Ölkəmizi bütünlüklə əhatə edən böyük bir şəbəkə var — ayrı-ayrı yerlərdə fəaliyyət göstərən 1600-dən çox bələdiyyə qurumlarını özündə birləşdirən Azərbaycan Bələdiyyəsi! Göründüyü kimi, yeni dövrün tələblərinə uyğun olaraq, ölkəmizdə əhaliyə yerli idarəetmədə birbaşa iştirak etməyə imkan vermək üçün, 1999-cu ildə yaradılan Azərbaycan Bələdiyyəsi qarşıdakı dekabr ayında fəaliyyət dövrünün 25-ci ilinə qədəm qoyacaq. Lakin yaranma tarixindən artıq bu qədər vaxt keçməsinə baxmayaraq, ölkə bələdiyyəsi lazımi səviyyədə inkişaf edə bilməyib. Açıq şəkildə desək, əhali mənafeyinə xidmət naminə yaradılan bu böyük şəbəkədə birləşən yerli qurumların əksəriyyətinin fəaliyyəti, yarandıqları vaxtdan indiyədək, sanki qəsdən, yaranma məqsəd və məramlarının əksinə olaraq, ayrı-ayrı bölgələrdəki yerli sakinlərin əleyhinə tuşlanıb. Konkret desək, doğrudan da, təşəkkül tapıb, yenicə yaranaraq, formalaşmağa başladığı vaxtdan indiyədək, böyük şəbəkəli Azərbaycan Bələdiyyəsi adı altında birləşən yerli özünüidarəetmə orqanları, özlərinin rəhbərləri vəzifələrinə gətirilənlərin, eləcə də, daha çox pul qazanmaları üçün, onların ətraflarına topladıqları özlərinə sərf edən səlahiyyət sahibi vəzifəli şəxslərin bir çoxunun bağışlanmaz təqsir və günahları ucbatından, fəaliyyətləri yerli əhaliyə qarşı olan və əsasən, torpaq satan, sənəd düzəldən, icra hakimiyyətləri ilə vasitəçilik yaradan arzuolunmaz qurumlartək ad çıxarıblar. Dəhşət ondadır ki, belələrinin, bütün ciddi məsələlərdə, Azərbaycan Bələdiyyəsi adıyla törətdikləri qanunsuz və vicdan çərçivəsinə sığmayan bəd əməllərinin xoşagəlməz fəsadları, hətta yerli əhali arasındakı doğma-yaxınları və uzun zaman bir yerdə olan ayrılmaz dost-tanışları belə, barışmaz düşmənlərtək, bir-birləri ilə üzə-üzə qoyan arzuolunmaz yerli idarəetmə qurumları kimi ad qazandırıblar.
Bu yerdə, onu belə qeyd etməyi vacib bildik ki, bizim kimi, digər jurnalist həmkarlarımız da, təmsilçisi olduğumuz media vasitələrində, yerli özünüidarəetmə qurumlarının yarıtmaz işləri barədə tənqidi yazılar verəndə, bunlara görə, bizləri ictimaiyyət arasında qınayanlar da az olmayıb. Belələri həmişə bizə deyiblər ki, hələ, yeni dövrün tələblərinə uyğun olaraq yaradılarkən, eləcə də, bundan sonra belə, ən yüksək çinli oliqarx məmurların bir çoxu, Azərbaycan Bələdiyyəsinin yaradılmasına və işinin yaxşı getməsinə imkan vermək istəməyiblər. İndi də, biz qələm sahibləri, guya, barəsində olan tənqidi yazılarımızla, ölkə bələdiyyəsinin nüfuzuna xələl gətiririk. Bütün bunlar isə, guya, birbaşa, həmin oliqarx məmurlara hərtərəfli dəstək deməkdir. Axı, necə yazmayasan ki, ortada, elə şəhər, rayon, qəsəbə, kənd bələdiyyələri var ki, rəhbər şəxslərinin yarıtmaz işləri bir yana, onların yerli əhali ilə rəftarları və camaata göstərdikləri səviyyəsiz xidmətləri adamı dəhşətə gətirir. Bütün bunlar bir daha ona işarədir ki, yerli bələdiyyələrin əksəriyyəti, sanki, yerli camaatın mənafeyi naminə deyil, əhali əleyhinə, yaxşı tanıdığımız dövlət səviyyəli qurumlardan betər dəhşət doğuran qanunsuz əməllər törətmək üçün, onlara alternativ olaraq yaradılıb. Elə, son vaxtlar, rəhbəri Hacı Əliyevin və necə deyərlər, ətrafına topladığı komandasındakı digər vəzifə sahiblərinin məyusedici iş fəaliyyətləri və yerli əhaliyə qarşı xoşagəlməz münasibətləri barəsində, hədsiz tənqidi fikirlərlə, fakt və sübutlarla dopdolu yazılar qələmə alıb, araz.az-da verdiyimiz paytaxt Bakının qulağı dibindəki Səbail Rayon Bələdiyyəsi kimi!
