Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin İdarə Heyətinin növbəti toplantısı keçirilib.

araz.az xəbər verir ki, Birliyin prezidenti Askar Omerbekov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Türk dövlətləri qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Sədr Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsinin assosiativ qaydada quruma üzv olduğunu və bununla da bütün Türk dövlətlərinin birlikdə təmsil olunduğunu diqqətə çatdırıb.

Müzakirələr zamanı İstanbul Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri elan edilib. Qərara gəlinib ki, mərkəzi qərargah bu şəhərdə yerləşsin və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsi Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə edilsin. Birliyin icraçı katibi Marat Baytokov tərəfindən 2024-2025-ci illər üçün fəaliyyət planı İdarə Heyəti tərəfindən təsdiq olunub. Bu sənəddə quruma üzv olan dövlətlərin təklifləri nəzər alınıb. Aprelin 28-də Bakıda keçirilən “Zirvə Görüşü”nün birliyin təsis olunmasında xüsusi rolu sənəddə öz əksini tapıb. Fəxri üzvlərin qəbulu ilə bağlı prosedurların hazırlanması və təlim-tədris prosesi ilə bağlı metodoloji fəaliyyətin təşkili Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximovaya həvalə edilib.

Birliyin strukturlarının yaradılması barədə razılığa gələn İdarə Heyətinin üzvləri Təlim-tədris departamentinin, habelə ortaq qiymətləndirmə standartlarının hazırlanması istiqamətində İşçi Qrupunun yaradılması barədə qərar veriblər. 2024-cü il mayın 31-i və iyunun 2-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ev sahibliyi ilə üçüncü “Zirvə Görüşü”nün Azərbaycanda keçirilməsi qərara alınıb. Birliyin beynəlxalq sertifikatlaşdırma prosesini həyata keçirməsi üçün hazırlıqlara başlanılması, eləcə də İntizam, Metodologiya və Beynəlxalq əlaqələr komitələrinin və Arbitraj məhkəməsinin formalaşdırılması barədə müvafiq qərarlar qəbul edilib. Birliyi təmsil edən təşkilatların razılığı ilə Türk dövlətlərindən olan digər qurumların birliyə üzv olması və səsvermə hüququnun yalnız təsisçi təşkilatlara məxsus olması barədə razılıq əldə olunub.

Rusiya, Rumıniya, Makedoniya, Belarus qiymətləndirmə birliklərinin də qonaq qismində qatıldığı panel müzakirələri təşkil edilib. Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin açılış nitqindən sonra ilk çıxış Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruca verilib. AQC sədri Azərbaycanda qiymətləndirmə sektorunun mövcud vəziyyəti, inkişaf dinamikası, görülən işlər barədə qonaqları ətraflı məlumatlandırıb.

V.Oruc qeyd edib ki, rəhbəri olduğu qurum 60 peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndiricini öz ətrafında birləşdirir. Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflərini səsləndirən AQC sədri qurumun fəaliyyətindən böyük gözləntiləri olduğunu diqqətə çatdırıb.

araz.az xəbər portalı.