Hazırda ABŞ Azərbaycanı təhdid edir və qarşıdakı dövr ərzində münasibətlərin daha da gərinləşəcəyi şübhə doğurmur. Heç şübhəsiz, iki ölkə arasındakı münasibətləri gərginləşdirən məhz ABŞ-ın özüdür. ABŞ uzun illər boyu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmamasına və işğal faktının qanuniləşdirilməsinə çalışırdı. Bu barədə uzun illərdir yazırıq, danışırıq. Amma ABŞ-ın, NATO-nun ölkəmizdəki könüllü agenturasına çevrilən bəzi jurnalistlər, ekspertlər bu həqiqəti başa düşməkdə çətinlik çəkirdilər.
1992-1993-cü illərdə Azərbaycan torpaqlarının işğal olunmasının əsas müəlliflərindən biri, bəlkə də birincisi ABŞ idi. Həmin vaxt Azərbaycanın müqavimətini tamamilə qırmaq, beynəlxalq addımlarını bloklamaq, qlobal dəstəkdən məhrum etmək və erməni işğalına kömək etmək məqsədilə ABŞ Konqresi ölkəmizə qarşı “907-ci düzəliş”i qəbul etdi. Bu “düzəliş”i əlində “kozır”a çevirən ABŞ bu gün də Azərbaycanın öz suveren hüquqlarından istifadə etməsinə mane olmağa çalışır.
ABŞ-ın ölkəmizdə nəhəng agentura şəbəkəsi var. Bu şəbəkə dini-ideoloji, iqtisadi, media və s. sahəsində ciddi şəkildə kök atıb. ABŞ-a bağlı qurumlar, bu ölkənin ölkəmizdə təsisatları və orada çalışan azərbaycanlılar müəyyən edilməli, ciddi tədbirlər görülməlidir. Bu, artıq milli məsələdir, vicdanlı şəxslər ABŞ-ın ölkəmizdəki “hücrə”lərini tərk etməlidirlər.
Bu günə qədər ABŞ ölkəmizdə bir neçə inqilab ssenariləri həyata keçirməyə çalışıb, amma məqsədinə nail ola bilməyib. ABŞ-ın inqilab həyata keçirdiyi ölkələrin taleyi isə göz önündədir, 20 ildir bu ölkələrdə sabitlik və sağlam həyat, dövlət idarəçiliyi yoxdur.
Əsas hədəflərimizdən biri ölkədaxilində sabitliyi daha da möhkəmləndirmək, sosial layihələr icra etmək, dövlət qurumlarında və cəmiyyətdə şəffaflığı təmin etmək olmalıdır. Əgər daxildə bu işləri görməsək, ABŞ ən kiçik boşluqlardan istifadə edərək ölkəmizdə gərginlik yaratmağa çalışacaq.
Vaxtilə “Azadlıq radiosu”nun Bakı ofisinin bağlanmasının doğru qərar olduğunu bir daha öz təsdiqini tapır. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycana verəcəyi heç nə yoxdur, əksinə ölkəmizdə agentura şəbəkəsinin əsas maliyyə qaynaqlarından birinə çevrilib. Vətəni satmağın başqa adı yoxdur, istəyirsən bunu gizli yolla et, ya da qrant, layihələrə dəstək, hüquq müdafiəsi, medianın inkişafına dəstək adı ilə… Heç bir fərqi yoxdur. Vicdanı olan, öz ölkəsinin qanunlarına, ərazi bütövlüyünə hörmət edən şəxslər bu təşkilatla əlaqəsini kəsməli, illərdir aldığı pullardan özündə imtina mədəniyyəti formalaşdırmalıdır.
ABŞ-ın ölkəmizə qarşı həyata keçirdiyi 30 illik plan darmadağın olub, Azərbaycanı qonşu ölkələrlə düşmənçiliyə sövq edən layihələri iflasa uğrayıb, Qarabağın işğaldan azad edilməsi ilə Cənubi Qafqazın ən böyük münaqişə ocağı aradan qalxıb, Gürcüstanda və Ermənistanda həyata keçirdiyi məkrli planlar Azərbaycanda reallaşmadı. ABŞ-ın növbəti qurbanları məhz bu iki ölkə oplacaq. Artıq bu ölkələr vassala çevriliblər.
Samir FEYRUZOV.
araz.az xəbər portalı.