azeriqaz saygac qaz mavi yanacaq

Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.

Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətbəxş olmaması nə ilə əlaqəlidir?

araz.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlığın may ayından başlanıldığını söyləyib:

“Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi – bunların hər birinə nəzarət olunur”.

E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:

“Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2 milyon 500 min abonent qazla təmin olunur.

Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz problem yaşamayacaqlar”.

“Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni hələ bu məsələ müzakirə mövzusu deyil”, – deyə E.Vəliyev əlavə edib.

araz.az xəbər portalı.