KAF rəhbəri: “İnanıram ki, Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın pozulmuş hüquqlarını bərpa edəcək”

Hüquq müdafiəçisi: “Konstitusiya Məhkəməsi üçün tarixi imkan yetişib və ümid edirəm ki, müsbət qərar verəcəklər”

Hüquqşünas: “Kontitusiya Məhkəməsi ədalətli qərar çıxarmalı və problem təcili şəkildə aradan qalxmalıdır”

Özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması səbəbindən haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi təcili həllini gözləyir. Artıq məsələ 7 aydan çoxdur ki, Konstitusiya Məhkəməsində (KM) araşdırılır, lakin hələ də bir nəticə yoxdur.

Noyabrın 14-də bir qrup çek sahibi növbəti dəfə KM-in Qəbul şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. KM yetkilisi pay sahiblərinə yenə də vəd verib. Deyib ki, 2023-cü ilin noyabr ayının axırına qədər bu məsələyə mütləq şəkildə baxılaraq aydınlıq gətiriləcək.

Pay sahibləri də ayın son gününədək gözləyəcəklərini və 30 noyabr saat 15:00-da KM-in qarşısında toplaşacaqlarını bildiriblər. Haqqı tapdanmış vətəndaşlar əmindirlər ki, haqq-ədalət naminə, qanunlara, dövlətə və dövlət başçısına arxalanaraq, birlik nümayiş etdirərlərsə, haqlarını hamılıqla birlikdə tələb edərlərsə, bu birlik mütləq şəkildə müsbət nəticə doğuracaq və tarixi ədalət təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı KM-ə müraciət ünvanlayıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları hazırda KM-in qarşısında duran bir nömrəli məsələnin özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsi olduğunu bəyan edirlər. Hansı ki, onların sayı bir milyondan artıqdır.

Konstitusiya Araşdırmaları Fondunun (KAF) prezidenti, hüquqşünas, keçmiş deputat Əliməmməd Nuriyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, KM tarixi ədaləti bərpa etməlidir: “Əhaliyə əvəzsiz olaraq özəlləşdirmə çeklərinin paylanılması barədə fərmanda və bununla bağlı qanunvericilikdə aydın şəkildə göstərilib ki, özəlləşdirmə payı qiymətli dövlət kağızıdır və heç bir halda zamanla məhdudlaşdırıla bilməz. Eyni zamanda qanunvericilikdə digər məqamlar da öz əksini tapıb ki, bu da pay sahiblərinin hüquqlarının qorunmasını özündə ehtiva edir”.

“13 ilə yaxındır ki, yüzminlərlə vətəndaş – hətta onların sayının daha çox olduğu bildirilir – qiymətli dövlət kağızları əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları da onlarla həmrəylik nümayiş etdirir. Nəzərə alanda ki, hüququ pozulan vətəndaşların sayı çoxdur və onların fərdi qaydada hüquqi mübarizəsi çətindir, onların vəkilləri vasitəsilə Konstitusiya Məhkəməsinə müraciəti təqdirəlayiqdir”, – deyə KAF rəhbəri bildirib.

Nuriyev KM-in məsələyə həssas yanaşacağına, problemi tez və dəqiqliklə araşdıracağına və ədalətli qərar verəcəyinə ümid edir: “Məsələyə reaksiya ən yüksək səviyyədədir. Hesab edirəm ki, nəhayət, ən yaxın zamanda bu problem öz həllini tapacaq və Konstitusiya Məhkəməsi yüzminlərlə vətəndaşın pozulmuş hüquqlarını bərpa edəcək”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da AYNA-ya şərhində söyləyib ki, həm hökumət, həm də KM vətəndaşların xeyrinə qərar qəbul etməkdə maraqlı olmalıdır: “Əvvəla ona görə ki, bu, pay sahiblərinin konstitusion hüququdur. Digər tərəfdən Azərbaycan hökuməti bu problemi həll etmək iqtidarında və gücündədir. Nəzərə almaq lazımdır ki, problem bir qrup işbaz məmurun laqeydliyi və özbaşınalığı üzündən bu səviyyəyə gəlib çatıb. Uzun müddət də belə açıq saxlanıla bilməz”.

“Məhrum Prezident Heydər Əliyevin özəlləşdirmə payları ilə bağlı fərmanında açıq şəkildə qeyd olunurdu ki, bu vauçerlər yalnız şəxsin arzusu və istəyi əsasında satışa çıxarıla, hədiyyə oluna bilər. Tədavüldən düşməsi, dəyərini itirməsi kimi məqamlar yox idi. İndi də vətəndaşlar tələb edir ki, imkan yaradın, biz də əlimizdə qalan vauçerlərdən istifadə edək”, – deyə həmsöhbətimiz vurğulayıb.

Cəfəroğlu KM-in müsbət qərar verməsinin tarixi ədalətin təntənəsi olacağını söyləyir: “Bu, onsuz da nə zamansa öz həllini tapacaq. Problemi gələcək nəsillərə saxlamaqdansa, bu gün həll etmək lazımdır. Bu baxımdan Konstitusiya Məhkəməsi üçün də tarixi imkan yetişib. İnanmaq istəyirəm ki, onlar müsbət qərar verəcəklər”.

Öz növbəsində hüquqşünas Namizəd Səfərov da AYNA-ya bildirib ki, bu sahədə yaranmış problem ədalətli şəkildə həllini tapmalıdır: “Özəlləşdirmə prosesi vətəndaşların iştirakı olmadan başa çata bilməz. Amma nə baş verib? Bu gün xeyli sayda vətəndaş özəlləşdirmə payları, qiymətli dövlət kağızları əlində tarixi ədalətin nə zamansa zühur edəcəyi günü gözləyir. Bu qiymətli dövlət kağızları dəyərsiz kağız parçasına çevrilib”.

“Əgər biz hüquqdan danışırıqsa, vətəndaşlara imkan yaradılmalıdır ki, bu hüququndan istifadə etsinlər. Bunu uzatmağın, etinasız yanaşmağın bir mənası yoxdur. Çünki ortada kütləvi şəkildə hüquq pozuntusu faktı var. Baş verənlər dövlət və hüquq anlayışına uyğun gəlmir. Dövlət öz vətəndaşına təminat verməlidir”, – deyə ekspert diqqətə çatdırıb.

Səfərov KM-in düzgün və ədalətli qərar vermək məcburiyyətində olduğunu qeyd edib: “Bir qrup Qarabağ müharibəsi və əmək veteranının Konstitusiya Məhkəməsinə müraciətindən xəbərdaram və bunu əsaslı hesab edirəm. Kontitusiya Məhkəməsi də vətəndaşların xeyrinə qərar verməlidir. Təcili olaraq bu problem aradan qalxmalıdır”.

QEYD

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

 

Aydın GƏRAY,

araz.az xəbər portalı.