Ümumilli Liderin 100 illiyinə həsr olunan bu beynəlxalq emi-nəzəri və praktiki konfrans çərçivəsindəki kitab təqdimatı mərasimi və musiqili ədəbi-bədii hissə də, maraqlı alındı və yaddaqalan oldu

Dünən, noyabrın 10-da, Rusiyadakı soydaşlarımızı ətraflarında birləşdirən və adı fəal diaspor qurumlarımız arasında həmişə öndə çəkilən, mərkəzi ofisi Federasiyanın böyük regionlarından biri olan Novosibirsk vilayətinin mərkəzi Novosibirsk şəhərində yerləşən Türkdilli Xalqlarla Slavyan Xalqları arasında “Sodrujestvo” (“Əməkdaşlıq”)
Əməkdaşlıq Xeyriyyə Fondunun Təşkilat Komitəsinin təşkilatçılığı ilə, paytaxt Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Türkdilli dövlətlərin birliyi zamanın tələbidir” adlı beynəlxalq elmi-
nəzəri və praktiki konfransın başlanmasına start verildi. Əvvəlcədən tərtib olunan olduqca maraqlı proqram-gündəliyinə uyğun olaraq, bu Konfrans çərçivəsində, həm təşkilatçı qurumun, həm də Rusiyadakı soydaşlarımızı ətraflarında birləşdirən digər bir-neçə nüfuzlu diaspor qurumunun qurucusu olan, xeyli müddət həmin təşkilatlara rəhbərlik edən, hal-hazırda isə, bu qurumun Azərbaycan üzrə rəsmi nümayəndəsi vəzifəsini yerinə yetirən Rusiya və Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair¬publisist, tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidovun üç dildə — Azərbaycan, rus və ingilis dillərində ərsəyə gətirib, nəşr etdirdiyi “Böyük Qayıdışa gedən yol: Bakı — Tbilisi — Ceyhan” adlı elmi əsərinin təqdimat, eləcə də, olduqca maraqlı musiqili ədəbi-bədii gecə mərasimləri keçirildi.

Bu yerdə, onu da qeyd etmək istəyirik ki, tədbir başlamazdan öncə, iştirakçılar,
canları-qanları bahasına bizə böyük qələbə sevincləri yaşadan şəhidlərimizin məzarlarını ziyarət etmək üçün, Şəhidlər Xiyabanında, eləcə də Ulu Öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin və onun ömür-gün yoldaşı, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım  Əliyevanın məzarlarını ziyarət edərək, qəbirləri üzərinə gül dəstələri qoymaq, ruhlarına dualar oxutdurmaq üçün, Fəxri Xiyabanda oldular.
Ziyarətlərdən geri döndükdən sonra, ölkənin ayrı-ayrı media vasitələrində çalışan jurnalistlər üçün təşkil olunan mətbuat konfransında, onların bu mövzu ətrafında verdikləri çoxsaylı suallarını, Mirkazım Seyidov ətraflı cavablandırdı. Mətbuat konfransından sonra başlanan, ölkənin millət vəkillərinin, tanınmış alimlərinin, elm, təhsil və ictimai-siyasi xadimlərinin, ziyalıların, şəhid ailələri üzvlərinin, qazilərin, nüfuzlu kütləvi-informasiya vasitələrinin əməkdaşlarının iştirak etdiyi və möhtəşəm keçən bu tədbiri, elə, hal-hazırda təşkilatçı qurumu Ana Vətəni Azərbaycanda təmsil edən rəsmi şəxs olduğu üçün də, kitab müəllifinin özü açdı. Fəal diasporçu, ictimai-siyasi xadim kimi özünü hər yerdə yaxşı tanıdan natiq açılış nitqində, öncə, ölkəmiz və xalqımız üçün, keçirilən belə tədbirlərin əhəmiyyətindən danışdı. Həm Mirkazım Seyidov, həm də əvvəlcədən planlaşdırılmış bu tədbirin proqram-gündəliyinə və konfransın mövzusuna uyğun çıxış edənlər, öz çıxışlarında xüsusi olaraq onu vurğuladılar ki, Türk dövlətlərinin birliyi istiqamətində gedən bütün tarixi proseslərdə, bu dövlətlərin dahi şəxsiyyətlərinin bu yöndən həyata keçirib, gördükləri və gələcək nəsillərə töhfələri olan möhtəşəm işlərinin faydası əvəzedilməzdir. Konkret olaraq, qloballaşan dünyada gedən geosiyası proseslərdə Türk dövlətləri liderlərinin, Türk birliyinin yaradılması istiqamətindəki fəaliyyətlərinin vacib aspektləri həmişə öndə durub. Türk dövlətlərindən kənarda məskunlaşan milyonlarla türksoylu vətəndaşların Böyük Türk Birliyinə inteqrasiya olunması üçün də, görülən belə əvəzolunmaz işlərin perspektivləri böyük olub həmişə. Bu, həm də ümumtürk anlamındakı tarixi-coğrafi, mədəni, etnik və hüquqi kimlik kimi ciddi amillərə olduqca əhəmiyyətli bir baxışdır.