Bu yerdə, onu da qeyd etməyi lazım bildik ki, yerli özünüidarənin səmərəliliyi, həm də bələdiyyələrin nə qədər şəffaf fəaliyyət göstərmələrindən və hesabatlı olmalarından daha çox asılıdır. Elə, “Bələdiyyələrin statusu haqqında” Qanunun tələbləri də, bələdiyyələrin öz fəaliyyətlərini açıqlıq prinsipi əsasında həyata keçirməsini nəzərdə tutur. Bu Qanunun 15-ci maddəsinə əsasən, bələdiyyə üzvləri 6 ayda bir dəfədən az olmayaraq, seçicilərinə hesabat verməlidirlər. Di gəl ki, bu əsas amil belə, Hacı Əliyev sədri olandan, Səbail Bələdiyyəsi üçün qəbuledilməz və yad təsir bağışlayan bir iş metoduna çevrilib. Dəhşət ondadır ki, ortada, Səbail Bələdiyyəsi adından verilən və qəbul edilən, möhürü və rəhbərinin imzası ilə təsdiq olunan, lakin mövcud dövlət qanunlarımızın tələbləri çərçivəsinə sığmayan elə saxta əmr, sərəncam və qərarlar var ki, tələbləri və müəyyən etdiyi şərtlərinin son nəticələri adamı hədsiz dərəcədə dəhşətə gətirir.
Elə, yuxarıda qeyd etdiklərimizin inkarolunmaz bir sübutu kimi, özü şəhid ailəsindən, həm də yaralı müharibə veteranı olan Bakir Tili oğlu Kazımovun başına gətirilənlər, “ağı — ağ, qarası — qara” olaraq, göz önündədir. Bizcə, bu barədə, uzun-uzadı yazmağa gərək yoxdur; Qısa yazdıqlarımızın belə, dəyərli oxucularımız, narahatedici təsir gücündə olduğunu, açıq-aydın, Sizlər də görəcəksiniz. Özünüz deyin, böyük qalmaqal yaratmağa səbəb belə bir ciddi məsələ jurnalist qələminə tuş gəlməsinmi?!.
Bəli, iki ölkə vətəndaşı arasında yaranan və bir müddətdir davam edən bu ciddi qalmaqal da, ölkə bələdiyyələrinin rəhbər şəxslərinin öz təqsir və günahları ucbatından, öz adlarına yazılan torpaq alqı-satqısı ilə bağlı nifrət doğuran və camaatı təngə gətirən səs-küylü problemlər müstəvisində baş verib. Bunun nə demək olduğunu hamının bilməsi üçün, incidilən torpaq sahibi Bakir Kazımovun, bu yaxınlarda, Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin adına, surətlərini isə, əlaqədar dövlət qurumlarının rəhbərlərinə, eləcə də, araz.az-ın redaksiyasına ünvanladığı şikayət xarakterli Müraciətini hər kəsin oxuması kifayətdir. O, müharibə veteranı olaraq, öz ağrı-acısını da qatdığı bu Müraciətində yazır:
“Mənim özüm də, şəhid ailəsindən olan ürəyi dağlı müharibə veteranıyam. 1995-ci ildə baş verən mart hadisələri zamanı, dövlət çevrilişinə cəhdin qarşısının alınması uğrunda gedən mübarizədə yaralanmışam.
Mənə, Səbail Bələdiyyəsi, müharibə veteranı olaraq, mövcud qanunlarımızın tələbləri çərçivəsində, 29 dekabr, 2006-cı il tarixli, 452 saylı Qərarı ilə, 1200 kv.m torpaq sahəsi ayırıb. Salyan yolu, 12 ünvanındakı bu torpaq sahəmi, sonradan, Famil Quliyev, Elmir Fətullayev adlı şəxsə aid saxta sənədlərlə zəbt edib. Buna görə, Famil Quliyevin və Elmir Fətullayevin barəsində, 11 may, 2023-cü il tarixli, 96-c-2023 saylı materiallar əsasında cinayət işi qaldırılıb. Hal-hazırda bu cinayət işi Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin Yaşar adlı müstəntiqinin icraatındadır. Lakin müstəntiq, nədənsə, bu cinayəti törədən Famil Quliyevin və Elmir Fətullayevin adlarını çəkmək istəmir. Mənə isə, belə deyir ki, guya, Səbail Bələdiyyəsi bu barədə məktub verib ki, 2006-cı ildə, qanunlarımızın tələbləri çərçivəsində tərtib və təsdiq olunan 452 saylı Qərarın arxivi mövcud deyil. Axı, bu qədər də, haqsızlıq və qanusuzluq olarmı?! Mən şəhid ailəsi, yaralanmış müharibə iştirakçısıyam.
