İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Reklam haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi hazırlayıb.

araz.az-ın xəbərinə görə, bu barədə Dövlət Xidmətindən bildirilib.

Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edib. “Reklam haqqında” qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti həyata keçirmək Dövlət Xidmətinin vəzifələrindən biridir.

Sözügedən vəzifənin icrası çərçivəsində Dövlət Xidməti mütəmadi monitorinqlər aparır, həmçinin hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxır. Aparılan monitorinqlər reklam subyektlərinin yayımladığı reklamlarda qanunvericiliyin tələblərinə tam əməl edilməməsi hallarının olduğunu göstərir. Aşkar olunan halların araşdırılması zamanı reklam subyektlərinin pozuntu əlamətlərinə daha çox sosial şəbəkələr də daxil olmaqla, internet informasiya ehtiyatlarında yayımlanan reklamlarda (yəni reklam bannerlərində, sosial şəbəkə paylaşımlarında internet saytlarına keçidlər və s.) yol verdiyi müəyyən edilib.

Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Dövlət Xidməti rəqəmsal platformalarda reklam fəaliyyətinin tənzimlənməsi barədə beynəlxalq təcrübəni (Fransa, Türkiyə, Rusiya, Avropa İttifaqı, Birləşmiş Krallıq) araşdırıb və bu kimi halların aradan qaldırılması üçün “Reklam haqqında” qanunda dəyişiklik layihəsi hazırlanıb. Həmin layihəyə əsasən, qanunvericiliyə yeni anlayışların daxil edilməsi, bir sıra normalara müvafiq dəyişikliklərin edilməsi, habelə internet informasiya ehtiyatlarında yayımlanan reklamların xüsusiyyətlərinin tənzimlənməsi üçün müvafiq normaların əlavə edilməsi nəzərdə tutulur.

araz.az xəbər portalı.