Açılış nitqində həm Mirkazım Seyidovun, həm də digər çıxış edənlərin dedikləri kimi, dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan soydaşlarımızın yuxarıda qeyd olunan sahələrdəki xidmətləri ilə bərabər, dövləti və dövlətçiliyi dəstəkləyən layihələr icra etmələri, mətbuatda və sosial şəbəkələrdə maraqlı elmi və publisistik məqalələrlə çıxış edib, kitablar yazmaları, elə də, asan başa gəlmir. Buna baxmayaraq, bu gün, bu elmi-praktik konfrans çərçivəsində tarixi Azərbaycan torpağının qiymətli sərvəti olan neftlə bağlı fundamental bir elmi əsər də, ictimaiyyətə təqdim edilir. Bu yerdə, əsər barədə müzakirə yöndən danışanlar, öz çıxışlarında xüsusi olaraq onu vurğuladılar ki, ümumən götürdükdə, tarixi yaratmaq da, yaşatmaq da, yazmaq da çox ciddi problemdir. Belə elmi əsərlər isə, həm tarixi, həm də milli siyasi-ideoloji baza baxımından çox zəruridir və deyilənlər müstəvisində müstəsna rol oynadığı belə danılmazdır. Ümumiyyətlə, belə dərin araşdırma mövzulu elmi əsərləri ərsəyə gətirənlər ən yüksək milli mükafata layiqdirlər.

Çıxış edən əsər müəllifi isə, konfrans iştirakçılarına öz minnətdarlığını çatdıraraq, bu kitabı vətəndaş borcunu yerinə yetirmək amalı ilə ərsəyə gətirdiyini dedi və bu cür elmi əsərlərin bütöv Azərbaycan ideologiyasının elmi-obyektiv bazasının genişləndirilməsində çox vacib rola malik olduğunu xüsusi vurğuladı. Məhz bu səbəbdən, müəllif sözügedən kitabı haqqında danışarkən, onu da xüsusi olaraq qeyd etdi ki, artıq, bu elmi əsərinin dünya kitabxanalarına təqdim olunmasına da qərar verib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, deyilənlərə tezliklə nail olmaq üçün, bu Beynəlxalq Konfrans adından, iştirakçılar, Türk Dilinin dünya dilləri sırasında BMT-nin 7-ci dili kimi qəbul edilməsinə dair, xahiş, tələb və çağırış xarakterli Bəyanat da qəbul etdilər. Bəyanatla bağlı çıxışları zamanı, iştirakçılar onu da bildirdilər ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının komandanlığı altında, uzun zaman dədə-baba torpaqlarımızı əsarətdə saxlayan mənfur düşmən üzərində 44 günlük Vətən Müharibəsində Milli Ordusunun qazandığı möhtəşəm qələbə, Azərbaycan dövlətinin daha geniş coğrafiyada tanınmasına təkan verdi. Elə, məhz buna görə də, BMT-dən deyilən tələbi etməyə haqqımız çatır.

Axırda, bu maraqlı tədbir, özünün qabaqcadan tərtib olunan planına uyğun olaraq, musiqili ədəbi–bədii hissəsi ilə davam etdirildi. Bundan sonra isə, Mirkazım Seyidov, tədbir iştirakçılarını və jurnalistləri, Sodrujestvo” (“Əməkdaşlıq”) Xeyriyyə Fondunun paytaxt Bakıda yaxşı tanınan “Xudafərin” restoranında təşkil etdiyi bayram qonaqlığına dəvət etdi.

Sonda, onu da xüsusi olaraq qeyd etmək istəyirik ki, araz.az-ın əməkdaşları olduğumuzu bilən və bizimlə, jurnalist olduğumuza görə həmsöhbət olmaq istəyən tədbir iştirakçılarının bir çoxu, onu belə deyirdilər ki, bu yöndən olan tədbirlərdən daha fərqli təsir bağışlayan bu tədbirdə iştiraka dəvət belə fərqli — səsli maraqlı çəkilişlə olduğundan (Dəyərli oxucularımızın baxmaları üçün, bu yazımız içində də təqdim edirik həmin vıdeo-dəvəti — red.), bu konfrans və onun çərçivəsində keçirilən digər mərasimlər hələ uzun zaman xatırlanacaq.

Məhi ELSEVƏR,
Tahir HÜSEYNOV,
araz.az-ın xüsusi müxbirləri.

araz.az xəbər portalı.