Pakistanın yeni seçilmiş Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.
Azərbaycanın Pakistandakı səfirliyindən Muxalifet.az-a verilən xəbərə görə, səfir qəbula və görüşə görə təşəkkür edərək Azərbaycan Respublikası Prezidentinin təbrikvə xoş salamlarını Arif Alviyə çatdırıb.
Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini qeyd edən Əli Əlizadə Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımayan və ölkəmizin ədalətli mövqeyini daim dəstəkləyən Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb.
Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu vurğulayan səfir beynəlxalq və regional məsələlərdə də hər iki ölkənin bir-birini dəstəklədiyini bildirib. Səfir iki ölkənin daim inkişaf edən əlaqələrinin hazırkı vəziyyəti, həyata keçirilən iqtisadi, ticari, hərbi-texniki, turizm, humanitar və sosial yönümlü layihələr, nəzərdə tutulan yeni əməkdaşlıqlar haqqında məlumat verərək ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolunun olduğunu vurğulayıb.
Pakistan Prezidenti də həmçinin səfirdən xoş salamlarının və dərin ehtiramlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edərək təbrikə görə təşəkkür edib, Azərbaycan Respublikası Prezidentini hər zaman ölkəsində görməkdən məmnun olacağını bildirib. A.Alvi Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə, iqtisadi və ticari, mədəni və elmi əlaqələrin daha da inkişafının zəruri olduğunu və bu istiqamətlərdə hər iki ölkənin dövlət qurumlarının daha yaxından çalışması gərəkdiyini söyləyib.
O, Azərbaycanın müstəqilliyini bərpa etdiyindən bəri Pakistan hökumətinin hər zaman Azərbaycanı dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və Dağlıq Qarabağ məsələsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması gərəkdiyini vurğulaylb.
Pakistan Prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirib.
araz.az xəbər portalı.