Ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb.
araz.az bildirir ki, buna səbəb Noyabrın 23-də paytaxtımızın “Dərnəgül” kimi tanınan ərazisində – Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğındır. Yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxarıb.
“Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.
Taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.
Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.
araz.az xəbər portalı.