Onunla heç əməlli-başlı tanış da deyilik. Sadəcə onu yaşıl meydanlardan xatırlayıram. Bu, həmin dövrlər idi ki, mən televiziyaların birində idman verilişi aparır və futbol matçlarını şərh edirdim. Bu adam da yadımda həmin dövrlərdən qalıb. Hündürboylu yan xətt hakimi şərhçi otağından diqqəti dərhal cəlb edirdi. Meydanın ona aid olan məsuliyyət zonasını bir an gözdən qoymayan zirəng oğlan oyundankənar vəziyyətləri gözündən qaçırmırdı. Hər dəfə şərhçi otağında oyunun protokoluyla tanışlıqdan sonra hakimlərin kimliyi ilə də maralanırdım. Əksər hallarda rastıma sumqayıtlı hakimlər briqadası çıxırdı. Sumqayıtlı hakimlərin idarə etdiyi oyunlar isə həmişə qalmaqalsız ötüşürdü. Baş hakim Azad Mütəllibova İqor Şpakovskiylə Akif Adıgözəlov kömək edirdilər. Meydanın özünə aid hissəsində xətti zərgər dəqiqliyi ilə tutan Akif Adgözəlovun isə gözündən bir tük də yayınmazdı. Bütün hərəkətlər nəzarəti altındaydı və onun “xətti”ni bir hücumçu belə keçə bilməzdi.
araz.az Konkret.az-a istinadən bildirir ki, ömrünü Azərbaycan futboluna həsr edən Akif Adıgözəlov beləcə həm də şərhçilərin dilinin əzbəri idi. “Yan xətt hakimi Adıgözəlov vaxtında bayrağını qaldırdı”, yaxud “Yan xətt hakimi Adıgözəlov qaydanın pozulduğunu dərhal baş hakimin diqqətinə çatdırdı” və sair və ilaxır…
Oyunda yaşanan insident zamanı dəfələrlə onun müdaxiləsini də görmüşük. Ustalıqla baş hakimə kömək edər, oyunu yenidən nizama salmaq üçün əlindən gələni əsirgəməzdi.
Onunla budəfəki görüşümüz az qala sürpriz oldu. Akif Adıgözəlovla futbol meydanlarından kənarda rastlaşmadığımdan onu tanımaqda bir qədər çətinlik çəkdim. Özümdən asılı olmayaraq “Adıgözəlov”, – deyə çağırdım.
“Parkovşik” geyimindəki adam mənə tərəf çöndü və gülümsəyərək, “Bəli, – dedi. – Siz də məni tanıdınız?”.
Səhv etməmişdim, bu, Akif Adıgözəlov idi. Sumqayıtda marketlərin birinin qarşısındakı dayanacaqda sarı gödəkcədəki bu adam maşınları nizamlayırdı. Akif məni tanımadı və könülsüz halda işinin çox olmasını bəhanə gətirib danışmağa da həvəs göstərmədi. Həm də bir qədər nasaz görünürdü.
“Vaxtım yoxdur, – dedi, – heç kimlə danışmaq istəmirəm”.
“Yox, Akif, mən səni elə-belə buraxan deyiləm. Səninlə oturub dərdləşmək istəyirəm”, – dedim.
Akif kövrəldi. Qarşısındakı adamın kimliyi artıq onu maraqlandırmırdı. Axı o, həyatda ən böyük zərbəni elə bu adamlardan almışdı.
Akifi söhbətə tutmağa müyəssər ola bilmirəm və məni peşəkarlıqla “oyundankənar vəziyyət”ə salır. Kor-peşman ondan ayrılıb yoluma davam edirəm. Bütün gecə Akif yadımdan çıxmır və ertəsi gün onu tapacağıma söz verirəm.
Səhər tezdən axşam Akifi gördüyüm dayanacağa tələsirəm. Ətrafa boylanıram, Akif gözümə dəymir. Bir qədər də axtarıram, Akif yoxdur. Beynimdən yüz fikir keçir. Onun axşamkı halını gözümün qarşısına gətirirəm. ”Bəlkə xəstələnib, bəlkə evdə yatır, bəlkə xəstəxanaya gedib?”.
