Ermənistanda Facebook sosial şəbəkəsinin imkanlarından istifadə edən siyasətçilər bu platformanı özlərinin tribunasına çeviriblər. Baş nazir Nikol Paşinyandan tutmuş, siyasi şərhçilərə qədər hər kəs müraciətini Facebook üzərindən ünvanlayır.
araz.az KONKRET.az-a istinadən xəbər verir ki, bu dəfə növbə parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanova çatıb.
O, özünün Facebook səhifəsində erməni faktorunun dünya üçün “maraqlı” olmasından yazıb. Şarmazanov bunu bir neçə amillə izah edib. Bildirib ki, Ermənistan ərazisində AES-in olması dünya üçün önəmli faktordur. Rusiyanın Ermənistan ərazisindəki 102-ci hərbi bazasının mövcudluğu, Azərbaycanın əsas hissəsini Naxçıvandan ayıran Zəngəzur və 35 il əvvəl başlanan Qarabağ münaqişəsinə görə də Ermənistan dünyanın diqqətini cəlb edib: “Artıq 2018-ci ildəki hakimiyyət dəyişikliyindən kənar benefisiarların bu amilləri zərərsizləşdirməyi planlaşdırdığı göz qabağındadır. Aydındır ki, Türkiyə AES-in fəaliyyətinin dayandırılmasına nail olacaq. Türkiyə ilə müqavilə imzalandıqdan sonra Türkiyə Ermənistan üçün təhlükə yaratmayacaq.
Deməli, 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması qaçılmazdır.
6 oktyabr 2022-ci ildə Praqada Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı və bununla da ermənilər oranı tərk etdilər.
Zəngəzur dəhlizinin açılması Ermənistanı türk dövlətlərinin kəsişməsinə çevirəcək. Bu isə Ermənistanın məhvi deməkdir.
Layihənin alternativi var və bu, Ermənistanın təhlükəsizliyi üçün daha önəmlidir. Strategiyanın İran-Rusiya-Çin oxu ətrafında qurulması Ermənistanın xilas yoludur. Əks halda Ermənistan türk dövlətləri arasında öz dövlətçiliyini itirəcək”.
araz.az xəbər portalı.