Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri (KTM) Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.
Qəza 1956-cı il təvəllüdlü, bir zamanlar Əbülfəz Elçibəyin müşaviri olmuş Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətbuatda Azər Maqudovun hazırda işinin başında olduğuna dair xəbərlər yayılıb.
araz.az-ın xəbərinə görə bununla bağlı Azər Maqsudov Cebhe.info-ya açıqlamasında bildirib ki, onun iş başında olub-olmamağı insanlara maraqlı olmamalıdır:
“Mən illərdir ki, bu xalqa xidmət edirəm. Niyə bundan yazmırlar? Niyə bununla maraqlanmırlar? Mən işimin başındayam, ya yox, bu məlumat niyə maraqlıdır? Bu haqda heç bir mediaya açıqlama verməyəcəyəm”.
Qeyd edək ki, Azər Maqsudov daha əvvəl göstərdiyi effektiv fəaliyyətinə, yüksək peşəkarlığına görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
araz.az xəbər portalı.