Akifi bir daha görməyəcəyimdən vahimələnib az qala “Akif” deyə qışqıracaqdım. Birdən küləkdən gizlənmək üçün “sığınacaqda” sarı gödəkcəli bir nəfərin mənə tərəf baxdığını gördüm. Bu, Akif idi, yenə gülümsəyirdi. Məni dərhal tanıdı və ayağa qalxdı. Dayanan maşınlara baxırdı. Axı onun gündəlik dolanışığı bu maşınlarla bağlıdır. Elə bu an maşınların biri yerindən tərpənir. Amma Akif ona tərəf getmir. Hiss edirəm ki, mənim orada olmağım Akifin işini əngəlləyir. Akif qonaqpərvərlik göstərib, qonağını tək qoymaq istəmir. Ona görə də Akifi işindən ayırmamaq üçün dərhal söhbətə başlayıram.
Akif əslində bugünkü vəziyyətinə görə heç kimi günahkar hesab etmir. Deyir, ən böyük günah özündədür. Niyəsini soruşuram. Cavab verir ki, ən böyük səhvi həyatını idmana bağlayanda edib. Akif deyir ki, “Bəlkə də bənna və ya çilingər olsaydım, həyatım daha uğurlu olardı”.
– İdmandır da, gəldim, bir neçə il futbol oynadım, daha sonra 14 il hakimlik etdim. Axırımı da görürsən. Neçə dəfə AFFA-ya müraciət etdim. Dedim, heç olmasa məni oyunlara inspektor göndərin. Həmişə də “olmaz” cavabın eşitdim. Sumqayıt Gənclər və İdman İdarəsinə müracət etdim. Dedim, bəlkə məşqçidən-zaddan bir iş verərlər. Onlar da mənə qapını göstərdilər. Məcbur qalıb dayanacaqlara üz tutdum. Ailəmi dolandırmalıydım axı.
Akif danışır, mənə tərəf baxmır, gözü sonsuzluqlara dikilib. Sanki kimisə gözləyir. Deyir ki, dayanacaqda bəzən tanışlar yaxınlaşır, mənimlə hal-əhval edəndə bir qədər sıxılıram. Bir maraqlı xatirə də danışır: “Bir dəfə dayanan maşınların birinə yaxınlaşanda sürücü məni tanıdı və kiməsə zəng etdi. Sonra telefonu mənə uzatdı ki, müəllim, bir nəfər səninlə danışmaq istəyir. Mən də çaşıb qaldım. Kimdir? – soruşdum. Dedi ki, müəllim, vaxtilə siz mənim məşqçim olmusunuz. Sizin şəklinizi çəkib mənə göndərdilər və yol kənarında “parkovşik” işləməyinizi eşidəndə utandığımdan ölüb yerə girdim. Mən onu tanımamışdım. Nəhayət, kim olduğunu izah etdi və mən onu axır ki, tanıdım. 14 yaşında onun müəllimi olmuşdum. Cənubi Amerikada – Kolumbiyada yaşadığını dedi və məni yanına çağırdı. “Yox” dedim və sağollaşdım. Bundan sonra mən heç hara gedə bilmərəm”.
Külək gücləndikcə Akifin üşüdüyü hiss olunurdu.
– Deyəsən, üşüdün?
– Hə, bir az nasazam.
– Bəs qışın çovğununda necə edirsən?
– Onda qalın geyinirəm. (Əslində Akif indi də qalın geyinmişdi). Həm də indi bir az qripləmişəm.
– Nə qədər təqaüd alırsan?
– Nə? Pensiya deyirsən? Hələ pensiya yaşım deyil, beş il qalıb.
– Gündəlik nə qədər qazanırsan?
Akif duruxur və beynində sanki nəyisə hesablayır.
– Nə bilim, 10-12, bəzən 13-14 manat da olur.
Biz ikimiz də susuruq. Akif ona ünvanlayacağım növbəti sualı gözləyir. Mən isə Akifin əlində bayraq meydan boyu qaçdığı vaxtları xatırlayıram. Həmin Akifdən əsər-əlamət qalmayıb. Zaman hakim Akifi “parkovşik”ə çevirib. Maşınların sıra ilə düzülməsini seyr edən “parkovşik” elə bil rahatlanır, hər kəs “qaydalar çərçivəsində” maşını saxlayıb. Dərindən nəfəs alır və sığınacağına tərəf yollanır.
P.S. Akif Adıgözəlovla bağlı məsələni diqqətdə saxlayacağıq.
araz.az xəbər portalı.