Xahiş edirəm, mənim sənədlərimin arxivi haqqında, qısa zamanda, mənə rəsmi arayış verəsiniz!”.
Dövrü mətbuatda da, Səbail Rayon Bələdiyyəsinin sədri Hacı Əliyevin yarıtmaz qanunsuz fəaliyyəti, yerli camaat arasında səs-küylü qalmaqalların yaranmasına səbəb bəd əməlləri ilə bağlı, çoxsaylı vətəndaş şikayətləri əsasında yazılan və dərc olunan tənqidi yazılar çoxdur. Elə, bu yazılarda da, xüsusi olaraq o vurğulanır ki, adi bir arayışı verməyi belə, bələdiyyə sədri Hacı Əliyev müşkül bir işə çevirib. Hələ bu nədir ki, o, ətrafına yığdığı komandası ilə, yerli camaat əleyhinə elə dəhşət doğuran əməllər törədir ki, bu barədə ətraflı yazsan, bu çoxcildlik bir əsərə də sığmaz.
Ümumiyyətlə, onların törətdikləri bütün bəd əməllər isə, ortaya bir çox suallar çıxarır. Bütün bu kimi suallara cavab tapmaq, eləcə də Bakir Kazımovun başına gətirilənlərlə bağlı, ortaya çıxan bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədi ilə, bu qurum rəhbərliyinə, həm də əlaqədar dövlət qurumlarına ünvanlanan suallarımıza da, indiyədək, heç bir cavab verdirə bilməmişik.
Hərəkətlərindən belə çıxır ki, bu bələdiyyənin rəhbər şəxslərinin özləri də, səlahiyyətlərini kimlərləsə paylaşmaq istəmir. Belə ki, ən azından, bu bələdiyyə nəzdində məhəllə komitələri, icmalar, xeyriyyə təşkilatları, digər birliklər yaranmasına belə imkan vermirlər. Yəni, yaxşı bilirlər ki, yerli özünüidarə, yuxarıdan aşağıya doğru, yerli camaatın əksər məsələlərdə, öz talelərini, özləri həll etmələri deməkdir. Təəssüf ki, bu bələdiyyə nəzdində, belə təşkilat, cəmiyyət və birliklərin yaranmasına marağı olmayan səlahiyyət sahibləri, ciddi-cəhdlə buna mane olurlar. Üstəlik, nəinki bunların yaranmasına imkan vermirlər, heç öz üzvləri arasında verilməli müxtəlif kollektiv qərarların qəbuluna belə şərait yaratmırlar. Elə, bunlara görədir ki, Səbail Bələdiyyəsi barəsində, Hacı Əliyevin ölçüyə-ülgüyə sığmayan qanunsuz əməlləri, bu bələdiyyə adıyla, əvvəllər qəbul olunan qərarları və digər qanuni sənədləri nəzərə almama, dəfələrlə, ölkənin media vasitələri ilə bərabər, araz.az-da da çox işıqlandırılıb. Qələmə alıb, dərc etdiyimiz ötən yazılarımızda, əsasən, belə qeyd olunub ki, onun və ətrafındakı harın kreslo sahiblərinin heç nə veclərinə deyil. Bütün bunlar isə, ortaya bir çox suallar çıxarır. Bizcə, ötən yazılarmızın da yaratdığı belə suallara, deyəsən, yaxın günlərdə cavab veriləcək, yəni təkcə Hacı Əliyev yox, ətrafına topladığı yaxınları da, öz işləri ilə vidalaşacaq və yerli camaat əleyhinə tuşlanan və bağışlanması heç cür mümkünsüz qanunsuz bəd əməllərinə görə, məsuliyyətə cəlb olunacaqlar.
Ciddi olduğu, həm də əlaqədar qurumlardan, deyilənlərlə bağlı yaranan bir çox suallara cavab ala bilmədiyimiz üçün, bu məsələni, ölkənin media vasitələri arasında tanınan araz.az xəbər portalının əməkdaşları olaraq, daim diqqətimizdə saxlayacağıq. Yaxın günlərdə, bu barədə ətraflı daha bir geniş araşdırma yazımızı, dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.
Əli HÜSEYN,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.