Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışmışdır. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir.
araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin deyilir: “Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib. Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimiz ilə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Lakin Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur.
Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966), Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır.
Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla, Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır. Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir.
Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir”.
araz.az xəbər portalı.