir xidməti, həkim qəbuluna yazılmağı efirdən bəh-bəhlə təqdim etməyin özü, çox şeydən xəbər verir:
“2023-cü ildə Azərbaycanda ilk dəfə randevu sistemi test rejimində tətbiq olunacaq. Bunu ötən gün “Medinex” – 2023″ tibb innovasiyaları sərgisi təşkil edən ölkənin səhiyyə başbilənləri açıqlayıb. Nə deyim? Xeyirli olsun.
3-cü dəfədir ölkənin baş səhiyyə qurumları tibb inovasiyaları üzrə sərgi təşkil edirlər. Deyim ki, ölkədə rəqəmsallaşma səviyyəsi ən aşağı olan sahə, ən bərbad rəqəmsal sektor səhiyyə sistemidir. Ölkədə bir çox sahələr son 10 ildə xeyli rəqəmsallaşıb. Bəzi dövlət xidmətləri sahəsində çox ciddi uğurlar var. Lakin bunu tibb xidmətləri üçün demək olmaz. Ən elementar tibb xidmətlərini, ən elementar tibb proseslərini indiyədək rəqəmsallaşdıra bilməyiblər. Hələ indi ən adi bir xidməti, həkim qəbuluna yazılmağı efirdən bəh-bəhlə təqdim etməyin özü, düşünürəm ki, çox şeydən xəbər verir.
Əlbəttə, hiss olunur ki, son dövrlərdə nəsə etmək istəyirlər. Bildiyim qədər Səhiyyə Nazirliyində ölkənin səhiyyə sisteminin rəqəmsal transformasiyası adlı bir konsepsiya da qəbul ediblər,
e-Təbib mobil tətbiqini yaradıblar. Özəl sektorda daha effektiv həllər müşahidə olunur.
Lakin bütövlükdə səhiyyə sistemində rəqəmsallaşma prosesi hədsiz ləng gedir. Hələ də ölkə üzrə vahid bir tibbi platforma, bütün maraqlı tərəfləri özündə birləşdirən, xəstələr haqqında datanı özündə cəmləşdirən bir Rəqəmsal Milli Səhiyyə Platforması yarada bilməyiblər. Baxsaq görərik ki e-Səhiyyədə onlarla elektron xidmətlər qeyd edilib, lakin bunların real tətbiqi, istifadəsi yarıtmaz gündədir. Özəl və dövlət tibb müəssisələrinin, klinikaların informasiya sistemləri, dataları inteqrasiya olunmayıb. Rəqəmsallaşmanın məqsədi odur ki, tibb xidmətləri əlçatan olsun, xəstə zamanında keyfiyyətli tibb xidməti ala bilsin, “MyGov”da xəstə özünün tibb məlumatlarına çıxış imkanı əldə etsin. Həkimin də istənilən xəstənin vəziyyəti haqqında bütün datalara anında çıxış imkanı olsun. Xəstələrin hansısa arayışları, xəstəlik vərəqələrini elektron formada əldə etmək imkanı olmalıdır.
Düşünürəm ki, bu sektorda rəqəmsallaşmaya dövlət və ictimai nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var. Ayrılan ictimai resurslardan effektiv istifadə olunması məsələsi gündəmə gətirilməlidir.
Rəqəmsal səhiyyə xidmətləri ilə bağlı hər hansı ictimai dinləmə və müzakirələrin indiyədək şahidi olmamışam. Yaxşı olar ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, eGov-a cavabdeh olan İRİA səhiyyənin rəqəmsal transformasiyasına diqqəti artırsınlar”, – deyə ekspert bildirib.
araz.az xəbər portalı.