Noyabrın 6-da Bakıda “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimat mərasimi keçirilib.
araz.az xəbər verir ki, tədbirin moderatoru Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib: “Xankəndidə məskunlaşmış erməni əhalinin geri qayıtması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan Qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı? Son 200 ildə fərdi və milli sərvətlərimiz ən azı 7 dəfə yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımdan daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir.
Lakin Azərbaycan dövləti heç vaxt Ermənistandan indiki qədər güclü olmayıb. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparan Prezident İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyev tarixə torpaq qaytaran “Zəfər Komandanı” kimi düşdü. Ona görə də dövlətimizin başçısının dediyi: “…kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər?” sözləri məğlubiyyəti və güzəşti deyil, qələbəni hədəf seçən səfərbərlik şüarıdır”.
Sonra Qərbi Azərbaycandakı maddi-mədəni irsimizə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli vurğulayıb ki, bir gün təqvimimizdə Qərbi Azərbaycana qayıdış günü də qeyd olunacaq. “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur. Bu gün təqdimatı keçirilən kitab tariximizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir. Bu kitab gənc nəsil üçün yeni obyektiv vəsaitə çevriləcək. Kitabda maddi və mənəvi irsimizin araşdırılması bir daha sübut edir ki, Qərbi Azərbaycanla müasir Azərbaycan Respublikasının maddi-mədəni irsi vahidlik təşkil edir. Məhz ona görə də Qərbi Zəngəzur, Şərqi Zəngəzur, Göyçə mahalı, Gədəbəy və digərləri – bütün bunlar hamısı vahid bir coğrafiyanın dəyərləridir. Hesab edirik ki, tarixi-mədəni irsimizə sahib çıxarkən İslam-xristian və bu kimi digər kəsişmələri özündə ehtiva edən irsimizə də sahib çıxmalıyıq”, – deyə Ə.Hüseynli qeyd edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, hər bir ölkənin maddi-mədəni irsi onun tarixidir. Keçmiş olmasa, gələcək olmaz. Çox təəssüf olsun ki, müasir Ermənistan daim ölkəmizin maddi-mənəvi irsini məhv etməyə çalışır. Qərbi Azərbaycanda Azərbaycan tarixinə məxsus 25 min abidə qeydə alınıb. Onlardan İslam mədəniyyətinə aid olan bir neçəsi Azərbaycanın yox, başqa ölkənin abidəsi kimi qeydə alınıb. Qeyd etmək lazımdır ki, Qərbi Azərbaycanda əsasən İslam mədəniyyətinə xas olan abidələr var. “Müasir Ermənistan daim soyqırımı və dəhşətlər törədib. Bunu dünyaya çatdırmalıyıq.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, həmçinin təqdimat keçirilən kitabla bağlı fikirlərini söyləyib. Vurğulanıb ki, Azərbaycanda mədəni irsin qorunması, öyrənilməsi və təbliğ edilməsi artıq bir ənənəyə çevrilib. Biz bu ənənənin ən bariz nümunəsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hələ ilk mərhələsində görürük. Onun elm, ədəbiyyat, mədəniyyət xadimlərinə diqqət və qayğısı hamımızın yadındadır. Məhz o böyük şəxsiyyətin diqqət və qayğısı sayəsində 1970-ci illərdə Azərbaycanın kino, teatr, musiqi sənəti çox böyük inkişaf yolu keçib, ədəbiyyat və incəsənət xadimlərimiz ali dövlət mükafatlarına layiq görülüblər. Hakimiyyətinin ikinci dövründə də Ulu Öndərin bu siyasətinin davamının şahidi olmuşuq.
“Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazımi addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir. Bütün bunlar “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabının elmi dəyəri ilə yanaşı, siyasi-ideoloji əhəmiyyətini də təsdiqləyir”, – deyə deputat əlavə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, Qərbi Azərbaycanla bağlı tədqiqatlar dərinləşdirilməlidir. O, Azərbaycan dövlətinin və xalqının ermənilərlə yalnız hərb cəbhəsində qarşı-qarşıya olmadığını bildirərək deyib: “Xalq olaraq bütün sahələrdə mübarizəmiz davam edir. Hesab edirəm ki, alimlərimizin qələmi qılınca çevrilməlidir və çevrilib.
Qərbi Azərbaycanda araşdırılan Azərbaycana məxsus tarixi abidələrdə bir dənə olsun erməni izi yoxdur. Bu araşdırmaların hər biri Qərbi Azərbaycan İcması üçün beynəlxalq aləmdə kifayət qədər əhəmiyyətli olacaq. Ermənilər İrəvan xanlığına aid məscidləri, mədrəsələri, karvansaraları və bir çox digər tarixi abidələri hələ sovet dövründə hiyləgərcəsinə məhv etməyə başlamışdılar. Ona görə də tədqiqatlarımızı dərinləşdirməklə daha çox məsələni üzə çıxara bilərik”.
Tədbir müzakirələrlə davam etdirilib.
araz.az xəbər portalı.