Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı vətəndaşlardan və ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan araz.az-a verilən xəbərə görə, araşdırma zamanı “Holidays Tour” MMC hüquqi şəxsi və onun vəzifəli şəxsi tərəfindən vətəndaşların əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, “İnam 2019” MMC-nin vəzifəli şəxsi tərəfindən isə əməyin mühafizəsi qaydalarının pozulması, “Alıoğlu Construction” MMC-nin vəzifəli şəxsi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Məmmədov tərəfindən isə işçilərin əmək haqqının ödənilməsi zamanı qanun pozuntularına yol verilməsi halları müəyyən edilib.
Qeyd olunan hüquqpozmalar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1, 192.4 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və müvafiq səlahiyyətli quruma göndərilib.Səlahiyyətli qurum və müvafiq rayon məhkəmələrin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində, vəzifəli şəxslər isə 5 min manatadək müxtəlif məbləğlərdə inzibati qaydada cərimə olunub.
araz.az xəbər portalı.