Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Rəhman Məmmədov, belə bir yalana, necə deyərlər, “həqiqət donu geydirilməsinə”, nədən, “qol qoysun”?!

Barəsində ölkənin əksər media vasitələrində xoşagəlməz nələr yazılmayıb?! Elə, “Araz” Media Qrupundakı araz.az xəbər portalında da, eləcə! Bu yaxınlarda verdiyi və tezliklə davamı da olacaq son iki araşdırma yazısı da, Səbail Bələdiyyəsindəki özbaşınalıqlarla bağlı dəhşət doğuran inkarolunmaz fakt və sübutlarla qələmə alınıb. Həmin yazılarda xüsusi olaraq vurğulanıb ki, özbaşınalıqlar dalğası ölkənin bu bələdiyyə strukturunda gündən-günə şiddətlənir. Ən əsası bu səbəbdən ki, sədr Hacı Əliyevin özü ilə bərabər, burada işlə təmin etdiyi yaxınları və tanışları, şəxsi mənafeləri naminə hər oyundan çıxmaqdan çəkinmirlər. Elə, buna görə də, narazı camaat arasında durmadan artan haqlı şikayətlər və giley-güzarlar səngimək bilmir. Belə gedişlə, heç, şəngiyənə də oxşamır. Səbəbi də, hamıya gün kimi aydındır — yarandığı gündən Səbail Bələdiyyəsinin rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir!

Doğrudan da, bu — belədir! Bunun inkarolunmaz daha bir sübutu isə, göz qabağındadır. Daha dəqiq desək, indi də, ölkənin bu yerli özünüidarəetmə orqanı, necə deyərlər, öz rəhbəri “əlində əsir-yesirə çevrilib”. Şəxsi mənafe amili gözləri elə qapadıb ki, heç onun özünün, eləcə də burada işlə təmin etdiyi doğma-yaxınlarının və tanışlarının, bələdiyyələrin işləriylə bağlı ölkə başçısının tapşırıq, tələb və tövsiyələrini həyata keçirmək, həssas təbəqədən olan əhaliyə göstərilən xidməti yaxşı səviyyədə təşkil etmək belə yadlarına düşmür. Elə, bu səbəbdəndir ki, ölkənin media vasitələrindəki kimi, araz.az-da da, deyilənlər barədə yazılanların sayı, əhali giley-güzarı, haqlı şikayət və iradlar getdikcə daha da çoxalır. Dəhşət ondadır ki, bu bələdiyyədəki vəzifə sahibləri arasında, bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin tövsiyyələrinə, onun layiqli varisi, ölkə başçısı İlham Əliyev cənablarının ciddi göstərişlərinə belə əhəmiyyət verib, diqqət ayıran yoxdur. Halbuki, Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində atılan addımlar dövlətimizin başçısı İlham Əliyevin demokratik təsisatların genişləndirilməsi istiqamətində uğurla apardığı siyasətin məntiqi nəticəsi kimi, özünü göstərir həmişə. Çox təəssüf ki, bu da, onları narahat etmir, necə deyərlər, “dünya heç veclərinə belə deyil!”.

Ümumiyyətlə, araz.az-ın əməkdaşları olaraq, yazının əsas mövzusunu təşkil edən və xüsusi olaraq vurğuladımız bu ciddi məsələni daim diqqətdə saxlamağa qərar vermiş, hətta yazılarımızdakı digər ciddi ictimai iddia və ittihamlar əsasında olacaq araz.az-ın dərin araşdırma yazılarını vaxtaşırı dəyərli oxucularımızın diqqətinə çatdırmağı planlaşdırmışıq. Bu yerdə, onu da bir daha qeyd edirik ki, dərin jurnalist araşdırmaları aparmağımıza, elə, “rəngarəngliyi baxımından” daha təsirli çoxsaylı vətəndaş şikayətlərindəki etiraz və iradların əksi olan təəssüf və məyusedici hisslər dolu narahatedici epizodları əsas verir.

Bu yazımızda isə, Bakı Şəhər Səbail Rayon Bələdiyyəsi ilə bağlı, araz.az-ın etibarlı mənbəsindən son anda aldığımız ŞOK YARADAN BİR MƏLUMATI dəyərli oxucularımızın diqqətinə çatdırmağı vacib bildik. Guya, paytaxtın ən nümunəvi bələdiyyə strukturu olduğuna görə, rəhbəri
Rəhman Məmmədov olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, digər yerli bələdiyyə strukturlarının birgə keçiriləcək ilin son hesabat xarakterli böyük bir tədbirinin Səbail Bələdiyyəsinin inzibati binasında təşkil etmək barədə qərar verib. Həmin tədbirin sabah — bu həftənin cümə günü keçiriləcəyini, araz.az-ın şifahi sorğusuna cavab verən Səbail Bələdiyyəsinin əməkdaşları da təsdiq ediblər. Lakin məlumatı tam olaraq təsdiqləməyimiz üçün, bələdiyyə sədrinə və digər rəhbər şəxslərə etdiyimiz telefon zəngləri, həmişə olduğu kimi, bu dəfə də, cavabsız qalıb — eynən, Rəhman Məmmədova etdiyimiz zənglər kimi!

