Gəncə şəhəri M.Hadi adına 10 nömrəli tam orta məktəbdə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan “Zəngəzur Azərbaycandır: arxiv sənədlərinin dili ilə” layihəsinin təqdimatı keçirilib.
araz.az bildirir ki, təqdimatda çıxış edən məktəbin direktoru Arzu Əliyeva Zəngəzur mahalının Azərbaycanın tarixi ərazisi olduğunu, buna görə də qədim torpaqlarımızın tarixinin dərindən tədqiqi və öyrənilməsinin vacibliyini bildirib.
“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB sədri, Əməkdar jurnalist Şəlalə Həsənova layihə çərçivəsində arxiv materialları əsasında hazırlanan zangazur.info saytı və “Arxiv sənədləri sübut edir: Zəngəzur Azərbaycandır” kitabı haqqında məlumat verib. Bildirilib ki, rus dilində fəaliyyət göstərən elektron informasiya resursunda Rusiya, Gürcüstan və Ermənistanın milli arxivlərindən əldə edilmiş 300-ə yaxın sənəddən istifadə olunub və müxtəlif illərdə 39 kəndə köçürülən erməni ailələri, onların fəaliyyəti və s. sübut edən 50 unikal arxiv sənədi yerləşdirilib. Həmçinin əzəli yurdumuz Zəngəzurda məskən salan azərbaycanlı yarım köçəri və oturaq tayfalar ilk dəfə olaraq bu kitabda işıqlandırılıb. Burada məskunlaşma ilə bağlı müxtəlif illərdə aparılan statistik nəticələr müqayisəli şəkildə təqdim olunub.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəliyinin sədri, professor Mübariz Yusifov və teleaparıcı İnqilab Şirinli xalqımızın Qarabağ həsrətinə rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyev sayəsində Vətən müharibəsi ilə son qoyulduğunu və bundan sonra Şərqi Zəngəzur İqtisadi Zonasının yaradılmasının, Qərbi Azərbaycan İcmasının formalaşmasının əzəli, dədə-baba torpaqlarımıza, Zəngəzura qayıdışa ümidləri artırdığını bir daha diqqətə çatdırıblar.
araz.az xəbər portalı.