Tərkibində Türkiyənin Basın İlan Kurumu Genel Müdür Yardımcısı Mesut Onatın, Balıkesir Jurnalistlər və Yazarlar Cəmiyyəti başqanı Semra Aman Akyürekin və Türk İnternet Media Birliyinin sədri Süleyman Basanın yer aldığı qardaş ölkənin nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

araz.az bildirir ki, qonaqları salamlayan MŞ sədri Rəşad Məcid son vaxtlar Azərbaycan-Türkiyə media təmaslarının artmasından, qarşılıqlı əlaqələrin Azərbaycan və Türkiyə dövlətlərinin bütün sahələrdəki dinamik münasibətlərinin ahənginə uyğunluğundan və adekvatlığından məmnunluğunu dilə gətirib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açan MŞ sədri onun başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının da qatıldıqları görüşdə Azərbaycan-Türkiyə media əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin, iki ölkənin media birliklərinin və qurumlarının xüsusən də İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi həmrəyliyin dezinformasiyalarla mübarizədə, əsl həqiqətlərin dünyaya çatdırılmasında müstəsna rol oynadığı bildirilib. Qarşıdakı müddətdə mövcud təcrübəni genişləndirmək üçün daha sistemli və ardıcıl fəaliyyət göstərilməsinin aktuallığı əsaslandırılıb.

 

araz.az xəbər portalı.