Bu yerdə, təcili olaraq, üzümüzü, son ümid yeri olaraq, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri üzrə şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri cənab Emin Eyvazova tutmaqdan başqa əlacımız qalmadı. Emin müəllimdən, Səbailin yerli camaatı kimi, bizi də şoka salan bu məlumatla bağlı qaranlıq məqamlara aydınlıq gətirməsini və acı gülüş doğuran bu tədbir barədə, əlaqədar yuxarı dövlət qurumlarının vicdan çərçivəsində təcili qərar qəbul etmələri üçün, ciddi tapşırıqlarını verməsini vacib, imkan düşdüyü üçün, bu suallarımıza cavab almağı da, lazım bildik:

— Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Rəhman Məmmədovun, belə bir yalana, necə deyərlər, “həqiqət donu geydirilməsinə” razılıq verib, “qol qoyması” nədəndir?

— Səbail Bələdiyyəsi necə nümunəvi bələdiyyə strukturu ola bilər ki, Hacı Əliyev onun sədri olandan, ətrafında bir “ailə ansamblı” yaradaraq, burada işlə təmin etdiyi səlahiyyət sahibi doğma-yaxınlarının adıyla, “rəsmi qaydada olaraq”, indiyəcən, külli miqdarda bələdiyyə pullarını mənimsəyib?! Danılmaz fakt olan, yəni, yalnız rüsum, ödəmə,.. köçürmələrdən rəsmən toplanan 100 min manatdan çox pulun, indiyədək, bələdiyyənin hesabına yox, Hacı Əliyevin cibinə yığılması, vəzifə sahibi tərəfindən törədilən qatı bir cinayət deyilmi?! Bu pulların hara və nə məqsədlə xərclənməsi barədə hesabatlar, nədən, əlaqədar qurumlar tərəfindən, Səbail Bələdiyyəsindən tələb edilməsin?!

— Vətəndaşların adi bir arayış və sənəd almasını bir problemə çevirən, get-gəllə onların “canlarını boğazlarına yığan” bu “ailə ansamblının”, sonda, bezdirərək pullarını almaqla, onları “razı salması” da, cinayət deyil, bəs, nədir?!

— Rayonun nüfuz təəssübünü çəkən, edilən belə qanunsuz və haqsız hərəkətlərə görə, hədsiz təəssüf hissi keçirən səbailli tanınmışlar, necə deyərlər, “ayaq üstə qalxıb”, belə dəhşət dolu qanunsuzluqlar törədənlərin, dəfələrlə, “paylarını vermək” istəyiblər. İstəyiblər ki, öz rayonlarında haqq-ədalət öz yerini tapsın. Onların dövlət səviyyəsində yoxlama təşkil edilməsi tələblərinə, indiyədək, məhəl qoyulmamasının səbəbi nə ola bilər?! Axı, ölkənin bələdiyyə strukturu, xalqa xidmət üçün yaradılmayıbmı?!

— Tələblər çərçivəsində, işə götürülənlərin hamısının bütün şəxsi işlərinin araşdırılması da var. Ümumiyyətlə, Hacı Əliyevin özünün, bu rayonda yaşamasa da, bələdiyyə sədri seçilməsinin necə mümkün olması hamını indiyədək düşündürür. Doğrudan da, bu necə ola bilər və bu ciddi məsələyə diqqət niyə ayrılmır?!

— Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti, yerli özünüidarəetmə sahəsində fəaliyyət istiqamətləri Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin, 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti də, elə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət — bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxslərinin qanunlarımıza, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Konstitusiyamızın tələblərinə riayət edilməsinin təmin olunmasına, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarına, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasına riayət məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Bir sözlə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydalarda və hallarda həyata keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilirsə, onda, nədən, Bələdiyyələrlə İş Mərkəzi Səbail Rayon Bələdiyyəsinin fəaliyyətini başlı-başına buraxıb. Nə sədr Hacı Əliyevin, nə də digər səlahiyyət sahiblərinin xətirlərinə dəyən tapılmır ki, tapılmır?!

— İnzibati nəzarəti həyata keçirən bir orqanın, belə birisinin rəhbərlik etdiyi və fəaliyyəti qanunlarımızdan kənar yerli camaatın əleyhinə köklənən bir bələdiyyə strukturunu nümunəvi elan etməsi, saysız-hesabsız vətəndaşların haqlı şikayətləri əsasında yazılar verən ölkə mətbuatının nüfuzuna da, sarsıdıcı zərbə deyilmi?!

Bütün bunlar bir yana, Səbail ərazisində yaşamasa da, Hacı Əliyevin bu Rayon Bələdiyyəsinin sədri seçilməsi mümkünlüyünün səbəbləri, günü bu günədək, çoxları üçün, düşündürücü və qaranlıq olaraq qalır. Yerli əhalinin tanımadığı belə birisinin yenicə yaranıb, formalaşan yerli özünüidarəetmə orqanının rəhbəri vəzifəsinə gətirilməsi, doğrudan da, şübhə dolu qaranlıq çox məqamlardan xəbər verir. Elə, bu səbəbdən də, araşdırma yazılarımızın sayı çox olacaq. Dəyərli oxucularımız, araz.az-ı izləməyi unutmasınlar.

Malik MİRZƏ,
Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.